Azərbaycanda qışa doğru bahalaşma sürətlənəcək - Kərə və bitki yağları kəskin bahalaşacaq
Bitki və kərə yağları, un və un məhsulları qışa doğru bahalaşmaqda davam edəcək. Səbəb çox sadədir. Azərbaycan bitki və kərə yağının idxalından asılı bir ölkədir. Və hər il idxaldan asılılıq da artır. Son günlər pərakəndə satış nöqtələrində bitki və kərə yağlarının kəskin bahalaşması hər birimizi narahat edir. Bu bahalaşma əslində idxalla bağlı prossesin yekunlaşdığı, bazar tələbinə uyğun təklif bankının fomralaşadırılmamasının səbəbidir.
Rusiyanın Ukraynaya qarşı işğala başlamasından sonra bu gözlənilən idi. Dünyanın ərzaq təminatı üzrə zinciri qırılmaq üzrədir. Təminat yollarında daşınma problemləri kəskin şəkildə özünü biruzə verməyə başlayıb. Azərbaycan idxal infilyasiyasından ciddi əziyyət çəkir. Daha doğrusu gəlirlərində artım olmayan sadə azərbaycanlı idxaldan asılılıq baxımından daha çox əziyyət çəkir. Hökumət isə idxal infilyasıyasının əhalinin yaşamına ağır təsir etməsini heç olmasa yüngülləşdirmək üçün heç bir addım atmır.
Rəsmi statistik məlumatları müqayisə edəndə görürük ki, Azərbaycan bitki və kərə yağlarının idxalı ilə bağlı olaraq təminat problemləri yaşamaqdadır. Xüsusilə Ukrayna, Rusiya və Türkiyədən asılı durumda olan ölkəmiz adını çəkdiyim üç dövlətin müxtəlif problemlərlə rastlaşdığı bir zamanda qiymət artımını açıq şəkildə hiss edir. Türkiyədə az qala 100 faizə çatan infilyasiya, Rusiyaya tətbiq edilən maliyyə və logistik sanksiyalar, Ukraynadakı bəlli vəziyyət Azərbaycana da təsir edir. Və təəssüf ki, bu təsirlər hələ uzun müddət davam edəcək.
“Hürriyyət” xəbər verir ki, statistikaya görə 2020-ci ildə Azərbaycana 73 milyon 302 min dollarlıq 14 min 891 ton kərə yağları, 150 milyon 744 min dollarlıq 144 min 355 ton bitki yağları idxal edilib. Bu pandemiya dönəmində baş verib.
2021-ci ildə isə Azərbaycana 70 milyon 112 min dollarlıq kərə yağları, 190 milyon 737 min dollarlıq bitki yağları idxal edilib.
İdxal edilmiş kərə yağlarının miqdarı 13 min 480 ton, bitki yağlarının miqdarı isə 135 min 985 ton təşkil edib.
2022-ci il başa çatmayıb. Lakin cari ilin birinci yarısına dair statistik məlumatlara əsaslansaq, deyə bilərik ki, bu il kərə və bitki yağlarının idxalı ötən iki illə müqayisədə kəskin şəkildə azalıb. İlin ilk yarısına görə idxal statistikasına əsasən bu məhsulların hələ ki, ötən ilin eyni dövrü ilıə müqayisədə 30 faizə qədər azdır.
İlin bitməsinə cəmi iki ay qalıb. Bu isə o deməkdir ki, Azərbaycan 2022-ci ildə idxal etməli olduğu kərə və bitki yağlarının ən yaxşı halda 75 faizini təmin edəcək. Bu isə bazarda qıtlığın yaranmasına səbəb ola bilər.
Eyni zamanda daşınma xərclərinin artması, idxal edilən yağların maya dəyərinin artması Azərbaycanın daxili bazarında pərakəndə satış qiymətlərini az qala hər gün artıracaq. Hər halda hökumət qışa qədər vəziyyəti sabit saxlamaq üçün praktik addımlar atmalıdır. Əks halda davam edən infilyasiya bir az sürətlənəcək.
A.Abas