📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda nə istehlakçı hüquqları qorunur, nə də insan hüquqları - ​​​​​​​15 mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi günüdür

2022-03-15 14:45:00

Azərbaycanda nə istehlakçı hüquqları qorunur, nə də insan hüquqları - ​​​​​​​15 mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi günüdür

Bu il ilaxır çərşənbəsi gününə təsadüf edən 15 mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi günü kimi 1983-cü ildən qeyd edilir. Bu günün tarixi isə 1962-ci ildə ABŞ prezidenti Con Kennedinin Konqresdə çıxışından qaynaqlanır. Düz 60 il əvvəlin bu günündə  Kennedi Konqresdəki çıxışı ilə 15 martı  Dünya İstehlakçıları Günü elan edib :”Biz hamımız istehlakçıyıq” deyən prezident istehlakçıların böyük iqtisadi güc olduğunu, məhsulların alqı-satqısı, xidmətlər sektorunda keyfiyyət problemlərinin aradan qaldırılmasının vacibliyini də vurğulayıb.

 Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində hüquqi baza yaradılsa da, 19.09.1995-ci ill tarixli “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun qəbul edilsə də, digər qanunvericilik aktları kimi, kağız üzərində “qüvvədədir”. Tam əminliklə deyə bilərik ki, ölkədə istehlakçı hüquqları qorunmur. 27 maddədən ibarət 27 il qabaq qəbul olunan qanunun yalnız 27-ci maddəsinə az – çox əməl olunaraq Azad İstehlakçılar Birliyi (AİB) yaradılıb. Birliyin və onun sədri Eyyub Hüseynovun istehlakçıların hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər misilsizdir. Bu ictimai qurum hətta məhkəmələrdə də istehlakçı hüquqlarının müdafiəsini həyata keçirirdi. Hər 15 martda şəhərin mərkəzində “istehlakçıların bayramı”nı küçə yürüşü ilə qeyd edən  AİB-in populyarlığı hökumətdə qıcıq yaratdı, ya nədənsə, sonradan  ictimai birliyə süni maneələr yaradıldı. Buna baxmayaraq, Azad İstehlakçılar İctimai Birliyi bu gün də istehlakçı hüquqlarının qorunması sahəsində öncüllüyünü qoruyur. Bəs hökumət qurumu necə? Əvvəllər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin adı dəyişdirilərək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əvəzlənib. Bu dövlət xidmətinin işi isə istehlakçıların şikayətlərimdən rüşvət amacı ilə yararlanmaqdan o yana keçməyib. Təsəvvür edin, piştaxtada qoyulan malı satmaqdan imtina edən marketin bu açıq -aşkar hüquq pozuntusunu xidmət ( rəisi Zahid İsayev)  marketin müstəsna hüququ sayır! Nizami rayonu, Bəhruz Nuriyev -14 ünvanında 50 ilin kitabxanasını gizlincə “qutabxanaya” çevirən Nizami RİH ilə ƏMDK-nın   “Eviniz” ticarət obyektininin istehlakçı hüquqlarını pozmasına,  vergidən yayınmasına, adi ƏDV çeki verməkdən imtinasına son qoymaqda da İqtisadiyyat Nazirliyi maraqlı görünmür.

Təbii inhisarçı xidmət qurumlarının özbaşınalığına,  inhisarçı mövqelərindən yararlanaraq xidmətdən imtina etmələri bir yana, məhkəmə təminatı hüququna da qadağa qoymalarına  İqtisadiyyat Nazirliyi nəinki hüquqi qiymət verilməsini təmin edir, əksinə, istehlakçını , haqqı pozulanı yox, hüquq pozucusunu “dövlət səviyyəsində” müdafiə edir. Belə təsəvvür yaranır ki, “İstehlakçı həmişə haqlıdır” prinsipi “İstehlakçı həmişə haqsızdır” ilə əvəz olunub. “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası qanunlarının , uyğun olaraq 11-ci, 13-cü və 23-cü maddələrində fiziki şəxslərin, məişət qaz qurğularından istifadə edən istehlakçıların enerji, qaz , su sayğacları ilə TƏCHİZATININ,  QURAŞDIRILMASININ VƏ DƏYİŞDİRİLMƏSİNİN xidmət qurumunun vəsaiti hesabına həyata keçirilməsi doğrulansa da, hər xidmət qurumunun özünün “ÖZBAŞINALIQ QANUNU”- QANUNSUZ XİDMƏT HAQQI QANUNU QÜVVƏDƏDİR. Məhkəməyə gəldikdə, qanunu, Konstitusiyanı tətbiq etməli olan məhkəmə xidmət qurumlarının RÜŞVƏT  HAQQINI tətbiq edir! Təsəvvür edin, “Azərişıq”, “Azəriqaz” , “Azərsu” 30 ilin bağına işıq, qaz, su çəkilməsindən imtina edir ki, “şərt haqqı” ödınməyib, Bakı İnzibati Məhkəməsinin hakimi Fərid Mədətli də bu haqqa  haqq qarşılığında elə haqq qazandırır ki, 2 ildir heç qərarını da vermir. Yeri gəlmişkən, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 26-cı maddəsinə əsasən, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı verilən iddialara görə dövlət rüsumu ödənilmir . Məhkəmələrin ya savadsızlıqdan,  ya da rüşvətxorluqdan, bu maddəni də tətbiq etməmələri ciddi qanun pozuntusudur. Mülki Prosessual Məcəllənin tələbinə görə isə, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı iddialar üzrə məhkəməni seçmək hüququ iddiaçıya məxsus olduğu halda , buna da əməl edilmir. Bakı şəhəri, Nizami rayon məhkəməsi (hakim Fikrət Mirzəyev və indi də  Ülkər Yusifova) 6 ildir və  11 aydır “Kapitalbank”ın Nizami filialına  (indi həm də Beynəlxalq Bankın Nizami filialına) qarşı iddianı iddiaçıdan xəbərsiz “aidiyyatı” məhkəməyə” göndərib, it-bata salmaqla bankın 3-5 manatına vəkillik edirlər.

Nə isə, istehlakçı hüquqlarının müdafiə olunmamasını faktlarla ortaya qoysaq, bir qəzet səhifəsinə sığmaz. Ədalət adına onu da vurğulayaq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə Məmməd Abasbəyli rəis təyin ediləndən istehlakçı hüquqlarının qorunması sahəsində canlanma hiss olunur. Enerji sahəsində istehlakçı hüquqlarının müdafiəsinə təhkim edilən Energetika Nazirliyi və yanındakı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin işi isə qanuna yox, “enerji dələduzlarının” qanunsuz rüsum haqqına uyğun həyata keçirilir; yəni istehlakçı hüquqlarının müdafiəsindən imtina edilir.  Fikrimizcə, enerji sahəsində də istehlakçı hüquqlarının müdafiəsi İqtisadiyyat Nazirliyinə verilməlidir.

…Azərbaycan Respublikasının Prezidentindən tutmuş körpəsinə kimi hamı istehlakçıdır. 15 mart -ilaxır çərşənbəsi, istehlakçı günü xeyirli -uğurlu olsun!

Məğrur BƏDƏLSOY