Azərbaycanla Ermənistan arasında SÜLH SAZİŞİNİN İMZALANMASINA QARŞI OLAN QÜVVƏLƏR AKTİVLƏŞİB
Elxan Şahinoğlu: "Ermənistanın radikal müxalifəti ordudakı bir qrup tərəfdarı vasitəsilə təxribata əl ata bilər"
Asif Nərimanlı: "Ermənistan hakimiyyəti müxalif mediadan istifadə etməklə "güzgü prinsipi"ni yenidən gündəmə gətirməyə, yeganə çıxış yolunun qoşunların geri çəkilməsi olduğunu göstərməyə çalışır"
Kənan Novruzov: "Zəngəzur dəhlizi layihəsi tamamilə həyata keçirilərsə, dünyanın geosiyasi konyunkturasında tamamilə yeni mənzərə yaranacaq"
Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı yeni imkanlar yarandıqca Qərbdəki bəzi dairələr, o cümlədən Kremlin çaldığı havaya oynayan "Qarabağ klanı" əlində olan bütün imkanlardan istifadə edərək Bakı ilə İrəvanı üz-üzə qoymağa, tərəflər arasında yeni narazılıqlar yaratmağa çalışırlar. Buna misal olaraq erməni mediasının guya Azərbaycan ordusunun əsgərlərinin Göyçə mahalının Zod kəndinə girməsi barədə iddiasını göstərmək olar.
Belə ki, bununla bağlı axar.az-da yer alan məlumata görə, "Hraparak" nəşri "öz mənbəsinə istinadla" Azərbaycan əsgərlərinin 31 dekabr 2023-cü il saat 22:00-dan 1 yanvar 2024-cü il səhərə qədər Zod kəndi istiqamətində erməni hədəflərini atəşə tutduğunu, "xoşbəxtlikdən heç bir itki olmadığını qeyd edib. Hətta əsgərlərimizin Zod mədəninin tualetinə girərək, "ermənilər üçün" siqaretlər qoyduğu və təhqiramiz sözlər yazdığı da bildirilib. Azərbaycan tərəfi isə deyilənləri yalanlayıb və bunun sülh sazişi ilə bağlı danışıqların sürətləndiyi indiki mərhələdə Ermənistan müxalifətinə bağlı media qurumlarının uydurduğu və daxili auditoriyanı çaşdırmağa istiqamətlənən feyk olduğunu vurğulayıb. Görünür, aylardır sərhəddə heç bir gərginlik yaşanmadığından bu sakitlik və müsbət notlar kimlərisə narahat edir. Onu da qeyd etmək lazımdır ki, "Hraparak" nəşri Ermənistan Müdafiə Nazirliyinə sorğu verdiyini, ancaq təsdiq ala bilmədiyini yazmaqla, əslində məlumatın feyk olduğunu dolayısı ilə təsdiqləyib.
Cənubi Qafqazda sabitlik Azərbaycan-Ermənistan danışıqlarının nəticəsindən asılıdır
Yeri gəlmişkən, 2024-cü ildə bölgədə gözlənilən prosesləri şərh edən gürcü politoloq Soso Tsintsadzenin fikrincə, Rusiya və Qərb arasında kəskin qlobal qarşıdurma davam edəcək və Cənubi Qafqazda sabitlik olmayacaq. Bu barədə publika.az-da yayımlanan informasiyada deyilir ki, Tsintsadzenin sözlərinə görə, Ukrayna müharibəsi əvvəlki illərdə olduğu kimi bu il də beynəlxalq münasibətlərdə həlledici mövqeyə malik olacaq: "Rusiyanın geri çəkiləcəyi və Ukrayna müharibəsini qarşılıqlı məqbul şərtlərlə dayandıracağına dair heç bir əlamət yoxdur. Bu o deməkdir ki, Rusiya və Qərb arasında qlobal qarşıdurma davam edəcək. Vəziyyət uzandıqca, görürük ki, Rusiya sanksiyalara, geosiyasi təzyiqlərə uyğunlaşır, yeni koalisiyalar, tərəfdaşlar, yeni bazarlar tapmağa çalışır, ona görə də münaqişənin bu cür uzanması Moskvaya sərf edir. Qərb çalışırdı ki, hər şey intensiv və böyük sürətlə Ukraynanın xeyrinə tamamlansın. Bu baş vermir və belə vəziyyət nə Avropa, nə də Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir". Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının zəifləməsinin baş vermədiyini iddia edən gürcü politoloq bildirib ki, Kremlin mövqeyini gücləndirmək prosesinə İran da qoşulub və Türkiyənin də gizli şəkildə dəstəyi var: "Qərb çalışacaq ki, Cənubi Qafqazda təsirini tarazlaşdırsın. Bu prosesdə region ölkələrini risklər gözləyir. Gürcüstan və Ermənistan bir sıra geosiyasi qüvvələrin təzyiq hədəfi olacaq. Bir tərəfdən Qərb, digər tərəfdən Rusiya-İran-Türkiyə təzyiq edəcək. Gürcüstan və Ermənistan Qərbin istəklərinə açıqdır, lakin Qərb hər iki ölkədən daha böyük cəsarət gözləyir. Rusiya-İran-Türkiyə koalisiyası isə bununun əksini istəyir və bu istiqamətdə səylər göstərəcəklər".
Azərbaycan-Ermənistan münasibətlərinə gəlincə, Soso Tsintsadze qeyd edib ki, ABŞ və Rusiya danışıqlar prosesini idarə etməyə çalışsalar, regionda problemlər yaranacaq: "Zaman göstərir ki, tərəflər birbaşa formatda danışıqlar apara, yaxud Gürcüstanın təklifi ilə razılaşa bilərlər. İnkar etmirəm ki, bunun çətinlikləri var, lakin real sülh üçün bütün tərəflər birbaşa formatda razılığa gəlməlidir, əks təqdirdə, münaqişə sonsuza qədər uzanacaq. Azərbaycan-Ermənistan danışıqları ötənilki məntiqlə davam edərsə, Cənubi Qafqazda sabitlik olmayacaq".
Türkiyədən Zəngəzur dəhlizi ilə bağlı qəti qərar...
Bu arada, Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu isə ölkəsini türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə həyata keçirilə biləcəyini bəyan edib. Onun sözlərinə görə, qarşıdakı 5 ildə dəhlizlə bağlı işlər davam edəcək: "Son vaxtlar bu məsələdə Ermənistandan da müsbət mesajlar var. Dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Oranın planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq. Beləliklə, biz türk dünyasına daha rahat çata biləcəyik". Uraloğlu əlavə edib ki, İran da Zəngəzur dəhlizinə qoşulmaq istəyir: "Bunun üçün İranla Türkiyə arasında müzakirələr gedir. Bizim üçün Zəngəzur dəhlizi çox vacibdir. İranın bu layihəyə qoşulmasına da kömək edə bilərik. Zəngəzur dəhlizinin Türkiyə tərəfindən 224 kilometrlik hissəsi ilə bağlı addımlar atmışıq. İnşallah, 2028-ci ildə bütün işləri tamamlayacağıq".
"Ermənistanın baş naziri ölkəsindəki təxribatçılar barədə ölçü götürmək məcburiyyətindədir"
Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud sakitlik "Qarabağ klanı"nın və onların simasında radikal müxalifətin maraqlarına cavab vermir. Politoloq hesab edir ki, məhz bu səbəbdən də Ermənistanın radikal müxalifəti gərginliklə bağlı dezinformasiyaları özlərinə yaxın nəşrlərə ötürməklə iki ölkə arasında sülh sazişinin imzalanması perspektivinə mane olmaq istəyirlər: "Azərbaycan Silahlı Qüvvələrinin dekabrın 31-dən yanvarın 1-dək Ermənistan silahlı qüvvələrinin guya Zod kəndi istiqamətindəki mövqelərinə atəş açması barədə erməni mətbuatında yayılan məlumatların həqiqətə uyğun olmadığını elə Ermənistan Müdafiə Nazirliyi də təsdiq edib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan Azərbaycan tərəfinin bundan əvvəl diversiya cəhdi törətməyə çalışması barədə "məlumatı" da yalan adlandırıb. Məsələ burasındadır ki, mövcud sakitlik Ermənistandakı "Qarabağ klanı"nın və onların simasında radikal müxalifətin maraqlarına cavab vermir, gərginliklə bağlı dezinformasiyaları özlərinə yaxın nəşrlərə ötürməklə iki ölkə arasında sülh sazişinin imzalanması perspektivinə mane olmaq istəyirlər. "Qarabağ klanı" "dezinformasiyalardan" faydalana bilmədikdə, ordudakı bir qrup tərəfdarı vasitəsilə də təxribata əl ata bilər. Misal üçün mövqelərimizə atəş açaraq cavab atəşini Azərbaycan ordusunun həmləsi kimi qələmə verməyə çalışa bilərlər. Odur ki, Nikol Paşinyan Ermənistandakı təxribatçılar barədə ölçü götürmək məcburiyyətindədir".
"Vaşinqton Bakı və Ankaranın İrəvanla münasibətlərinin normallaşmasını, həmçinin danışıqların detallarından xəbərdar olmaq istəyir"
ABŞ-ın dövlət katibi Entoni Blinkenin Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşünə də toxunan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri bildirib ki, onların Yaxın Şərqlə yanaşı Cənubi Qafqazı da müzakirə etməsi Vaşinqtonun bölgəmizlə bağlı Türkiyənin mövqeyi və rəyi ilə hesablaşdığını göstərir: "Əlbəttə, Vaşinqton Bakı və İrəvanla birbaşa danışıqlar apararaq vasitəçilərdən biri olmaq rolunu davam etdirməyə çalışır. Ancaq Vaşinqtonun Türkiyə vasitəsilə də Cənubi Qafqazdakı durumu müzakirəsinin əhəmiyyəti var. Birincisi, bununla Vaşinqton Türkiyənin Cənubi Qafqazda artan rolunu qəbul edib. İkincisi, Vaşinqton Azərbaycanla yanaşı Türkiyənin də Ermənistanla münasibətlərinin normallaşmasını, Ankara ilə İrəvan arasında danışıqların detallarından xəbərdar olmaq istəyir. Üçüncüsü, Vaşinqton Azərbaycanla Ermənistan arasında imzalanması planlaşdırılan sülh sazişindən sonra bölgədən keçəcək kommunikasiya xətlərinin Rusiya və İranın nəzarətində olmasını istəmir. Çünki bu kommunikasiya xətləri uzaq Şərqi Cənubi Qafqaz üzərindən ABŞ-ın müttəfiqləri – Avropa ölkələri ilə birləşdirməlidir. Bütün bu mövzularla bağlı Vaşinqtonun Ankara ilə davamlı dialoqunu davam etdirməsinə ehtiyac var".
"Sülh sazişi imzalandıqdan sonra Zəngəzur dəhlizi mövzusunda irəliləyiş əldə etmək mümkündür"
Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlunun Zəngəzur dəhlizi ilə bağlı dediklərinə gəlincə, Elxan Şahinoğlu bunu iddialı açıqlama kimi dəyərləndirib: "Yəni, bu məntiqlə 4 ildən sonra dəhliz işə düşməlidir. Ermənistan rəsmiləri Zəngəzur dəhlizində maraqlı olduqlarını ifadə etsələr də, "dəhlizin Ermənistandan keçən hissəsi Ermənistanın yurisdiksiyası əsasında həyata keçirilməlidir" yanaşmasından imtina etməyiblər. Buna baxmayaraq, türkiyəli nazir Ermənistandan müsbət mesajlar aldıqlarını deyib. Bu nə deməkdir? Ermənistan rəsmilərinin türkiyəli həmkarlarıyla qapalı dialoqlarında "müəyyən şərtlər daxilində açıq dəhlizə icazə verə bilərik" cümləsini işlətmələri mümkündür. Çünki rəsmi Bakının mövqeyi belədir ki, Azərbaycan vətəndaşları Zəngəzur dəhlizindən istifadə edərkən yoxlamadan keçməməlidirlər. Rəsmi Bakı bununla yanaşı başqa ölkələrin yüklərinin Zəngəzur dəhlizindən daşınmasının Ermənistan yurisdiksiyasına uyğun həyata keçirilməsinin əleyhinə deyil. Yəni, bu "mənim vətəndaşlarım dəhlizdən yoxlanılmadan keçməli, digər ölkələrin yüklərini isə yoxlaya bilərsiniz" deməkdir. Bunun qarşılığında Ermənistan rəsmilərindən biri bugünlərdə verdiyi açıqlamada Azərbaycan vətəndaşlarının Naxçıvana keçərkən və geri qayıdarkən Zəngəzur dəhlizindən rahat istifadəsinin müzakirə oluna biləcəyinə eyham vurub. Beləliklə, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra Zəngəzur dəhlizi mövzusunda irəliləyiş əldə etmək mümkündür. Odur ki, Türkiyənin nəqliyyat və infrastruktur nazirinin dəhlizlə bağlı optimist açıqlaması üçün zəmin var".
"Sülh sazişi imzalansa belə, daim "tətikdə" dayanmaq, Ermənistanın ərazi iddialarını yenidən dilə gətirmək imkanı olmayacaq qədər zəiflətmək lazımdır"
Siyasi şərhçi Asif Nərimanlı isə bu qənaətdədir ki, Ermənistanın müxalif mediasında Azərbaycan ordusunun Zod (Söyüdlü) mədəninə daxil olduğu haqda tirajlanan iddia ilk baxışdan Nikol Paşinyan hakimiyyətinə qarşı ittiham kimi görünsə də, burada bir məqam şübhələr yaradır: "Belə bir iddianı gündəmə gətirməklə "Paşinyan Bakı ilə sülh danışıqları aparır, amma Azərbaycan ordusu irəliləyir" tezisini təbliğ etməyə çalışırlar. Lakin burada bir məqam şübhələr də yaradır: Ermənistan Xarici İşlər Nazirliyi sərhəddə qoşunların "güzgü prinsipi" əsasında çıxarılması haqda təkliflərinin qüvvədə olduğunu bəyan edib. İrəvan Azərbaycan ordusunun sərhəd boyu ərazilərdə mövqeləndiyi strateji yüksəkliklərdən geri çəkilməsinə nail olmağa hesablanmış bu təklifini daim səsləndirir, lakin bu haqda danışmağa zəmin yaradan hansısa hadisənin baş verməməsi xüsusilə diqqət çəkir. İrəvan "güzgü prinsipi"nin vacibliyini göstərmək üçün sərhəddə gərginliyin olmasında maraqlıdır. Bu baxımdan, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatından sonra "Azərbaycan ordusunun Zoda daxil olması" iddiasının tirajlanması diqqəti rəsmi İrəvanın üzərinə yönəldir. İstisna deyil ki, "güzgü prinsipi"ni yenidən gündəmə gətirən Ermənistan hakimiyyəti belə bir iddia ilə sərhəddə gərginliyin davam etdiyini və yeganə çıxış yolunun qoşunların geri çəkilməsi olduğunu göstərmək istəyir. İddianın müxalif mediada tirajlanması iz azdırmaq məqsədi daşıya bilər".
Erməni katolikosu II Qareginin İrəvanın əsas kilsəsində keçirilən mərasimdə "(qondarma) "artsax" bizim üçün heç vaxt keçmişə çevrilməyəcək", deyə bəyan etdiyini vurğulayan siyasi şərhçinin sözlərinə görə, Paşinyan hakimiyyəti bu mövqeyi paylaşmır: "Qareginin Yeni il günü müraciətinin İctimai Tv-də yayımlanmasına icazə verilməməsi də təkcə kilsə-hakimiyyət qarşıdurmasından yox, həm də katolikosun qondarma "artsax"dan bəhs etməsindən qaynaqlanır. Baş verənlər Ermənistanda kilsə-iqtidar davası kimi görünsə də, Azərbaycan üçün bir nəticəni də ortaya çıxarır: ermənilər Qarabağ iddiasından asanlıqla əl çəkməyəcək, çünki erməni terroru və separatizminin mənbəyi həmişə kilsə olub və onların siyasətə də, diaspora da kifayət qədər təsiri var. Və bu, Azərbaycanı iki istiqamətdə hərəkət etməyə vadar edir. Birincisi, Ermənistanla sülh sazişini revanşizm meyllərinin olmayacağı zəmanəti ilə imzalamaq və bu ölkənin üzərinə maksimum öhdəlik qoymaq, ikincisi isə sülh sazişi imzalansa belə, daim "tətikdə" dayanmaq, Ermənistanın ərazi iddialarını yenidən dilə gətirmək imkanı olmayacaq qədər zəiflətmək. Əks təqdirdə, məhz sülh naminə sülh bağlamaq ermənilərə zaman qazandıra bilər".
"Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması fonunda qarşı tərəfin Zəngəzur dəhlizi ilə bağlı ritorikasında yumşalmalar var"
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə qeyd edib ki, Zəngəzur dəhlizinin açılması əslində artıq nəinki region, həm də qlobal xarakter daşıyır: "Çünki Zəngəzur dəhlizinin açılmasında təkcə region ölkələri maraqlı deyil. Əlbəttə, Avropa da bu layihədən ciddi divident əldə edəcək. Zəngəzur dəhlizinin açılması həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir. Məsələ ondan ibarətdir ki, hər şeydən əvvəl Cənubi Qafqaz regionunda əməkdaşlıq mühitinin təmin olunması üçün münbit şərait yaranacaq. İkincisi, türk dünyasının birləşməsinə təkan veriləcək. Üçüncüsü, Cənubi və Türk dünyası ilə Avropa arasında ticarət əlaqələri güclənəcək. Bu isə öz-özlüyündə siyasi kataklizmlərin azalmasına töhfə verə bilər. Çünki artıq iqtisadi maraqlar, əməkdaşlıq ön plana çıxacaq. İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi, sözsüz ki, həm də Zəngəzur dəhlizi məsələsinə töhfə oldu. Nəzərə almaq lazımdır ki, son vaxtlaradək Zəngəzur dəhlizinin açılmasına mane olan əsas məqam Ermənistanın destruktiv mövqeyi idi. Amma son zamanlar, xüsusilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması fonunda qarşı tərəfin ritorikasında yumşalmalar var. Bu isə özünü həm də Zəngəzur dəhlizinin açılmasında göstərir".
Kənan Novruzovun fikrincə, İrəvan Zəngəzur dəhlizinin açılmasına birdən-birə razı olmayacaq, odur ki, Ermənistan prosesi mümkün qədər uzatmağa çalışacaq: "Həmçinin Tehran da hələ bu məsələdə birmənalı mövqe ortaya qoyub. Amma Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Əlbəttə, Zəngəzur dəhlizi açılacaq. Bunun alternativi yoxdur. Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin istifadəyə verilməsi həm də Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlunun proqnozunu verdiyi Zəngəzur dəhlizi layihəsinin tamamilə həllinə xidmət edəcək. Əgər Uraloğlunun proqnozu gerçəkləşər və 2028-ci ildə Zəngəzur dəhlizi layihəsi tamamilə həyata keçirilərsə, onda dünyanın geosiyasi konyunkturasında tamamilə yeni mənzərə yaranacaq. O zamana qədər isə addım-addım işləmək, lazımi şəraitin təmin olunmasına çalışmaq lazımdır".
Vazeh BƏHRAMOĞLU