"Azərbaycanın daxili və xarici siyasətinin köklü şəkildə yenilənməsi zərurətə çevrilir" - XAQANİ CƏFƏRLİ
"Əgər Fransa yenidən Avropanın liderinə çevrilsə, o zaman Ermənistanın mövqeyi güclənəcək"
"Fransa yenidən Avropanın siyasi liderinə çevrilmək üçün ən qətiyyətli addım atmağa çalışır, Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya ordu göndərməyə çağırır. Əgər Fransa yenidən Avropanın liderinə çevrilsə, o zaman Ermənistanın mövqeyi güclənəcək". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.
Politoloq hesab edir ki, Donald Trampın hakimiyyətə gəlişi ilə Rusiyanın xilas olacağı ilə bağlı ümidlər də hər ötən gün azalmaqdadır: "Kolorodo və Men ştatlarının ardınca İllinoys ştatının məhkəməsi də Donald Trampa praymerizdə iştirakı qadağan edib. Nyu-York apellyasiya məhkəməsi Donald Trampın vəkillərinin vəsatətini rədd edib və 454.2 milyon dollar cərimənin ödənməsi ilə bağlı yerli məhkəmənin qərarını qüvvədə saxlayıb. Bu qərardan şikayət vermək üçün isə Tramp 454.2 milyon dollar girov ödəməlidir. Üstəlik, Trampın ödəyəcəyi cərimə hər gün 112 min dollar artır. Yəni, Tramp siyasi tənəzzülün və iflasın astanasındadır".
Xaqani Cəfərlinin sözlərinə görə, Azərbaycanın müttəfiqlərindən biri Rusiya sarsıdıcı hərbi-siyasi məğlubiyyətin bir addımlığında, digəri Türkiyə isə iqtisadi iflasın astanasındadır: "Nəhəng büdcə kəsiri və qısa müddətli borcları Türkiyəni dərin iqtisadi böhrana sürükləyir. Lirənin sürətlə ucuzlaşması nəticəsində Türkiyənin xarici borcu hər ötən gün təxminən, 50 milyard lirə artır. Odur ki, Azərbaycanın daxili və xarici siyasətinin köklü şəkildə yenilənməsi zərurətə çevrilir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az