Azərbaycanlı "qanuni oğru" Türkiyədə SAXLANILDI
Rusiya tərəfindən axtarışa verilən və ölkəyə girişi qadağan edilən Azərbaycan vətəndaşı Türkiyədə saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Təhlükəsizlik Baş İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin koordinasiyası ilə Muğla Vilayət Polis İdarəsinin Kəşfiyyat və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları axtarışda olan şəxslərin tutulması məqsədilə əməliyyat keçiriblər.
Əməliyyat zamanı Rusiya hakimiyyəti tərəfindən “qanuni oğrular” kimi tanınan mütəşəkkil cinayətkarlıq strukturu ilə əlaqəli olduğu müəyyən edilən Azərbaycan vətəndaşı E.A. Marmaris şəhərində saxlanılıb.
Məlumata görə, E.A. “Caniyev” mütəşəkkil cinayətkarlıq sindikatı ilə əlaqəli şəxs kimi müəyyən edilib və Türkiyəyə girişinə qadağa qoyulan şəxslər üçün tətbiq edilən “G-26” məhdudiyyət koduna tabedir.
Şübhəlinin polis bölməsindəki prosessual prosedurlarının davam etdiyi bildirilib.