Azərbaycansayağı "uğur hekayəsi" QURMAĞIN YOLU...
Natiq Cəfərli: "İdmançı, çempion olursan, dövlət baba sənə ev, maşın, pul, formal, amma yüksək vəzifə verir, ya da müxtəlif üsullarla şou-biznesə daxil olursan, dövlət tədbirlərində mahnı oxuyub şeir deyirsən, buna görə də dövlət sənin vergi vermədiyinə, leqal fəaliyyət göstərmədiyinə göz yumur"
"Hər bir ölkənin öz "uğur düstüru" var, uzun illər, məsələn, ABŞ-da "amerikan arzusu" deyilən anlayış var. Mənası da odur ki, istənilən şəxs, miqrantlar da daxil ABŞ-da uğur qazana, yoxdan var ola, varlana bilər. Amma elə ABŞ-ın özündə uzun illər qaradərili vətəndaşlar ancaq idmanda uğur qazana, idman və ya şou-biznes sahəsində varlana bilirdilər. Çünki təhsilə çıxışları məhdud idi, ABŞ-da təhsil həmişə böyük pul tələb edirdi". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.
Politoloq bildirib ki, bu, son 30-40 ildə dəyişdi, qaradərililər təhsil almağa hüquqşünas, həkim, siyasətçi kimi öz uğur hekayələrini yaratmağa başladılar: "Bizim məmləkətdə uğur qazanmağın hələ də iki yolu inhisara alınmayıb – idmançı, çempion olursan, dövlət baba sənə ev, maşın, pul, formal, amma yüksək vəzifə verir. Ya da müxtəlif üsullarla şou-biznesə daxil olursan, dövlət tədbirlərində mahnı oxuyub şeir deyirsən, buna görə də dövlət sənin vergi vermədiyinə, leqal fəaliyyət göstərmədiyinə göz yumur, əvəzində sən də toya gedirsən, məclis aparırsan, ya da dövlətin kreslolarında oturanların yatağında uzanırsan – vəssalam, ev, maşın, hörmət, Azərbaycansayağı "uğur hekayəsi" qurursan. İdaman, incəsənət çox gözəl sahələrdir, "sağlam bədəndə sağlam ruh", prinsipi yaradır".
REAL-ın icra katibi hesab edir ki, hansısa məmləkətdə israrla "uğur hekayəsi" ancaq idman və şou-biznesdə mümkünlüyü haqqında hər gün TV-lərdə təbliğat gedirsə, o zaman idmanın da, incəsənətin də zayı çıxır: "Bir çox valideynlər uşaqlarını elmdə, biznesdə, siyasətdə deyil, bu sahədə görmək üçün çalışırlar. Hətta öz övladlarına yaxşı təhsil verənlərin çoxu da öz uşaqlarına gələcəkdə elə dövlət işində, məmur kimi görməyi arzulayırlar. Çünki idamanda, incəsənətdə bacarıq, istedad da lazımdır, amma görünən odur ki, məmur olmaq üçün ingilis dili bilmək, hansısa Avropa ölkəsindən diplom almaq bəs edir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az