Azərbaycanla sülh müqaviləsinin bağlanması MÖVCUD ERMƏNİSTAN KONSTİTUSİYASINA ZİDDİR
Məhəmməd Əsədullazadə: "Ermənistanı hazırkı problemlərindən qurtarmaq, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurması üçün bu ölkənin konstitusiyası dəyişdirilməlidir"
Elxan Şahinoğlu: "Ermənistan konstitusiyasını dəyişdirmədən Azərbaycan və Türkiyə ilə dayanıqlı barışa ümid edə bilməz"
"Paşinyanlar gəldi-gedərdi, Rusiya Ermənistanın simasında Cənubi Qafqazdakı tək forpostundan imtina edən deyil"
Ermənistanın baş naziri Nikol Paşinyan bugünlərdə Ədliyyə Nazirliyində çıxışı zamanı ölkəsinin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib. Belə ki, "Ədliyyə naziri ilə görüş zamanı qeyd etdim ki, mənim, eləcə də bir sıra həmkarlarımın fikrincə, Ermənistana konstitusiyaya düzəlişlər yox, yeni konstitusiya lazımdır" deyən Paşinyanın fikrincə, Ermənistan üçün ən uyğun idarəçilik modeli parlament respublikasıdır. Lakin bununla yanaşı, o, məhkəmə-hüquq sferasında bəzi dəyişikliklərin zəruri olduğunu da qeyd edib.
Paşinyan hesab edir ki, Ermənistan xalq tərəfindən səsvermənin nəticələrinə əsaslanan konstitusiyaya malik olmalı və bu konstitusiya tam legitim olmaqla heç bir şübhə doğurmamalıdır. Baş nazir eyni zamanda, ölkəsinin təhlükəsizlik nöqteyi-nəzərindən yeni geosiyasi və regional şəraitdə daha rəqabətqabiliyyətli konstitusiyaya ehtiyacının olduğunu sözlərinə əlavə edib. Paşinyan yeni konstitusiyanın qəbul olunması ilə bağlı işlərə yaxın gələcəkdə başlamağın zəruri olduğunu da vurğulayıb.
Bu arada, onu da nəzərinizə çatdıraq ki, Paşinyan "Mülki müqavilə" partiyasının idarə heyətinin iclasında danışıqlar prosesinin təfərrüatını təqdim edərkən, indi faktiki olaraq Ermənistanla Azərbaycan arasında birbaşa təmasların az-çox aktiv olduğunu bildirib: "Əsasən, iş üçün iş kanalları var - xüsusən də mənim ofisimlə Azərbaycan Prezidentinin Aparatı arasında. Bu kanallar vasitəsilə biz birgə bəyanat qəbul etdik və nəticədə əsir düşən 32 qardaşımız geri qayıtdı. Təbii ki, fəaliyyətin mövzusu sülh müqaviləsinin mətni üzərində işdir. Bizə göndərirlər, biz işləyirik, onlara göndəririk. İndi əslində iş o yerə çatıb ki, biz Azərbaycandan, Azərbaycan da bizdən qarşılıqlı olaraq əlavə təminat istəyirik ki, bizim bir-birimizdən gizlədilmiş ərazi tələblərimiz və ambisiyalarımız yoxdur, çünki diplomatik mətnlərin özlərində həmişə fərqli istinadlar, kontekstlər və qeydlər var. Və biz təkliflərin sətirləri arasında Azərbaycanın ərazi tələblərinin bu gün olmasa da, gələcəkdə müəyyən təhlükələrini görürük. Düşünürəm ki, biz bu vəziyyətə davam edən bir iş kimi baxmalıyıq və bu suallara cavab verilənə qədər işə davam etməliyik".
"Sülh müqaviləsinin bağlanmasında yeni problemlər ortaya çıxır"
Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, hələ də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində bir sıra problemlər qalmaqdadır. Məhz Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində sülh müqaviləsinin bağlanmasının uzandığını deyən politoloqun qənaətincə, Qərb və Rusiya artıq sülh müqaviləsinin bağlanmasında maraqlı görünmür: "Ermənistan Zəngəzur yolunun maneəsiz giriş-çıxışını təmin etmir. Əlavə şərtlərlə çıxış edərək Azərbaycanın bu yoldan istifadəsini əngəlləyir. Ermənistan həmçinin, sülh müqaviləsinin bağlanmasında zəmanətçi təklifini irəli sürürərək iki ölkə arasında problemi beynəlxalq müstəviyə çıxarır. Bununla yanaşı, Ermənistan hücum silahları alır və Qərbin bir neçə paytaxtlarından təlimatlar alaraq müstəqil siyasət ortaya qoymur. Yaxın və Orta Şərqdə, Şərqi Avropada hərbi gərginlik inkişaf edir. Yeni silahlı münaqişələr ortaya çıxır. Beynəlxalq müstəvidə gərginləşən hərbi böhran fonunda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında yeni problemlər ortaya çıxır. Qərb və Rusiya artıq sülh müqaviləsinin bağlanmasında maraqlı görünmür. Azərbaycana qarşı yeni təzyiqlərə əl atılır. Ermənistanın silahlandırılması məhz sülh prosesini pozmaq və yeni təxribatlara cəlb etmək məqsədi daşıyır".
"Paşinyan məhz bu konstitusiyanın revanşist və daşnaklar tərəfindən hazırlanmış mürtəce qanun olduğunun fərqindədir"
Nikol Paşinyanın Ermənistanın yeni konstitusiyaya ehtiyacı olması ilə bağlı fikirlərinə gəlincə, Milli Cəbhə Partiyasının sədr müavini bildirib ki, həqiqətən də Ermənistan konstitusiyası bu ölkənin işğal siyasətini qanuniləşdirərək Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları əks olunub: "Yəni, Qarabağa dair iddialar Ermənistan konstitusiyasında təsbit olunub. Odur ki, Azərbaycanla sülh müqaviləsinin bağlanması mövcud Ermənistan konstitusiyasına ziddir. Nikol Paşinyan məhz bu konstitusiyanın revanşist və daşnaklar tərəfindən hazırlanmış mürtəce qanun olduğunun fərqindədir. Bu səbəbdən də Ermənistanı hazırkı problemlərindən qurtarmaq, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurması üçün bu ölkənin konstitusiyası dəyişdirilməlidir".
"İkinci Qarabağ müharibəsindəki ağır məğlubuyyətə rəğmən, Paşinyana səs verən ermənilər yeni konstutisiyaya da "yox" deməyəcəklər"
Nikol Paşinyanın parlamentdəki çıxışlarında ara-sıra mövcud konstitusiya barədəsində tənqidi fikirlər bildirdiyini deyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Ermənistanın baş naziri qonşu dövlətlərə ərazi iddiasını əks etdirən bəndlərin əsas qanunda varlığının reallığı əks etdirmədiyinə işarə edib: "Bu həqiqətdir, Ermənistan müstəqilliyini qazandıqda bu ölkədəki siyasi qüvvələr özgə torpaqlara giz dikərək ərazi iddialarını əsas qanuna salmışdılar. O dövr bitdi. Paşinyan anlayır ki, konstitusiya dəyişikliyi etmədən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq çətin olacaq. Radikalların və "Qarabağ klanı"nın müqavimətindən asılı olmayaraq Paşinyan yeni konstitusiya qəbul etmək istəyərsə, erməni cəmiyyətinin əksər hissəsi ona dəstəyini ifadə edəcək. Bu həmin ermənilərdir ki, İkinci Qarabağ müharibəsindəki ağır məğlubuyyətə rəğmən, yenə Nikol Paşinyana səs verdilər. Onlar yeni konstutisiyaya da "yox" deməyəcəklər".
Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanın radikal müxalifəti baş nazir Nikol Paşinyanın üstününə düşüb ki, bəs o yeni konstitusiyanın qəbulu vacibliyini söyləməklə əsas qanunda Azərbaycana və Türkiyəyə ərazi iddiaları olan bəndləri çıxarmaq istəyir: "Ayrı necə olmalıydı ki? Məğlub durumda olan Ermənistan Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıq istəyirsə, konstitusiyasında məlum bəndləri çıxartmalıdır. Əks halda iki qonşusuyla dayanıqlı barışa ümid edə bilməz. Radikalların xəstə məntiqinə görə, Ermənistan ərazi iddialarından əl çəkməməli və əbədiyyətə qədər iki qonşusu ilə düşmən olmalıdır. Bununla radikallar ermənilərə Cənubi Qafqazda əbədi nifaq və məhrumiyyətlər vəd edirlər. Fikrimcə, Nikol Paşinyana konstitusiya dəyiklikləri yolunda kənardan dolayı dəstək vermək lazımdır. Misal üçün Azərbaycan Xarici İşlər Nazirliyi qısa mətndən ibarət bəyanat yaya bilər və orada göstərər ki, Ermənistan konstitusiyasında ərazi iddialarını əks etdirən bəndlərin varlığı bölgədə sülh və əməkdaşlığa əngəldir, münasibətlərin normallaşması üçün həmin bəndlərin əsas qanundan çıxarılması bugünkü reallığın diqtə etdiyi şərtlərdən biridir. Bu bizim erməni cəmiyyətinə mesajımız olar ki, sülh istəyirsinizə, yeni konstitusiyanın qəbulunda baş nazirinizə dəstək verin!"
"Lavrov Ermənistan hakimiyyətini yıxıb-sürüsə də, Paşinyan və digər rəsmilər ona cavab verməyə tələsmirlər, çünki..."
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan hakimiyyətinin ünvanına səsləndirdiyi tənqidi fikirlərə gəlincə, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri bildirib ki, Paşinyan olmaqla Ermənistan rəsmiləri Lavrova cavab verməyə tələsmirlər: "Halbuki, Lavrov bir neçə gün əvvəl Moskvada keçirdiyi geniş mətbuat konfransında Ermənistan hakimiyyətini yıxıb sürümüşdü. Ermənistanın hakimiyyət təmsilçiləri Kremlin üzərinə çox getməyin təhlükələrini anlamağa başlayıblar, üstəgəl İrəvanın "bəyənmədiyi" Rusiya bugünlərdə Ermənistana İran üzərindən özündə hücum xarakterli silahları da ehtiva edən hərbi texnika göndərib. Rusiya Ukraynaya qarşı işğalçı müharibə fonunda itirdiyi hərbi texnikanın yerini doldurmağa ehtiyacı olduğu halda müttəfiqi Ermənistanı unutmayıb. Buna baxmayaraq, Qərbdəki dairələr Ermənistanı Rusiyadan uzaqlaşdırmağın yollarını aramaqdan imtina etməyiblər. Qərb Ermənistanı NATO üzvü edə bilməsə də, Şimali Atlantika Blokunun müxtəlif proqramlarına daxil etməyə çalışırlar. Ermənistan 1994-cü ildən Azərbaycan kimi NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramının üzvüdür. Əməkdaşlığın inkişafı bu proqram çərçivəsində də mümkündür. Bu arada, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin iqamətgahında çalışdığı ölkənin müdafiə naziri Suren Papikyanı şam yeməyinə dəvət edib. Aydındır ki, söhbətdə Ermənistanın ABŞ-la hərbi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Suren Papikyan hərbi əməkdaşlığın genişləndirilməsi mövzusunu İrəvanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolominlə də müzakirə edib. Görüşlər çoxdur, ancaq Qərb ölkələri və NATO Ermənistana təhlükəsizlik təminatı verməkdə acizdir, sadəcə rəsmi İrəvanın ünvanına "xoş sözlər", "biz sizinləyik" kimi eptitetlər səsləndirməklə kifayətlənirlər".
Politoloq onu da əlavə edib ki, Paşinyanlar gəldi-gedərdi, Rusiya Ermənistanın simasında Cənubi Qafqazdakı tək forpostundan imtina edən deyil.
Vazeh BƏHRAMOĞLU