Azərbaycanda qəbul edilən dövlət standartlarının sayı 3 dəfəyə yaxın artıb
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib.
Hurriyyet.net APA istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində bildirib.
Onun sözlərinə görə, ötən ilin müvafiq dövründə 221 yeni dövlət standartı qəbul edilmişdi. Beləliklə, yeni standartların sayı illik müqayisədə 2,8 dəfə və ya 180,5% artıb.
İlqar Həsənov qeyd edib ki, cari ilin 9 ayında qəbul edilmiş yeni standartlardan 92-si nəqliyyat, 62-si qida texnologiyası və kənd təsərrüfatı, 43-ü isə mebel sahəsini əhatə edib.
Agentlik rəsmisi əlavə edib ki, son illərdə dövlət standartlarının qəbulunda əhəmiyyətli artım müşahidə olunur. Belə ki, 2021-ci ildə 36 dövlət standartı qəbul edildiyi halda, 2025-ci ildə bu göstərici 345-ə çatıb. Nəticədə 2021-ci illə müqayisədə 2025-ci ildə qəbul edilən standartların sayı 9,6 dəfə artıb.