Azərbaycanın dövlət borcu proqnozları açıqlanıb
Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada nəzərdə tutulan ümumi dövlət borcuna xidmət xərcləri üzrəyuxarı hədd (dövlət büdcəsi xərclərinin 10 faizindən artıq olmaması) 2026-cı ilin birinci yarımili ərzində gözlənilib.
Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.
“Belə ki, dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 5,6 faiz təşkil edib. 2027-cı ilin 01 yanvar tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcunun 4 milyard 833,0 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 19 milyard 387,1 milyon manat olmaqla ümumi dövlət borcunun 27 milyard 604,1 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
2027-ci ilin 01 yanvar tarixinə xarici dövlət borcunun 59,5 faizinin 5 ilədək, 34,9 faizinin 5-10 il ərzində, 5,6 faizinin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5-1,5 faiz dərəcəsi (marja) ilə cəlb olunması nəzərdə tutulur. 2027-ci ilin 01 yanvar tarixinə daxili dövlət borcunun 55,3 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 51,0 faizi 5 ilədək, 49,0 faizi isə5il vədaha artıq istiqrazların payına düşməsi gözlənilir” – məlumatda qeyd edilib.