📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın Brüssel uğuru: Avropa görüşündə də diqtə edən qalib tərəf oldu

2021-12-16 13:00:00

Azərbaycanın Brüssel uğuru: Avropa görüşündə də diqtə edən qalib tərəf oldu

Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunan danışıqlardan da Azərbaycan uduşla çıxdı, Ermənistan bu platformada da məğlubiyyətini yaşadı

Dekabrın 14-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi.

Məlumata görə, konstruktiv məcrada baş tutan görüş 4,5 saat davam edib. Müzakirələrdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib. Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə də razılıq əldə olunub. Bildirilir ki, avtomobil yolu marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələr davam etdiriləcək. Görüşün nəticəsi olaraq Avropa İttifaqı Komissiyasının Prezidenti tərəfindən mətbuata açıqlama verilib.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında isə təkbətək görüş olub. Görüşün sonunda onlara Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də qoşulub.

Prezident İlham Əliyev və baş nazir Paşinyan razılaşıblar ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə planlaşdırılan danışıqların başlanılması kontekstində yerlərdə gərginliyin azaldılması və danışıqlar üçün əlverişli mühitin yaradılması məqsədilə əlavə ciddi addımlar atılmalıdır. Prezident Mişel həm İrəvanı, həm də Bakını fəal şəkildə xoş niyyətlə təmasda olmağa və gərginliyin azaldılması istiqamətində işləməyə çağırıb. O vurğulayıb ki, qüvvələrin müvafiq məsafədə saxlanmasının təmin edilməsi insidentlərin qarşısının alınmasının vacib elementidir. Aİ hər iki ölkəyə texniki yardım göstərməklə sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərini dəstəkləmək üçün ekspert missiyası/məsləhətçi qrupu təqdim edəcək.

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşlə bağlı bəyanat yayıb. Bəyanatın müddəaları Azərbaycanın maraqlarına və mövqeyinə tam cavab verir, o cümlədən sənəddə Zəngəzur dəhlizində hərəkət rejiminin faktiki olaraq Laçın dəhlizi ilə eyni olması müddəası da əksini tapır.

Azərbaycan Prezidenti İlham Əliyev “El Pai” nəşrinə müsahibəsində vurğulayıb ki, Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib. “Azərbaycanın mövqeyi açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibədə qalib gəlmişik, biz qalibik və bu reallığı nəzərə almaq lazımdır. Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib”, Azərbaycanın dövlət başçısı deyib.

Dövlətimizin başçısı Azərbaycanın böyük neft-qaz potensialının, Azərbaycanın liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu, ölkəmizin qısa nəql marşrutuna malik olması barədə də fikirlərini çatdırıb. Avropa İttifaqı Şurası və NATO-nun rəhbərliyinin Azərbaycanın önəmi barədə aydın açıqlamaları da dövlətimizin önəmli tərəfdaş olaraq qəbul olunduğunu bir daha təsdiqləyir.

“Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş zamanı biz Azərbaycan Prezidenti ilə dəmir yolunun fəaliyyətinin bərpası ilə bağlı razılığı təsdiqlədik”. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında üçtərəfli görüşün yekunları ilə bağlı yazıb. “Dəmir yolu qarşılıqlı prinsip əsasında beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Ermənistan İran və Rusiya Federasiyasına dəmir yolu ilə çıxış əldə edəcək”, - deyə N.Paşinyan qeyd edib. Ermənistan baş naziri həmçinin tərəflərin təmasları davam etdirməklə bağlı razılığa gəldiyini bildirib.

Belə bir situasiyada zəfər qazanmış ölkənin Ermənistanla bağlı məsələlərdən də uduşla çıxması tam gözlənilən idi. Ekspertlər Brüssel görüşlərini uğurlu hesab edirlər.

Cəbrayılda erməni kilsəsi olubmu? - Ceyhun Məmmədov - Yeni Gəncə

Ceyhun Məmmədov: “Ermənistan görüşə “ciddi hazırlıqla” getmişdi”

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında dedi ki, Brüssel səfərini uğurlu hesab edir: “Ermənistan görüşə “ciddi hazırlıqla" getmişdi. Görüşdən əvvəl cəbhə xəttində davamlı təxribat törədərək Azərbaycana qarşı ittihamlar səsləndirməyi, davamlı atəşkəsi pozmaqda ittiham etməyi planlaşdırırdı. Ancaq Paşinyanın arzusu bu dəfə də ürəyində qaldı. Brüssel görüşünə böyük ümidlərlə gedən Paşinyan növbəti dəfə pərt oldu. Onun görüşdəki üz cizgilərindən də bu, açıq müşahidə olunurdu. Görüş konstruktiv mühitdə keçdi, bir sıra mühüm məsələlər müzakirə olundu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirildi, Avropa İttifaqı bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirildi. Azərbaycan uzun müddətdir mina məsələsini gündəlikdə saxlamağa çalışırdı və bu görüşdə həmin məqsədinə nail oldu".

C.Məmmədov əldə olunan razılaşmanı yüksək qiymətləndirdi: “Görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəldilər, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olundu, Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Beləliklə, Ermənistan tezliklə dəmir yolunun çəkilişinə start verəcəkdir. Görüşdə gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması, avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələrin davam etdirilməsi barədə də razılıq əldə edildi. İkitərəfli görüşdən əvvəl Prezident İlham Əliyevin növbəti diplomatik gediş edərək ”Zəngəzur dəhlizində də heç bir gömrük post olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, eynilə biz də Laçın dəhlizində gömrük postunun açılmasını təmin edəcəyik. Qərar Ermənistan tərəfindən verilməlidir. Hər iki varianta açığıq, ya hər iki tərəfdə gömrük postu olmalıdır, ya da heç olmamalıdır" bəyanatını verməsi Ermənistan tərəfində soyuq duş effekti yaratdı. Dünəndən etibarən Ermənistanın bütün saytlarında, sosial şəbəkələrdə bu məsələ ətrafında geniş müzakirələr aparılır, ciddi narahatlıqlar ifadə olunur. Beləliklə, Azərbaycan növbəti dəfə Prezident İlham Əliyevin qətiyyətli və prinsipal mövqeyi nəticəsində beynəlxalq müstəvidə Ermənistan üzərində diplomatik qələbəsini təmin etdi. Ermənistan anlamalıdır ki, onun Azərbaycanla əməkdaşlıqdan və yekun sülh müqaviləsini imzalamqdan başqa yolu yoxdur. Artıq bütün dünya Ermənistandan üz çevirib. Əgər Ermənistan Azərbaycanın şərtləri ilə razılaşmasa ölkə daha ağır duruma düşəcək".

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu: “Ermənistan Qərbi Zəngəzurda bizə maneəsiz keçid yaratmayacaqsa, biz də Laçında ermənilərin maneəsiz keçidinin qarşısını almalı, sərhədi mütləq şəkildə nəzarətə götürməliyik”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu görüşlə bağlı Ermənistanın baş nazirinin qeydlərinə diqqət çəkdi: “Bununla Nikol Paşinyan bir daha Zəngəzur dəhlizinin yerinə kommunikasiya xəttinin açılacağını vurğulamış oldu. Paşinyan Brüsseldə vəd edib ki, Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirəcək. O bildirib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək.  Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev bu mövzuya NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra keçirilən mətbuat konfransında bu şəkildə münasibət bildirib: ”Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır".

Beləliklə, Qərbi Zəngəzurda maneəsiz keçid mümkün olmayacaq". Ancaq E.Şahinoğlu hesab edir ki, bu, narahatlıq üçün əsas olmamalıdır: “Ermənistan Qərbi Zəngəzurda bizə maneəsiz keçid yaratmayacaqsa, biz də Laçında ermənilərin maneəsiz keçidinin qarşısını almalı, sərhədi mütləq şəkildə nəzarətə götürməliyik. Kreml İrəvanla eyni mövqedən çıxış edərək, ”Ermənistanın Qərbi Zəngəzurdan keçəcək nəqliyyat vasitələrinə nəzarət etmək hüququ var" prinsipini dəstəkləyib. Bu, sərhəddə yoxlama deməkdir. Zəngəzur dəhlizində yoxlama bizə əsas verir ki, biz də eyni yoxlamanı Ermənistanla sərhədin Laçın hissəsisində həyata keçirək".

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsselin Ermənistan və Azərbaycana texniki yardım göstərməklə sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərində kömək edəcəyini bildirməsinə gəldikdə, E.Şahinoğlu hesab edir ki, yaxşı təklifdir: “Sadəcə, gərək sərhədləri müəyyənləşdirən komissiya yaransın ki, bundan sonra maraqlı tərəflərin iştirakı təmin olunsun. Sərhəd məsələsində Ermənistandan səs çıxmır”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az -a bildirib ki, Azərbaycanın dəstəklədiyi postkonfilikt gündəm artıq aktualdır. Onun sözlərinə görə, Brüssel görüşündə səslənən fikir və təkliflər onu göstərdi ki, artıq Azərbaycanın yanaşması öz yerini tapıb və dəstəklənir. “Görüşdə nə ATƏT-in adı çəkildi, nə də onun gündəmə gətirmək istədiyi digər məsələlər müzakirə olundu. Sadəcə olaraq, postkonfilikt mövzusuna aid reabilitasiya proseslərinə dair bəyanatlar verildi, mövqelər səsləndirildi”. Sabiq nazir bildirib ki, Azərbaycan uzun müddətdir ki, azad olunmuş bölgələrə lazımi şəkildə humanitar yardım göstərilməməsindən narahat idi: “Avropa Birliyi artıq bu məsələlərdə öz iştirakı haqqında bəyanatlar verdi. Hesab edirəm bu, Azərbaycan üçün böyük irəliləyiş və nailiyyətdir”. Zəngəzur dəhlizi ilə bağlı Ermənistan və Azərbaycan tərəfindən fikirlərin fərqli olduğunu qeyd edən T.Zülfüqarov bildirib ki, bu sahədə müzakirələrin hələ də davam etdiyini müşahidə edirik: “Amma istənilən halda bu yol bərpa olunmalıdır. Burada Avropa İttifaqı tərəfindən maliyyə köməkliyinin olunması hesab edirəm ki, faydalı məsələdir”. Sabiq nazir sonda bu görüşün Azərbaycan üçün uğurlu olduğunu bildirib.

Brüssel görüşü Ermənistanın da əsas gündəminə çevrilib. Dekabrın 14-də Eduard Ağacanyanın təşəbbüsü ilə İrəvanda hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatlarla Levon Ter-Petrosyanın müşaviri olmuş Jirayr Libaridyanın qapalı görüşü olub. Görüşün təşkil edilməsi ideyasının baş nazir Nikol Paşinyana məxsus olduğu bildirilir. Məlumata görə, Paşinyan hazırda ABŞ-ın Miçiqan Universitetinin professoru olan Libaridyanı parlamentə onun “Ağ kağız” adlı kitabının tezislərini təbliğ etmək üçün “ezam edib”. Həmin kitabda ermənilərin türklərlə ilkin şərtlər irəli sürmədən qonşuluq münasibətləri qurmalı olduğu, “soyqırım” iddialarının tanınması tələblərindən imtina edilməsi, Azərbaycanla sülh müqaviləsinin imzalanması və bu zaman “Dağlıq Qarabağ”ın statusu barədə heç bir şərt irəli sürülməməsi barədə danışılır.

Libaridyan hakim partiyadan deputatları inandırmağa çalışıb ki, ermənilər xüsusən də müharibədən sonra heç bir rol oynaya, tələblər irəli sürə bilməz və mövcudluğu saxlamaq üçün yeganə variant Azərbaycan-Türkiyə tandeminin şərtlərini qəbul edib münasibətlər qurmaqdır", - xəbərdə deyilir. Bildirilir ki, Libaridyan statusa dair hər hansı məsələni qaldırmağın düzgün olmadığını da deputatlara bildirib. Habelə Zəngəzur dəhlizinin açılması ilə bağlı deyib ki, “yol” və “dəhliz” anlayışları arasında hansısa həll tapılmalıdır. Libaridyan keçmişə ekskurs edib və deyib ki, ərazilərin geri qaytarılması qaçılmaz idi, çünki hələ 90-cı illərdə beynəlxalq ictimaiyyət həmin əraziləri işğal edilmiş ərazilər kimi tanımışdı. Deputatlar soruşublar: nəyə görə birinci prezident Ter-Petrosyan qalib mövqeyindən bu məsələni həll etmədi?” Libaridyan isə Vazgen Sərkisyanı (keçmiş müdafiə naziri) nəzərdə tutaraq bildirib ki, tərəfdaşları ona imkan vermədilər. Libaridyan onu da deyib ki, Ermənistanın hazırda xarici siyasəti mahiyyətcə yoxdur. Görüşdə 20-25 deputatın iştirak etdiyi və heç də hamının Libaridyanla razılaşmadığı bildirilir.

Görünən budur ki, Ermənistanda hələ də revanşistlər üstünlük təşkil edir. Əks təqdirdə, illərdir konstruktiv həllə çağıran Libaridyan kimi siyasət adamlarının sözü eşidilərdi. Deməli, hələ də bu toplumun “şok terapiya”ya ehtiyacı var.
“Yeni Müsavat”