"Azərbaycanın Rusiyaya indiki şübhəli və pis münasibəti tam təbiidir" - NATİQ CƏFƏRLİ
"Çünki Kreml hələ də bizim və digər postsovet ölkələrinin müstəqilliyini həzm etmir, bununla barışmaq, bizi müstəqil dövlət kimi görmək istəmir"
"ABŞ Konqressi 2023-cü maliyyə ilində dünya ölkələrinə maddi yardımla bağlı ayrılacaq vəsaitin miqdarı açqılanıb. Çox maraqlı detallar var. Birincisi, Ermənistana 2022-ci maliyyə ilində ABŞ Ermənistana 45 mln. dollarlıq yardım paketi açıqlamışdı, bundan başqa Xankəndinə humanitar yardım adı altında da oradakı qondarma quruma müxtəlif beynəlxalq humanitar təşkilatlar vasitəsi ilə də yardım ayrılmışdı". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
Politoloqun sözlərinə görə, 2023-cü il büdcəsində Ermənistana ayrılan vəsait ikiqat azaldılır, cəmi 24 mln. dollar vəsait ayrılacaq: "Xankəndinə kömək üçün beynəlxalq humanitar təşkilatlara 1 dollar belə, ayrılmayacaq. İkincisi, ABŞ 2023-cü ildə Azərbaycana isə 164 mln. dollar yardım, əsas da, hərbi sahədə yardım ayrılacaq. Bu hadisə erməni lobbisində də, Ermənistanda da isterika yaradıb. Amma məlumdur ki, Xankəndində Rusiyanın əsgəri varsa, ora indi ABŞ humanitar yardım göstərməyəcək, Ermənistanın Rusiyanın başında durduğu Avrasiya İttifaqı, Gömrük İttifaqı və KTMT-də yer aldığına görə yardımlar da azalacaq. Yəni, Qərb süddən çıxmış ağ qaşıq deyil, onlara qarşı ciddi suallar, iradlar, hətta onların dünyanın müxtəlif ölkələrində etdikləri cinayətləri sorğulamaq haqqımız da var. Amma ABŞ mənim ölkəmin, Azərbaycanın müstəqilliyini həzm edib əməkdaşlıq edir, amma Rusiya hələ də bizim və digər postsovet ölkələrinin müstəqilliyini həzm etmir, bununla barışmaq, bizi müstəqil dövlət kimi görmək istəmir. Bu mənada postsovet ölkələrinin, o cümlədən Azərbaycanın Rusiyaya indiki şübhəli və pis münasibəti tam təbiidir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az