📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“AZƏRPOÇT” İSTEHLAKÇI HÜQUQLARINI NECƏ POZUR? - Mərkəzi poçt saat 20-yə qədər xidmət göstərir, yoxsa 19-a?

2022-04-06 11:32:00

“AZƏRPOÇT” İSTEHLAKÇI HÜQUQLARINI NECƏ POZUR? - Mərkəzi poçt saat 20-yə qədər xidmət göstərir, yoxsa 19-a?

“Azərpoçt” MMC-nin istehlakçı hüquqlarını pozması, məktubları it-bata salması bu günün problemi deyil, illərdir sürür. Özəlliklə uluslararası poçt daşımaçılığında kobud pozuntuların baş verməsi ölkə daşından mal sifariş edənlərə , dışarıya məktub göndərənlərə yaxşı bəllidir.

Təsəvvür edin, kiməsə dışarıdan qiymətli məktub gəlir, “Azərpoçt” vermir ki, məsələn, MTN-in (hazırda DTX) razılığı gərəkir. Uzun-uzadı yazışmalardan, çəkişmələrdən sonra məktubun xüsusi xidmət orqanının “testi”ndən “üzüağ çıxmadığı” , geri qaytarıldığı bildirilir. Axı məktub yiyəsinə çatmadan necə və hansı yolla geri qaytarıla bilər? Suala cavab tələb edəndə isə “poçtbilənlər” məktubun ştrix-kodunu tələb edib, bunsuz geri göndərilən məktubun axtarışının mümkünsüz olduğunu bildirirlər.(?) Özbaşınalığı göz önünə gətirin, məktub poçtla gəlib, yiyəsinə verilmədən poçtla da geri qaytarılıb(sa) , məktubunun -malının üzünü görməyən istehlakçıdan hansı göndərilmə tarixi və ştrix-kodu tələb oluna bilər? Məktublar ölkə dışına, özəlliklə, Avropa İnsan Hüquqları Məhkəməsinə göndəriləndə də xüsusi xidmət orqanlarının qanunsuz “testindən” keçirilir. “Test”dən “üzüqara” çıxan məktublar elə it-bata salınır ki, heç Xoşqədəm xanım da tapa bilməz.  Yenə pandemiyasız-covidsiz çağlarda qonşu Gürcüstandan məktub yola salmaq olurdu, bu zəhrimar covid -19 sərhədi keçib-qayıtmağa elə qadağa qoyub ki, xüsusi xidmət orqanlarının “testi” onun yanında heç nədir.

Nə isə, çox uzatmayaq, yoxsa redaktorun qayçısından qaça bilmərik. Ötən gün Mərkəzi Poçtun xidmətindən saat 19-u keçməsi nədəni ilə yararlana bilmədik. Oysa Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yüksək texnologiyalarının yardımı ilə baş poçtun işinin 20-yə qədər olması saytda açıq göstərilib. Saat 19 olan kimi bağlanan qapının üstündə də iş saatının sonu 20-00 yazılıb. Bəs niyə istehlakçılar aldadılır? Saytda iş saatının sonunu düz göstərmək belə çətindir? Yoxsa, rəqəmsal inkişaf elə belə olur?

Məğrur BƏDƏLSOY