📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda uşaqlar da vaksin olunacaq?

2021-09-07 13:52:00

Azərbaycanda uşaqlar da vaksin olunacaq?

Səbinə Nurəliyeva: "Uşaqlar məktəbdə və bağçada toplum şəkildə olur. Məktəb yaşlı uşaqlara tətbiq olunacaqsa, sonra da aşağı yaşlı uşaqlara da tətbiq olunar"

Könül İsmayılova: "COVID-19 uşaqlarda da xəstəlik törətməsi artıq məlumdur, lakin, xəstəliyin ağırlıq dərəcəsi və gedişatı araşdırılarkən müxtəlif yaş qrupları arasında fərqli nəticələr müşahidə olunub"

Türkiyədə 12 və bu yaşdan yuxarı olan bütün məktəblilərə yeni növ koronavirusa qarşı peyvənd tətbiq etmək mümkün olacaq. Bunu Türkiyənin Səhiyyə Nazirliyinin ölkədə məktəblərin yeni tədris ilinin açıldığı ərəfədə yaydığı tövsiyə xarakterli məlumatında bildirilib. Qeyd edilib ki, sözügedən yaş qrupunda olanlar, xroniki xəstəlikləri olsa belə, valideynlərinin razılığı əsasında peyvənd olunmaq hüququna malikdirlər.

Xatırladaq ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaradılan Elmi Şuranın iclasından sonra 18 və yuxarı yaşda olan universitet tələbələrinə, o cümlədən məktəblilər arasında da 15 və bu yaş həddindən yuxarı olan yeniyetmələrə vaksinasiya hüququ verildiyini bildirmişdi.

Artıq, Azərbaycanda da 12 və bu yaşdan yuxarı olan uşaqlara COVID-ə qarşı peyvənd vurulması məsələsi müzakirə olunmaqdadır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov yaydığı açıqlamada bildirmişdi ki, uşaqlar infeksiyanın mənbəyi kimi yaşlı nəsli yoluxdura bilər və bu, daha təhlükəli hesab olunur:

"Pandemiyanın ilk vaxtlarından uşaqlar böyüklərə nisbətən koronavirus xəstəliyini daha yüngül keçirirlər. Onlar yoluxsalar da, daha çox simptomsuz olurlar. Uşaqlar xəstələnsələr də ağır hallara, pnevmoniyanın baş verməsinə çox az rast gəlinir. Onlar həddən artıq kök, yanaşı ağır xəstəlikləri olduqda xəstəliyi keçirən zaman ağırlaşmalar ola bilər. Uşaqlar infeksiyanın mənbəyi kimi yaşlı nəsli yoluxdura bilər və bu, daha təhlükəli hesab olunur".

Mövzuyla bağlı  pediatr Səbinə Nurəliyeva "Hürriyyət"ə deyib ki, peyvəndin uşaqlara tətbiq olunması daha məqsədəuyğun sayıla bilər:

"Ümumiyyətlə, vaksinasiyaya müsbət baxıram. Bu 12 yaşdan yuxarı uşaqlarda da olsa daha yaxşı olar. Əgər, 12 yaşlı uşaqlara aid standartlar hazırlanıbsa və bu Türkiyədə də tətbiq olaunacaqsa Azəbaycanda da tətbiq olunmağıyla bağlı problem görmürəm. Biz onsuz da uşaqları peyvənd edirik. Böyük uşaqlar məktəbə getməzdən əvvəl və ya azyaşlılar bağçaya getməzdən öncə qripə görə peyvənd olunur. Koronavirus da virusların bir növü olduğuna görə, ona qarşı da peyvənd olunduq da əks-göstəriş sayılmır. Əgər, uşaqlar peyvənd olunarsa, bu uşaqlara daha xeyri olar. Çünki, uşaqlar məktəbdə və bağçada toplum şəkildə olur. Məktəb yaşlı uşaqlara tətbiq olunacaqsa, sonra da aşağı yaşlı uşaqlara da tətbiq olunar. Əvvəl deyilirdi ki, COVID uşaqlar arasında daha yüngül keçir. Bundan əlavə COVID-in ağırlaşmalı olan sindromunu da müşahidə etdik. Bu baxımdan, peyvəndin uşaqlara tətbiq olunması daha məqsədəuyğun sayıla bilər. Bir həkim kimi buna müsbət baxıram və tərəfdarıyam".

Pediatr əlavə edib ki, məqsəd xəstəlik ağırlaşmasının qarşısını almaqdan ötrüdür və uşaqların xəstəliyi daha yüngül keçirtmək üçün atılan addımlardır:

"Əgər vaksin uşağın xəstə dönəmində vurumayıbsa və digər xroniki xəstəlikləri yoxdursa əsk göstərişləri mümkün deyil. Gələcəkdə hansısa fəsad olacağını da düşünmürəm. Çünki, biz 6 yaşına qədər uşaqlara peyvənd vururuq. 6 yaşından yuxarı uşaqlar üçün də peyvənd vurulur.  COVID əleyhinə olunan peyvənd də digər peyvəndlər kimidir. Məqsəd də xəstəlik ağırlaşmasının qarşısını almaqdan ötrüdür. Sadəcə uşaqların xəstəliyi daha yüngül keçirtmək üçün atılan addımlardır. Yəni, ağır vəziyyətdə xəstəxanaya düşməməsi üçün edilir. Bir ara uşaqların virus keçirtməməsiylə bağlı məlumatlar yayılmışdı. Lakin, sonradan uşaqlarda ağırlaşmalar müşahidə edildi. Hətta, bu hallarla bağlı həyatını itirən uşaqlar da olub. Türkiyədə də bu cür hallar müşahidə edilib. Hazırda digər ölkələrdə bu tətbiq olunub. Türkiyədə tətbiq olunubsa, Azərbaycanda da tətbiq oluna bilər".

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim mütəxəssisi Könül İsmayılova COVID-19-un uşaqlarda da xəstəlik törətməsi halının artıq məlum olduğunu deyib:

"Ümumiyyətlə, COVID-19 uşaqlarda da xəstəlik törətməsi artıq məlumdur, lakin, xəstəliyin ağırlıq dərəcəsi və gedişatı araşdırılarkən müxtəlif yaş qrupları arasında fərqli nəticələr müşahidə olunub. Ən yüngül- asimptomatik haldan başlayaraq, daha ağır halların olması ilə bağlı məlumatlar vardır.Hal- hazırda delta ştamı yoluxma halları arasında dünyada daha çox üstünlük təşkil edir və bunun yoluxuculuğunun əvvəlki variantlara nəzərən daha çox olmasına əsasən, yenə də diqqət etməli olduğumuz məqamlar var: əllərin gigiyenasına mütləq şəkildə riayət etmək, maskalardan istifadə, qapalı məkanların havalandırılması, sinif otaqlarında mütəmadi olaraq dezinfeksiya  aparılması və s. profilaktik tədbirlərdən istifadə edilməklə yoluxma hallarının qarşısını almaq olar".

YƏHYA