"Azəriqaz"ın müharibə iştirakçısı olan əməkdaşının iddialarına işlədiyi qurumdan aydınlıq gətirilib
"Bu şəxs avqust ayında böyrəyindən əməliyyat olunub. Beş iş gününə görə həkimdən arayış gətirib. Avqust ayının maaşını tam şəkildə alıb. Sentyabrın 1-dən isə evdə müalicəsini davam etdirib"
Bunu "Hürriyyət.az"a açıqlamasında "Azəriqaz"ın mətbuat katibi Eldəniz Vəliyev Vətən müharibəsi iştirakçısı İbrahim Mehman oğlu Yəhyayevin iddialarına cavab olaraq bildirib. O qeyd edib ki, İbrahim Yəhyayev evdə müalicə aldığı günlər üçün işlədiyi yerə həkimdən arayış gətirmədiyi üçün ona sentyabr ayının əmək haqqısı verilməyib:
"Evində müalicə alandan sonra arayış almaq üçün həkimə müraciət edib. Lakin, həkimlər arayışı verməkdən imtina ediblər. Bu baxımdan, o sentyabr ayı üçün həkimdən arayış təqdim etməyib. İşə çıxmayan adama məvacib verirlər? Həkimdən arayış gətirməli idi. Əvvəldən qeydiyyata düşməlidi. Bu halda ona gəlmədiyi günlər üçün həkimdən arayış təqdim edilir. Həmin arayışı da işlədiyi yerə təqdim edir. Bu baxımdan, həkimdən arayış təqdim etmədiyi üçün sentyabr ayının maaşını ala bilməyib. Tam qanunauyğun addımlar atılıb".
Qeyd edək ki, "Azəriqaz"ın Sumqayıt şəhər üzrə idarəsinin 8 saylı sahəsində işləyən müharibə iştirakçısı İbrahim Yəhyayev müharibədən qayıtdıqdan sonra əməliyyat olunmaq məcburiyyətində qalıb. Əməliyyat olunduqdan sonra kirayədə qaldığı evdə müalicə olunan İbrahim Yəhyayevin iş günləri isə üzürlü səbəbdən hesab edilməyərək, maaşından tutulub. Beləliklə, o sentyabr ayının əmək haqqısını tam ala bilməyib.
YƏHYA