📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycanda siyasi amnistiyaya böyük ehtiyac var”

2021-10-12 11:51:00

“Azərbaycanda siyasi amnistiyaya böyük ehtiyac var”

Elman Mustafazadə: “Avropadakı insanlar o amnistiya sayəsində Azərbyacana xeyir verə bilərlər”

“Mahir Cavadov dedi ki, İlham Əliyevi müdafiə etsəm, məni burada incidirlər...”

“Azərbaycanın Dostları Cəmiyyətinin” sədri, hazırda Hollandiyada yaşayan tanınmış ziyalımız Elman Mustafazadə ilə rəhbərlik etdiyi təşkilatın, eləcə də xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti ilə bağlı söhbət etdik.

- Sizcə, diplomatik və beynəlxalq münasibətlər səbəbindən deyilə bilməyənləri dövlətin dəstəklənməsi yönündə xaricdəki soydaşlarımız necə ifadə edtməlidir?

- Bu gün ermənilərin bütün Avropa ölkələrində dövlət və milli maraqlarını əks etdirən qəzetləri, jurnalları, özəl telekanalları var. Bizdə nə var? Bizdə özəl TV-lər açıblar, bilmirsən hansı partiyaya, kimə qulluq edirlər. Bir söz desən, sənin nəsil-kökünü öz səviyyələrində ortaya qoyacaqlar.

Diaspor Komitəsinin keçmiş sədri Nazim İbrahimov öz dəstəsi ilə Avropaya gələrdi, hərəsi özü ilə "maloletka" qız gətirər, kef çəkib gedərdilər. Azərbaycanı təbliğ etməyə kimi gətirərdilər -Anar Nağılbaz, Elza Seyidcahan. Hələ mən gözləyirəm ki, Nazim İbrahimov haqda bir komissiya yaradılacaq, onun barəsində cinayət işi qaldırılacaq. Bu edilsə, bütün sonra gələn adamlara görk olar. Onlar hamısı bilərlər ki, dövlətin əmlakı, dövlətin pulunu sağa-sola, lotuluğa-potuluğa xərcləmək olmaz. Komissiya yaradılıb Nazim İbrahimov həbs olunmalıdır və həmin dövrdə onunla bu cinayətlərdə kim iştirakçı olub, pul yuyulmasında əlləri var, hamısı həbs olunmalıdırlar.

- Bu yaxınlarda Mahir Cavadovun əfv edilməsi barədə dövlət başçısına müraciət ünvanladınız. Sizcə, dövlətin siyasi mühacirlərə münasibəti necə olmalıdır?

- Mahir Cavadovun dədə-babasını hələ sovet vaxtından tanıyıram. Biz Zəngəzur kökənliyik. İstəsən də, istəməsən də bu camaatda dədə-baba dostluğu, düşmənçiliyi var. Bu insanlar gedib hər hansı başqa yerdə yaşasalar belə, bu ənənənin qarşısını almaq mümkün deyil. Bu mahalın insanlarında qohumbazlıqdan çox, haqq-salam dostluğu var. O cümlədən də Qarabağın ağsaqqallarından biri Bəxtiyar Cavadov olub, Mahir Cavadovun atası. Onun anası isə sayılıb-seçilən seyid Lazım ağanın bacısı qızı olub. Mahir Cavadov əvvəl Avropaya gələndə ondan çox məharətlə istifadə edirdilər. Mən o vaxt çox istədim ki, Mahirə təsir edim, amma sözüm keçmədi, arada umu-küsü yarandı. Sonra o, İrana getdi. Ara-sıra danışardıq, amma mən yenə ona deyirdim ki, sənin atdığın addım səhvdir. Avropada da onun tərəfdarları var idi. Yenə də mən yorulmadan səhv olduğunu sübut etməyə çalışdım. Mənim son cəhdlərim zamanı o, artıq tək qalmışdı. Ətrafındakılar ondan uzaqlaşmışdı. Mahir Cavadov saf insandır. İndi vəziyyəti pisdir. Mən bu çətin vəziyyətində özümü Avstriyaya yetirdim. Söhbət etdik. 2 günlük getmişdim, on gün qaldım. Onun ev şəraitini düzəltdik. Səhhətində çox ciddi problemlər var. Həkimə getmirdi, güclə həkimə apardım. Vaksinasiya olundu. O, səmimi adamdır. Onun ikiüzlülüyü yoxdur. Mən onun özündən eşidəndə ki, "İlham Əliyevin atdığı addımları nə ondan əvvəlkilərin, nə sonrakıların atması mümkün deyil", ona dedim ki,  bəs sən nə düşünürsən. O dedi ki, İlham Əliyevi müdafiə etsəm, məni burada incidirlər. Bir dəfə belə demişdim... Dedim, yaxşı Mahir bəy, gəl üz-üzə oturaq. Əgər bir insana rəğbətim varsa, mən kimə isə baxmalıyam? Dedi mən də elə fikirkləşirəm.

Bu söhbət orda qaldı. Mən onun müalicəsi ilə məşğul oldum. Mərdi qova-qova namərd etmək asandır. Biz azərbaycanlıyıq, dağ adamıyıq. Mən o dağların oğluyam. Hər zaman yıxılanın yanında olmuşuq. Biz həmişə əzilənin yanında olmuşuq, əzənin yox. Ona görə, Mahir Cavadov bu gün düz yoldadır, səmimidir. O, əfv istəyib. Mən çox istərdim ki, ölkə rəhbəri onu əfv etsin. O mənə demişdi ki, mən Laçına qayıtmaq istəyirəm. 31 ildir qürbətdə yaşayıram, onun ağzından bir kəlimə pis söz eşitməmişəm. O heç vaxt şayiə yaymaz, söz gəzdirməz.

Deyirlər ki, Rövşən Cavadovu Mahir güdaza verdi, amma belə deyil. Mən Bəxtiyar Cavadovla saatlarla telefonla danışmışam. Bəlkə də MTN-də danışıq səsimiz var. Mən sizə iki fakt deyəcəm. Rövşən Cavadov qəhraman idi, bunu inkar etmək namərdlik olar. Onun Azərbaycan üçün böyük xidmətləri var. Bu ailə Azərbaycan üçün canlarından keçərdi. Amma bir reallıq da var. Heydər Əliyev heç vaxt bu ailəyə düşmən olmayıb. Bunu rəhmətlik Bəxtiyar əmi də deyib. Heydər Əliyev onların ailəsinə xüsusi yanaşıb. Sovet vaxtı da. Çünki bunları mərd adam kimi tanıyıb. Heydər Əliyev zəng edib Rövşən Cavadova deyib ki, oğlum, gəl görüşək. Rövşən Cavadovun yanına yeləşdirilmiş adamlara OMON mane olurdu. Rövşən Cavadov isə deyir ki, yox, cənab prezident, mənim ayağım ağrıyır, indi gələ bilmirəm...

Diqqət edin, ölkənin prezidenti DİN rəhbərinin müavinini çağırır ki, “oğlum, gəl görüşək”. Heydər Əliyev hələm-hələm adama “oğlum” sözü demirdi. Rövşən deyir ki, mənim ayağım ağrıyır. Vəziyyət gərginləşir. Rövşən Cavadova Allah rəhmət etsin, amma faktları demək lazımdır.

İlham Əliyev de-fakto Heydər Əliyevdən sonra ölkədə 2-ci adam idi. İlham Əliyev Rövşən Cavadova zəng edib deyir ki, Rövşən bəy, gəlirəm yanına. Anlaşılmazlıq ola bilər, iki qardaş oturaq söhbət edək. Rövşən Cavadov deyir ki, hamı kimi qəbuluma yazıl, növbəniz çatanda gələrsiniz. Bilirsinizmi, bu cür şeylər var. Deyir, imam üçün ağlayanda yezid üçün də ağla. Səhvlər olub. Amma tarixdə qalıb. İndi vəziyyət fərqlidir. Birincisi, Mahir Cavadov xəstədir. İkincisi, səmimidir. İlham Əliyevi dəstəkləyir. Bu gün Avstriyada qara qüvvələr var, Mahir Cavadovun üstünə qalxıblar. Səmimi deyirəm. Özü də çox qəribədir ki, dövlət səviyyəsində qalxıblar. Belə bir anda nə etmək lazımdır?! Ölkə rəhbərliyi əfv etməlidir, ölkəyə gətirməlidir. Gəlsin, bir müddət müalicə olunsun. Ehtiyacı var. Amma bayrağımıza and olsun, əgər Mahir Cavadov deyirsə ki, “prezidentin yanındayam”, onun sözü ilə əməli birdir. O, siyasətçi deyil. Siyasətçi başqa şeydir. Siyasətçi odur ki, bir-birinin anasına-bacısına söyürlər, sonra bir-birilə görüşüb-öpüşürlər. Burada belə müxalifətçilər görmüşəm. Mahir Cavadov belələrindən deyil.

-Necə düşünürsünüz, Azərbaycanda siyasi amnistiyaya ehtiyac varmı? Ümumiyyətlə, siyasi barışıq ölkəyə nələr qazandıra bilər və mühacirlərin qayıdışına imkan yaradılarsa, sonrakı sürəc necə nizamlanmalıdır?

-Bu gün siyasi amnistiyaya böyük ehtiyac var. Bu siyasi amnistiya üçün bir komissiya yaratmaq olar. Burada da yanlışlığa yol vermək olmaz. Buradakı insanlar o amnistiya sayəsində Azərbyacana xeyir verə bilərlər. Burada çox yaxşı həkimlərimiz, hüquqşünaslarımız, MTN əməkdaşları var, hansı ki, ağızlarını açıb dövlətin əleyhinə bir kəlimə danışmayıblar. Onları hansısa məmurlar küsdürüb, vətəndən didərgin salıb. Onları nə Heydər Əliyev, nə İlham Əliyev küsdürməyib. Hansısa alçaq məmurun üzündən gəlib Avropaya düşüblər. İndi bu adamların ömrünün qürub-ahıl çağıdır. Əksəriyyəti 60-70 yaş arasındadır. Mütləq bir amnistiyaya ehtiyac var. İnanın ki, bu qərar ölkə rəhbərinin xeyrinə olar. Həm də onlar qayıtsalar gözəl, sağlam ideyalar - vəfa, səmimiyyət aparacaqlar. Bilirsiniz də Azərbaycan səhiyyəsi nə gündədir - pulun yoxudrsa, yıxıl öl. Amma məmurlar özləri gəlib Avropada müalicə olunurlar. Burdakı azərbaycanlı həkimlər isə işləməkdən ötrü diplom təsdiqi üçün yenidən təhsil alıblar. Buranın qanunlarını aparmaq lazımdır ora.

Avropa haqda pis fikirlər dolaşır, amma bu gün Avropanın bəlkə də ən tərbiyəli ölkəsi Hollandiyadır. Burada heç kimin başqasını məcbur etmək haqqı yoxdur. Hamı bir-birini tanıyır. Vaxtilə bizim gəncliyimizdə yazıçılar, şairlərlə görüşlər olardı. Onların xatirələrini eşidərdik. Bu gün millət yorulub Faiq Ağayevlərə, Seyidcahana qulaq asmaqdan. Bu, çox pisdir.

- Xaricdə yaşayan bir çox tanınmış insanların Şuşaya səfəri təşkil edildi. Sizə dəvət gəlmədi?

-Xeyr. Hamını Şuşaya dəvət etsələr də, məni dəvət etmədilər. Heç istəmirdim də. Səhhətim yaxşı deyil, müalicə olunuram. İstəyirəm oraya sağlam gedəm. Həm də mən Şuşaya ağlamaq üçün getmək istəmirəm. İstyirəm Şuşaya elə adamlarla gedim ki, onlar o torpaqda nə isə qurub-yaratsınlar. Belə bir ideyamız var. Sadəcə, səhhətim bir az yaxşılaşsın. İnşallah, belə bir planımız var.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA