AZƏRBAYCANIN TƏBİƏTİ DƏYİŞİR... - Hansı heyvan və bitkilər yox olmaq riski ilə üzləşə bilər?
İqlim dəyişikliklərinin təsiri Azərbaycanda yalnız temperatur göstəricilərində deyil, su ehtiyatlarının azalması, torpaqların quruması və təbii ekosistemlərin zəifləməsi ilə də özünü göstərir. Xüsusilə meşəlik ərazilər, nadir bitki örtüyü və vəhşi heyvanların yaşayış mühiti dəyişən iqlim şəraitinə daha həssasdır. Temperaturun yüksəlməsi və ekstremal hava hadisələrinin artması bəzi növlərin arealının daralmasına, digərlərinin isə yeni ərazilərə yayılmasına səbəb ola bilər. Bu vəziyyətdə Azərbaycanın biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirdiyi layihələrin real nəticələri və gələcək risklərə hazırlığı xüsusi əhəmiyyət daşıyır.
İqlim dəyişiklikləri Azərbaycanda hansı heyvan və bitki növlərini daha ciddi təhlükə qarşısında qoyur və bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Mövcud meşəsalma, milli parkların genişləndirilməsi və biomüxtəlifliyin qorunması tədbirləri iqlim risklərinin qarşısını almaq baxımından nə dərəcədə effektivdir?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən ekoloq Cavid Hüseynov bildirib ki, iqlim dəyişikliklərinin təsiri ölkəmizdə təkcə temperatur göstəricilərinin yüksəlməsində deyil, həmçinin su ehtiyatlarının azalması və təbii ekosistemlərin balansının pozulması ilə də özünü göstərir.
Onun sözlərinə görə, xüsusilə meşəlik ərazilər, nadir bitki örtüyü və vəhşi heyvanların yaşayış mühiti dəyişən iqlim şəraitinə daha həssasdır. Temperaturun yüksəlməsi və ekstremal atmosfer hadisələrinin artması bəzi növlərin yaşayış arealının daralmasına, digərlərinin isə yeni ərazilərə yayılmasına səbəb olur:“Bu vəziyyətdə Azərbaycanın biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirdiyi layihələrin real nəticələri və gələcək risklərə hazırlığı xüsusi əhəmiyyət daşıyır. Hər bir bioloji növün yaşaya bilməsi üçün Şelfordun tolerantlıq qanununa əsasən optimal temperatur və rütubət diapazonu mövcuddur. İqlim dəyişikliyi bu abiotik amilləri kəskin şəkildə dəyişdikdə, növlər ekoloji böhran mərhələsinə keçir. Termal stress və transpirasiyanın (su buxarlanmasının) sürətlənməsi bitkilərdə fotosintez intensivliyini aşağı salır, Şərq fıstığı, palıd növlərini və Hirkan meşələrinin relikt bitkilərini zəiflədərək kütləvi quruma riski ilə üz-üzə qoyur. Heyvanlar aləmində isə temperaturun artması maddələr mübadiləsi və termorequlyasiyanı çətinləşdirir. Məsələn, Şərqi Qafqaz turu optimal temperatur zonasına çatmaq üçün dağların zirvələrinə doğru şaquli miqrasiya etmək məcburiyyətində qalır ki, bu da yaşayış sahəsinin həndəsi silsilə ilə daralmasına (dağ zirvəsi tələsi) səbəb olur. Eynilə, Xəzər dənizinin səviyyəsinin enməsi Xəzər suitisinin, yarımsəhralardakı quraqlıq isə ceyranların çoxalma və qida areallarını sıxışdırır”.
Ekoloq qeyd edib ki, digər tərəfdən, iqlim dəyişikliyi növlərin bioloji ritmlərini fərqli sürətlərlə dəyişərək ekoloji sinxronizasiyanın itməsinə gətirib çıxarır: “Yarımsəhra zonalarında temperaturun erkən yüksəlməsi bitki örtüyünün vegetasiya dövrünü tezləşdirdiyi üçün ceyranların balavermə dövrü ilə bitkilərin ən qidalı dövrü arasındakı trofik (qida) zənciri qırılır və bu, populyasiyanın artım tempini aşağı salır. Fizioloji immuniteti zəifləmiş meşə ekosistemləri həm də temperatur artımı sayəsində qışlama faizi yüksələn zərərverici həşəratların və göbələk xəstəliklərinin güclü biotik təzyiqinə məruz qalır. Bu təhlükələrin qarşısını almaq üçün qorunan ərazilər arasında ekoloji dəhlizlər yaradılmalı, milli parklarda süni su mənbələri qurulmalı və quraqlığa dözümlü yerli bitki növlərinin genofondu qorunmalıdır”.

C.Hüseynov əlavə edib ki, Azərbaycanın həyata keçirdiyi meşəsalma və milli parkların genişləndirilməsi tədbirləri iqlim risklərinin azaldılmasında mühüm rol oynasa da, mövcud strategiyalar təkmilləşdirilməlidir: “Genişləndirilən milli parklar relyef baxımından bir-birindən izolyasiya olunmuş “adalar” formasında qaldıqda, ətrafdakı antropogen landşaftlar (yollar, kənd təsərrüfatı sahələri) heyvanların ekoloji miqrasiyasına mane olur. Bu cür kiçik və təcrid olunmuş populyasiyalarda baş verən yaxın qohumluq çarpazlaşması genetik müxtəlifliyi azaldır və növləri iqlim şoklarına qarşı müdafiəsiz qoyur. Eyni zamanda, meşəsalma işləri karbon qazının udulmasına xidmət etsə də, rütubət azlığı fonunda yeni massivlərdə yanğın risklərinin artması və monokultura (tək növ) əkinlərin zərərvericilərə qarşı dözümsüzlüyü bu tədbirlərin effektivliyini məhdudlaşdırır. Görülən işlərin elmi səmərəliliyini artırmaq üçün xalis kəmiyyət göstəricilərindən adaptiv idarəetmə ekologiyasına keçilməli, əkinlərdə bioloji müxtəliflik qorunmalı və ekosistemlərarası gen axınını təmin edən yaşıl dəhlizlərin qurulmasına üstünlük verilməlidir”.