"Azərbaycanla Ermənistan arasında sülh sazişi Moskvada imzalanmayacaq" - ELXAN ŞAHİNOĞLU
"Ən optimal variant kimi sülh sazişinin Cənubi Qafqazın üçüncü ölkəsinin paytaxtı Tiflisdə imzalanması faydalı olardı"
"Vaşinqton və Brüssel Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sabahkı görüşü diqqətlə izləyəcək, nəticələri analiz edəcəklər. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan etdikdən sonra sülh sazişinin imzalanması ehtimalı artıb. Ancaq bu saziş sabah Moskvada imzalanmayacaq. Liderlər yaxın aylarla müxtəlif şəhərlərdə görüşərək müzakirələri davam etdirəcəklər". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzini rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq hesab edir ki, sülh sazişinin hansı ölkədə imzalanacağıyla bağlı Moskva ilə Vaşinqton və Brüssel arasında rəqabət güclənəcək: "Ən optimal variant kimi sülh sazişinin Cənubi Qafqazın üçüncü ölkəsinin paytaxtı Tiflisdə imzalanması faydalı olardı və buna bir-biri ilə rəqabət aparan böyük oyunçular da etiraz etməzlər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az