📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda Təqaüdçü Həkimlər Birliyi yaradılır – SƏXAVƏT ƏLİSOYDAN AÇIQLAMA

2022-02-06 13:35:00

Azərbaycanda Təqaüdçü Həkimlər Birliyi yaradılır – SƏXAVƏT ƏLİSOYDAN AÇIQLAMA

“Bir neçə həmkarımla məsləhətləşib Təqaüdçü Həkimlər Birliyi ( THB) yaratmağa qərar verdik”. Hurriyyet.az xəbər verir ki, bu haqda təqaüdçü həkim Səxavət Əlisoy məlumat verib.

S.Əlisoy bildirib: “30-40 il insanların sağlamlığı keşiyində dayanan həkimi ayda 200-300 manat pensiya ilə yaşamağa məhkum etmək çox böyük ədalətsizlikdir.

Hər hansı bir obyektin keşiyini çəkən sıravi polis nəfəri, yaxud, hərbi xidmətini mətbəxdə sona vermiş gizir həkimdən iki-üç dəfə artıq pensiya alır.

Nə polis nəfərinin, nə də, hərbçi gizirin gördüyü işin əhəmiyyətini azaltmaq fikrində deyiləm.

Həkimin cəmiyyət üçün nə qədər gərək olduğunu da isbatlamaq  istəmirəm.

Haliyədə yaşadığımız pandemiya dövrü bir daha həkimliyin cəmiyyət üçün nə qədər faydalı bir peşə olduğunu ortaya qoydu.

Pensiyaya çıxmış həkimin tibbi sığortası yoxdursa, bu, daha da dözülməzdir.

Yaşı 65-dən yuxarı olan hər bir şəxsin, o cümlədən həkimin də bir neçə xroniki xəstəliyi var və qocalıq dövründə o xəstəliklərin kəskinləşməməsi üçün vaxtlı-vaxtında tibbi müayinədən keçərək, zəruri dərman preparatlarını qəbul etməsi lazımdır.

200-300 manat pensiya ilə bunu necə etmək olar?

Nədən həkimlər dövlət qulluqçusu statusuna malik deyil? Ki, daha yüksək pensiya ala bilsin...

Bu tipli problemləri yaradacağımız THB-də müzakirə edib hökumətin, müvafiq qurumların nəzrinə çatdırmaq niyyətindəyik.

THB siyasətdən kənar bir ictimai təşkilat olacaq.

THB nə bir siyasi qurumun yanında olacaq, nə də, hər hansı bir siyasi təşkilatın THB-nin işinə müdaxilə etməsinə izin verəcək. Məqsədimiz həmkarlarımızın haqq etdikləri qayğıya qovuşmasına yardım etməkdir.

Hörmətli həkimlər, buyurun, fikrinizi bildirin”.

S.Əlisoy onu da deyib ki, THB-yə təkcə təqaüdçü həkimlər deyil, digər yaş qrupundan olan həkimlər də üzv qəbul ediləcək.

Hurriyyet.az