📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanı təhdid edənlərə SƏRT CAVAB

2026-11-10 16:46:56

Azərbaycanı təhdid edənlərə SƏRT CAVAB

Hurriyyet.net  rəsmi Tehranın 14 İran vətəndaşının “arzuolunmaz şəxs” elan edilməsi barədə Azərbaycan Xarici İşlər Nazirliyinin qərarına absurd reaksiyası barədə məlumat verib.

Xatırladaq ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehranın Azərbaycanın 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etməsi qərarına etirazı zamanı belə bir “arqumentlə” çıxış edib ki, həmin şəxslərdən heç biri diplomat deyil və Azərbaycan ərazisində də yaşamır. O, bu qərarı “məntiqsiz” və “qeyri-dost” addım kimi qiymətləndirib. Bəqainin sözlərinə görə, Azərbaycanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi etiraz ona çatdırılıb. O, İranın bu qərara cavab olaraq zəruri hesab etdiyi digər addımları da atacağını bildirib.

iLbMf51iSXRCR15SN08spTsn7sHmwKoU1xzm21r1_1200.jpg (71 KB)

Göründüyü kimi, Tehranın reaksiyasında təhdid elementləri də var. Azərbaycanın 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etməsinə Tehranın etirazı ikili standartların əlaməti olaraq qiymətləndirilir. Hesab olunur ki, Tehranın bu mövqeyi məsələnin mahiyyətini təhrif edir. Belə ki, söhbət diplomatik statusdan və ya həmin şəxslərin Azərbaycanda olub-olmamasından deyil, Azərbaycanın konstitusion quruluşuna, milli təhlükəsizliyinə və dövlət suverenliyinə qarşı yönələn çağırışlardan gedir. Azərbaycan qanunvericiliyi milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə xarici vətəndaşların ölkəyə girişinin məhdudlaşdırılmasına imkan verir. İranda hakimiyyətə yönələn ən kiçik tənqidə belə sərt münasibət göstərildiyi halda, deputatların, din xadimlərinin və media nümayəndələrinin Azərbaycana qarşı düşmənçilik ritorikası sərgiləməsinin fərdi fikir azadlığı ilə izah edilməsi inandırıcı deyil, xüsusilə də qonşu dövlətin hakimiyyətinin zorla dəyişdirilməsinə çağırışlar fonunda.

Tehranın özünə qarşı tənqidlərə dözümsüz yanaşıb, Azərbaycana qarşı təhqir və təhdidlərə göz yumması, Bakının qanuni qərarını isə dostluğa zidd addım kimi təqdim etməsi açıq ikili standartdır. Azərbaycan öz milli təhlükəsizliyini və dövlət suverenliyini qorumaq üçün heç bir xarici ölkənin razılığına ehtiyac duymur. Mehriban qonşuluq diplomatik bəyanatlarla deyil, qarşılıqlı suverenliyə hörmətlə və təxribatçı çağırışların qarşısının alınması ilə sübut olunur.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycana qarşı çağırışlar səsləndirən və düşmənçiliyi təşviq edən 14 İran vətəndaşı arzuolunmaz şəxs elan edilib. Həmin şəxslərin Azərbaycan ərazisinə girişi qadağan olunub. “Arzuolunmaz şəxs” elan edilənlər arasında İran parlamentinin hazırkı və keçmiş deputatları, tanınmış din xadimləri, universitet müəllimləri, siyasi ekspertlər və media nümayəndələri var.

Yeri gəlmişkən, Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər etdiyi saatlarda vitse-prezidentini İrəvana göndərən Tehran qeyri-dost hərəkətlərini bir daha nümayiş etdirdi. Ondan əvvəl Araz çayı boyunca raketlərin nümayişi, Zəngəzur dəhlizinə qarşı davamlı mövqeləri də bura əlavə etmək olar. Beləliklə, İran ökəmizin daxili işlərinə burun soxanları himayə etməklə anti-Azərbaycan hərəkətləri stimullaşdırır, üstəlik, son bəyanatında təhdidli mövqe sərgiləyib. Rəsmi Bakı həmişəki kimi təmkinli davranır.

“Əgər İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai “arzuolunmaz şəxs” anlayışının nə olduğunu bilmirsə, xatırladım ki, bu yanaşma beynəlxalq təcrübədə təkcə diplomatlara deyil, bu və ya digər dövlətə münasibətdə düşmənçilik mövqeyi sərgiləyən, təxribat xarakterli hərəkətlər və çağırışlar edən ayrı-ayrı peşə sahiblərinə münasibətdə də tətbiq olunur. Yəni “arzuolunmaz şəxs” anlayışını, təkcə Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının prinsipləri çərçivəsində dəyərləndirmək məhdud və bəsit yanaşmadır”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

MİRZEBEY.jpeg (77 KB)

Deputat qeyd edib ki, diplomat olmayan əcnəbi vətəndaşlara münasibətdə “arzuolunmaz şəxs” elan edilməsi beynəlxalq diplomatik hüquqla deyil, hər bir dövlətin öz daxili milli qanunvericiliyi və dövlət suverenliyi prinsipi əsasında tənzimlənir:

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 16-cı maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin milli təhlükəsizlik və ya ictimai asayişin mühafizəsi, yaxud Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə, şəxsin sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətməsi və ya transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olması barədə məlumat olduqda Azərbaycan Respublikasına gəlişi aşağıdakı hallarda qadağan edilir”.

Elçin Mirzəbəyli xatırladıb ki, Azərbaycan İrandan fərqli olaraq hüquqi dövlətdir və bütün addımlarını ölkənin suveren maraqlarına və qanunvericiliyə uyğun olaraq atır:

“İran adlanan ölkənin 14 vətəndaşının Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsi kifayət qədər humanist addımdır. Çünki İranın bütün təxribatçı ideoloji aparatı uzun illərdir ki, Azərbaycan əleyhinə davamlı qarayaxma kampaniyası aparır, ölkəmizin ictimai rəyinə hesablanmış təxribatlar törədirlər. Azərbaycana qarşı ən müxtəlif istiqamətlərdə təxribatlar törədən, casusluqla məşğul olan, ölkəmizin ictimai-siyasi mühitinə ən iyrənc və düşmənsayağı metodlarla müdaxilə etməyə çalışan İran vətəndaşlarının sayı yüzlərlədir. İranda vaxtilə təkcə Azərbaycan Respublikasına qarşı ideoloji savaşın təşkil edilməsi və aparılması üçün yaradılan “Azərbaycan masası”nda təmsil olunan SEPAH təmsilçilərinin sayı 3 min nəfərdən çox olub.

Xatırladım ki, İranın mövcud məzhəbçi teokratik rejiminin təcrübəsində ölkələrin “böyük şeytan”, “kiçik şeytan”, insanların “düşmən”, “sionist” və s. hüquqdan kənar müxtəlif ittihamlarla hədəfə alınması, hətta onların fiziki məhvinə yönəlik fikirlərin səsləndirilməsi, fətvaların verilməsi adi haldır. İran telekanallarında tez-tez müxtəlif sahələrdə çalışan, Tehran rejiminin bölücü, təxribatçı davranışlarını tənqid edən xarici ölkə vətəndaşlarının adı çəkilir, onlar “İran İslam Respublikasının düşmənləri” elan olunurlar”.

1779353981_tehran-flag-gettyimages-2199945331.jpg (441 KB)

İranın ədabazlığına gəldikdə, Milli Məclisin üzvü bildirib ki, bu, onların klassik xüsusiyyətləridir:

“Görünür, bölgədə baş verən son proseslər və təəssüf ki, bəzi dost ölkələrin daxili ictimai rəyə hesablanmış davranışları hazırda tamamilə hərbçilərin nəzarətində olan qonşu ölkənin təmsilçilərinin aşırı eyforiyaya qapılmasına səbəb olub. Bəzən unudurlar ki, dostluq naminə uzanan kişi əlinə qadınsayağı barmaq uzadanların sonu o barmaqların qatlanaraq əks istiqamətə yönləndirilməsi ilə başa çatır. Əgər İranın Azərbaycan Respublikasına qarşı əməllərinə görə bu ölkənin diplomatı bizim Xarici İşlər Nazirliyinə çağırılsaydı, o zaman İranın ölkəmizdəki səfirliyinin diplomatları günlərinin əhəmiyyətli hissəsini Azərbaycan XİN-in qapısında keçirməli idilər”.//Musavat.com