"Azərbaycanın nəhəng bir coğrafiyanın parlaq ulduzuna çevrildiyinə şahidlik edəcəyik" - ELÇİN MİRZƏBƏYLİ
"Baş verənləri mövcud reallıqlar çərçivəsində, həm də faktlara istinad edərək, soyuq məntiqlə şərh edənlərə "iki daşın arasında" çamur atanlar nə istəyir, görəsən?"
"Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə 2008-ci ildə, iyulun 3-də imzalanıb. Bu hadisədən cəmi 1 ay sonra Gürcüstanla Rusiya arasında müharibə baş verdi. Nəticəsi də hər kəsə bəllidir. Bu səbəbdən, təfərrüatına varmayacağam. Ölkəmiz 2008-ci ilin qızmar avqustundan itkisiz və ən əsası isə alnıaçıq çıxdı. Qonşu Gürcüstana münasibətdə Azərbaycan xalqının yardımsevərliyini ən yüksək səviyyədə nümayiş etdirdi". Hurriyyet.az xəbər verir ki, bu fikirlər siyasi ekspert Elçin Mirzəbəyliyə məxsusdur.
Siyasi ekspert bildirib ki, Rusiya ilə strateji tərəfdaşlıq haqqında bəyannamə Azərbaycanın xarici siyasət kursunun təməl prinsiplərinə, ölkəmizin siyasi, iqtisadi və hərbi cəhətdən müstəqilliyinə hər hansı bir təsir göstərmədi: "Əksinə, Rusiya ilə münasibətlərin daha etimadlı müstəviyə daşınmasına zəmin yaratdı ki, bu da özünü 44 günlük Vətən müharibəsində qabarıq şəkildə nümayiş etdirdi. Qeyd edim ki, sözügedən bəyannamədə təhlükəsizlik sahəsində sıx əməkdaşlıqdan, hətta birgə fəaliyyətdən başlayaraq, beynəlxalq təcrübədə mövcud olan bütün əməkdaşlıq istiqamətləri öz əksini tapıb. Bu bəyannamədən sonra Azərbaycan-Rusiya sərhədlərinin delimitasiya və demarkasiya prosesi uğurla, ziddiyyətlərə, fikir ayrılığına yol verilmədən başa çatdırıldı. «Xəzərin hüquqi statusu haqqında» Konvensiyanın hazırlanması və qəbul edilməsi istiqamətində ciddi addımlar atıldı. Azərbaycanın mövqeyi və maraqları hər iki ölkənin iştirak etdiyi proseslərdə nəzərə alındı və ölkəmizin suveren hüquqlarını məhdudlaşdıracaq, iqtisadi və siyasi maraqlarımıza zərbə vura biləcək ciddi, tutarlı faktlar nəzərə çarpmadı".
Bu baxımdan, Elçin Mirzəbəyli baş verənlərin mahiyyətinə varmadan, proseslərin gedişatının bizi hansı müstəviyə daşıyacağını təxmin etmədən, hətta imzalanacaq sənədin məzmununun nədən ibarət olacağını belə, bilmədən sosial şəbəkələrdə "tufan qoparan" "icazəli qəhrəman"ların nə istədiklərini anlaya bimədiyini vurğulayıb: ""İcazəsizləri", daha dəqiq desək, icazələri "beşinci kolon" kimi fəaliyyət göstərməkdən ibarət olanların, qrant dəllallarının, muzdlu nüfuz müvəkkillərinin hay-küyünü başa düşürəm. Aldıqları təlimata uyğun davranırlar. Amma baş verənləri mövcud reallıqlar çərçivəsində, həm də faktlara istinad edərək, soyuq məntiqlə şərh edənlərə “iki daşın arasında” çamur atanlar nə istəyir, görəsən? Azərbaycanın informasiya məkanı beyni daxili orqanların funksiyasını yerinə yetirən "pampers qafalılar"ın ümidinəmi qalıb? İndi nə edək? Çıxdığınız və girdiyiniz yerlərin ünvanlarınımı xatırladaq sizə?"
Odur ki, siyasi ekspert səbrli olmağı məsləhət görür. Onun fikrincə, Azərbaycanın nəhəng bir coğrafiyanın parlaq ulduzuna çevrildiyinə şahidlik edəcəyik.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az