📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın bir aylıq taxıl ehtiyatı qalıb? - İQTİSADÇILAR AÇIQLADI

2022-01-11 13:11:00

Azərbaycanın bir aylıq taxıl ehtiyatı qalıb? - İQTİSADÇILAR AÇIQLADI

Razi Abasbəyli: "Əgər əvvəldən ərzaq buğdası üzrə ehtiyyat toplasaydıq, bu gün Azərbaycanda bu vəziyyət yaranmayacaqdır. Çörəyin qiymətinin artırılmasına da ehtiyyac olmazdı"

Rəşad Həsənov: "Rusiyadan idxalı azaltmaq üçün bazarı şaxələndirmək lazımdır. 80 faizə qədər Rusiya bazarından asıllıq var"

Natiq Cəfərli: "Özümüz istehsal etdiyimiz taxılın, ən yaxşı halda, 25-30%-ni ərzaq buğdası kimi istifadə edə bilirik, qalanını xaricdən, əsasən də, Rusiyadan alırıq"

Azərbaycanda unun qiymətinin qalxmasından sonra 50 qəpiklik zavod çörəyi 15 qəpik bahalaşıb. Onu da qeyd edək ki, mütəmadi olaraq istehsal olunan məhsulların və xidmətlərin qiyməti bahalşasa da keyfiyyət olduğu kimi qalır.

Artıq acı da olsa qəbul etməliyik ki, Azərbaycanda çörəyin qiyməti qalxıb. Amma bunu kim və hansı səbəbə görə edir?...

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev yerli mediaya açıqlamasında deyir ki, "qiyməti sahibkar müəyyənləşdirir, İqtisadiyyat Nazirliyi yox". Nazirliyin rəsmisinin açıqlamasından aydın olur ki, qiymət artımının səbəbkarları sahibkarlardır. Bəs Azərbaycanda sahibkarlara nəzarət edən qurum yoxdurmu?...

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatda qeyd edilir ki, hazırda un və çörək məhsullarının "real qiyməti formalaşıb".

"İstehsalçılarla qiymətin maksimal yuxarı həddi müəyyənləşdirilmişdir: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpikdir".

Dövlət Xidməti eyni zamanda qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərinin davam etdirildiyini bildirib.

İri un və çörək istehsalçıları isə əhaliyə müraciət edərək "zavod" çörəyi kimi təsnif olunan dairəvi çörəyin qiymətinin 10-15 qəpik artacağını bildirmişdi.

İqtisadçı-ekspert Razi Abasbəyli "Hürriyyət"ə müsahibəsində bildirib ki, çörəyin qiymətinin qalxması dünyada ərzaq buğdasının qiymətinin qalxması ilə bağlı məsələdir:

"Bu qiymət artımına birbaşa təsir edir. Azərbaycan əsasən Rusiyadan ərzaq buğdası idxal edir. Bu Azərbaycana idxal edilən buğdanın 33 faizi həcmindədir. Son iki ay ərzində Rusiya buğdanın bir tonuna görə ixrac qiymətlərini az qala 50 faizə qədər bahalaşdırıb. Bu da 90 dollara qədər bahalaşma deməkdir. Nəticə etibarilə buğda idxal edən dövlətlər bu qiyməti daxildə artırmaq məcburiyyətində qalırlar. Lakin Azərbaycanda buğda və un məhsullarının qiymətinin bahalaşmasının tək səbəbi bu deyil. Azərbaycanda un istehsalçıları, çörək və çörək məmulatları istehsalçıları üçün yeni illdən hökümət tərəfindən verilmiş qərarlar da qiymətin bahalaşmasına gətirib çıxaran amillərdəndir. Bura mavi qazın qiymətinin bahalaşması, elektrik enerjisinin və su tariflərinin qalxması kimi səbəblər də daxildir. Bu cür hallar daxili sahibkarlar üçün ağır situasiyalara səbəb olub".

İqtisadçı əlavə edib ki, Azərbaycan hökümətinin 2021-ci il üçün ərzaq buğdası ilə bağlı nəzərdə tutulan proqramları icra edilməyib. Nəticədə Azərbaycanın qış ayları üçün nəzərdə tutulan taxıl ehtiyyatları son 30 gün üçün qalıb:

"Bəziləri düşünür ki, dünya bazarında ərzaq qiymətlərinin bahalaşması ölkə daxilində çörəyin qiymətinə birbaşa təsir edib. Hesab etmirəm ki, daxildə çörəyin bahalaşması birbaşa dünyada ərzaq qiymətlərinin bahalaşması ilə bağlıdır. Təəssüf ki, Azərbaycan hökümətinin 2021-ci il üçün ərzaq buğdası ilə bağlı nəzərdə tutulan proqramları icra edilməyib. Məlum olur ki, Azərbaycanın qış ayları üçün nəzərdə tutulan taxıl ehtiyyatları son 30 gün üçün qalıb. Strateji hədəflər üçün ən azı 6 aylıq taxıl ehtiyyatları yaradılmalıdır. Bunun üçün 4-5 il əvvəl Hövsanda taxıl anbarları da inşa edilib. Bununla bağlı kifayət qədər böyük həcmdə investisiya da qoyulub. Hazırda həmin anbarlar boşdur. Ortada siyasi faktorlar da var. Bilirsiz ki, Rusiya Avrasiya İqtisadi Birliyinə üzv olmayan dövlətlər üçün kvotadan kənar əlavə ərzaq buğdası satarkən əlavə rüsumlar və vəsait tələb edir. Azərbaycan da Avrasiya İqtisadi Birliyinə daxil olmadığı üçün əlavə rüsumlar ödəmək məcburiyyətindədir. Əgər əvvəldən ərzaq buğdası üzrə ehtiyyat toplasaydıq, bu gün Azərbaycanda bu vəziyyət yaranmayacaqdır. Çörəyin qiymətinin artırılmasına da ehtiyyac olmazdı. Kanada özü ərzaq ixrac edən ölkədir. Bu ölkədə çörək və un istehsalçıları üçün bir sıra güzəştlər nəzərdə tutulur. Azərbaycan höküməti isə bu istiqamətdə heç bir addım atmayıb. Un istehsalçıları üçün müəyyən güzəştli paketlər nəzərdə tutula bilərdi. Təəssüf ki, Azərbaycan höküməti bununla bağlı yaxın iki həftə ərzində, ölkədə ictimai müzakirələrin aparıldığı zamanda hər hansısa açıqlama verməyib. Belə görünür ki, hökümət qiymət artımının qarşısının alınması ilə bağlı hər hansısa addımlar atmaq fikrində də deyil".

Digər bir iqtisadçı-ekspert Rəşad Həsənov isə "Hürriyyət"ə açıqlamasında deyib ki, Rusiya ərzaq buğdasının qiymətini artırmaqla yanaşı, əlavə ixrac rüsumları da tətbiq edib:

"Əslində bu təbii bir prosesdir. Dünyada bütün qiymətlər qalxır. Eyni zamanda ölkədə də məhsulların qiymətləri qalxır. Təbii ki, bu da istehsalın maya dəyərinin artırılmasına səbəb olur. Azərbaycanda xüsusilə qida məhsulu olan taxılın idxalından aslı olan məsələlər var. Dünya bazarlarında taxılın qiyməti kəskin artıb. Azərbaycanın əsas taxıl təchizatçısı Rusiyadır. Rusiya qiymət artımı ilə yanaşı əlavə ixrac rüsumları da tətbiq edib. Son nəticədə bu vəziyyət yaranır. Düzdür ki, bu günə qədər davamlı təsirlər olurdu. Sadəcə hazırda hökümətin qeyd edilən istiqamətlərdə təklif etdiyi alətlər (vergi güzəştləri, idxala subsidya və s.) effektiv deyil. Təklif edilən alətlər bu günki təzyiqlər qarşısında davam gətirə bilmir. Hökümət də öz ələtlərini gücləndirən mövqe ortaya qoymadı. Yəni ki, subsidyanın həcmini artırmadı. Belə olduğu təqdirdə təbii ki, idxalçı unu və çörəyi baha qiymətə satır".

Ekspert qeyd edib ki, Rusiyadan idxalı azaltmaq üçün bazarı şaxələndirmək lazımdır:

"Azərbaycan öz çörək tələbatını ödəyə bilmir. Ölkəmizə təxminən il ərzində 2,5 milyon ton ərzaq məqsədli taxıla ehtiyac olur. Bunun da 1,8 milyon tonu idaxal olunur. Azərbaycanda yerli istehsal olunan taxıl parametrlərinə görə insan qidası üçün istehsalata uyğun deyil. Rusiyadan idxalı azaltmaq üçün bazarı şaxələndirmək lazımdır. 80 faizə qədər Rusiya bazarından asıllıq var. Şaxələnmiş bazar olsaydı, o demək deyil ki, qiymətlər artmayacaqdı. Hazırda dünya bazarında taxılın qiyməti artır. Məsələ burasındadır ki, Rusiya kimi avtoritar və etibarlı olmayan tərəfdaş Azərbaycanı hansısa anda siyasi məqsədlərlə müvafiq təzyiqlər qarşısında qoya bilər. Bu baxımdan, bazarın şaxələndirilməsinə ehtiyac var".

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın istehsal etdiyi taxılın, ən yaxşı halda, 25-30%-ni ərzaq buğdası kimi istifadə etmək olur:

"Dünyada taxıl, dənli bitkilərin qiymətində ciddi bahalaşma var, son 1 ayda dünya bazarında buğdanın tonu 340 dollar civarında dəyişir. Buğda, taxil istehsal etmək çətindirmi? Xeyir, çətin deyil, insan övladı 10 min ildir ki, buğda, dənli bitkiləri əkib-becərir. Azərbaycanı taxılla bir illik təmin etmək üçün 4 mln. tona yaxın dənli bitkilər, o cümlədən 1,8 mln. ton ərzaq buğdası lazımdır. Ölkədə son illər, təqribən, ilə 1 mln. 850 min ton taxıl istehsal olunur, amma bu həcm ərzaq buğdası deyil, keyfiyyətsizdir, əsasən, mal-qara üçün yem kimi istifadə olunur. Özümüz istehsal etdiyimiz taxılın, ən yaxşı halda, 25-30%-ni ərzaq buğdası kimi istifadə edə bilirik, qalanını xaricdən, əsasən də, Rusiyadan alırıq".

İqtisadçı qeyd edir ki, problem təkcə dünyada qiymət artımı ilə bağlı deyil, əsas problem özümüzü ərzaq buğdası ilə təmin edə bilməməyimizdədir:

"İnsan övladı Mesopotamiyadan üzü bəri 10 min ildir buğdanı əhliləşdirib ərzaq halına salıb, bəs bizimkilər 21-ci əsrdə niyə ərzaqlıq buğda istehsal edə bilmirlər? Çünki, elm yox, seleksiya yox, suvarma üçün su qıt, toxumçuluq və kübrə siyasəti zaydır, dotasiya mexanizmləri işlək deyil və ən əsası, investorlara ögey münasibət, onların da hökumətə güvənsizliyi var. Gəlik istehlakımıza: İnsanlarımız kasıb olduğundan (lazım olan kalorini ucuz olan çörəkdən alırıq), həm də ənənələrimizdə çörəyin önəmli yer tutduğundan böyük həcmdə çörək istehlak edirik. Dünyada adambaşına ən az çörək istehlakı Skandinaviya ölkələrindədir - ildə 32-45 kq. Rusiyada bu göstərici 97 kq, Bolqarıstanda 96 kq, Fransa və Almaniyada 54 kq, İtaliyada 52 kq təşkil edir. Türkiyədə əhali adambaşına ildə 124 kq çörək yeyir. Azərbaycanda 2020-ci ildə 1 milyon 294 min 604 ton təzə çörək istehsal olunub. Bunun 1 milyon 280 min 556 tonu ərzaq məhsulu kimi istehlak olunub – bu adambaşına 128,4 kiloqram çörək istehlakı deməkdir. Bu məsələyə də yenidən baxmalıyıq, imkan daxilində çörək istehlakını azaltmalıyıq, amma çörək istehlakının azalması insanların rifah halının yüksəlməsi ilə düz mütanasibdir. Beləliklə, aydın oldu ki, bu hökumətin insanlığın 10 min il əvvəl həll etməyə başladığı və böyük nailiyyətlər əldə etdiyi problemi hələ də çözə bilməyib. Çörəyin süfrəmizdə, mədəniyyətimizdə yerinin önəmini nəzərə alaraq, istər-istəməz qiymət artımının vətəndaşa ciddi təsir edəcəyini görəcəyik. Amma problem tək dünyada qiymət artımı deyil (bəli, bunun təsiri var, olacaq da), əsas problem özümüzü ərzaq buğdası ilə təmin edə bilməməyimizdədir".

YƏHYA