📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın bu təşəbbüsü COP31-də yüksək qiymətləndirildi - Fotolar

2026-11-17 11:49:30

Azərbaycanın bu təşəbbüsü COP31-də yüksək qiymətləndirildi - Fotolar

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) iştirak edib.

Hurriyyet.net  xəbər verir ki, konfransın Gənclər və Təhsil Günü çərçivəsində “Təhsilin yaşıllaşdırılmasında sübuta əsaslanan monitorinq, təcrübə mübadiləsi və əməkdaşlıq” sessiyası təşkil olunub.

Sessiya Azərbaycanın COP29-da irəli sürdüyü, Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə iqlim savadlılığının ölçülməsinə dair təşəbbüsün davamı kimi Elm və Təhsil Nazirliyi, COP29 Sədrliyi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə təşəbbüsü, eləcə də COP31 Sədrliyi, Türkiyənin Milli Təhsil Nazirliyi və UNESCO-nun dəstəyi ilə təşkil olunub.

Sessiyada çıxış edən Həsən Həsənli iştirakçıları Azərbaycanda iqlim savadlılığı istiqamətində görülmüş işlər barədə məlumatlandırıb. O, kurikulumun və milli standartların yenilənməsi, məzmunun hazırlanması, müəllimlərin peşəkar inkişafı üçün təşkil olunan təlimlər və qiymətləndirmə sahəsində görülən işlərdən danışıb, iştirakçı ölkələri birgə fəaliyyətə dəvət edib. Nazir müavini həmçinin Azərbaycanın OECD ilə birgə iqlim üzrə öyrənmə və qiymətləndirmə platformasının hazırlanmasına dəstək verdiyini qeyd edib.

“Dəyirmi masa” formatında keçirilən yüksəksəviyyəli sessiyada iştirak edən OECD-nin Təhsil və Bacarıqlar departamentinin direktoru Andreas Şleyxer, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, eləcə də digər yüksək səviyyəli nümayəndələr Azərbaycanın Bakıda keçirilən COP29-da irəli sürdüyü və bu gün artıq reallığa çevrilən təşəbbüsünü yüksək qiymətləndiriblər. Onlar bu təşəbbüsün nəticəsində PISA 2029-da şagirdlərin iqlim savadlılığının beynəlxalq miqyasda qiymətləndirilməsinin mümkün olacağını xüsusi vurğulayıblar. Çıxış edənlər bu addımı qlobal təhsil siyasətində mühüm dönüş nöqtəsi hesab edərək Azərbaycanın iqlim savadlılığının formalaşdırılması üzrə yaratdığı əməkdaşlıq modelini digər dövlətlər üçün ilhamverici təcrübə kimi dəyərləndiriblər.

Tədbirdə həmçinin 2025-ci ildə Azərbaycan və Braziliyada iqlim savadlılığı üzrə keçirilmiş pilot qiymətləndirmələrin nəticələri təqdim edilib. 

Bundan başqa, nümayəndə heyəti Türkiyənin Milli Təhsil Nazirliyi və UNESCO tərəfindən təşkil olunan “Yaşıl təhsilin mərkəzində uşaqlar, gənclər və müəllimlər” mövzusunda yüksək səviyyəli sessiyada iştirak edib.