Azərbaycandakı rusiyalı sülhməramlılarına yeni komandan təyin edildi
Hurriyyet.az xəbər verir ki, Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin yeni başçısı Gennadi Anaşkin olacaq. “Sputnik Armeniya”nın yazdığına görə, o, bu postda iki həftədən bir qədər çox çalışdıqdan sonra daha yüksək vəzifəyə təyinat almış Mixail Kosobokovu əvəz edəcək.
Bundan bir qədər əvvəl Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirmişdi ki, Rusiya sülhməramlılarının Qarabağda Azərbaycanla razılaşmada nəzərdə tutulmuş 5 ildən daha uzun müddətdə qalacaqlarına ümid edir. Qriqoryan bildirib ki, Ermənistan hakimiyyəti artıq hadisələrin bu cür inkişafını mümkün edə biləcək variant üzərində çalışır.
2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Ermənistan və Rusiya arasında Qarabağda sülh barəsində üçtərəfli razılaşmadan sonda regiona daxil olan rusiyalı sülhməramlılarının bir qismi Qarabağın müəyyən rayonlarında, digər qismi isə Ermənistanın Sünik (Zəngəzur) rayonun Azərbaycanla sərhədində yerləşdirilib. Rəsmi rəqəmlərə görə, regiona 1960 nəfər rus əsgər və zabiti, 90 zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.