"Azərbaycanı rəvan və məqsədli templə beynəlxalq ictimai rəydə gözdən salırlar" - İLQAR MƏMMƏDOV
"Ölkəmizin beynəlxalq ictimai rəyi itirməsinin birinci səbəbi müharibədən sonra hökumətin demokratik açılım yerinə daxildə sərt nəzarət yolunu tutmasıdır"
"Bir tərəfdən hökumət, digər tərəfdən Moskva, üçüncü tərəfdən isə bəzi Qərb ölkələri bir-birinə qarşı olsa da, Azərbaycanı elə rəvan və məqsədli templə beynəlxalq ictimai rəydə gözdən salırlar ki, 21 ay sonra biz sülhməramlıları çıxartdırmaq istəyəndə, Qarabağa başqa xarici qüvvələrin gətirilməsi təcili önəm daşıyan yetişmiş beynəlxalq mövzuya çevriləcək". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov deyib.
Həmin an Moskvanın "Başqasını gəlməkdənsə, razılaşın elə mənim qüvvələrim qalsın" deyəcəyini iddia edən partiya sədri hesab edir ki, nəticədə Qarabağdakı rejim yenə zaman qazanacaq: "Moskva əleyhdarları isə deyəcək ya rus çıxsın, ya da sən diktaturasan, bizə qiymətli iqtisadi kontraktlar ver. Bunlar ikisi süpürüşmək üçün meydança hazırlayır, hökumət isə hər ikisinin əlinə oynayır. Nəticədə, Qarabağdakı rejim yenə zaman qazanacaq. Bəs beynəlxalq ictimai rəyi ölkəmiz niyə itirir? Birinci səbəb müharibədən sonra hökumətin demokratik açılım yerinə ölkə daxilində sərt nəzarət yolunu tutmasıdır. Üstəgəl, birinci səbəblə əlaqəli şəkildə, beynəlxalq ictimai rəyə xitabən gətirdiyimiz arqumentlərin 2020-ci ildən sonra təzələnməməsi. Keçmişdə, zəif amma qətiyyətli görünəndə dediyimizlə indi, güclü və qətiyyətli görünəndə dediyimiz arasında fərq yaradılmalı idi".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az