📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azıx mağarasında 30 gün yaşadıq” – Türkiyəli rejissor

2026-11-26 16:06:20

“Azıx mağarasında 30 gün yaşadıq” – Türkiyəli rejissor

“Azıx mağarası: Azərbaycanın beşiyi” sənədli filminin rejissoru Atakan Kərküklü layihənin ərsəyə gəlmə prosesi, çəkiliş zamanı qarşılaşdıqları maraqlı məqamlar və Azıx mağarasının tarixi əhəmiyyəti barədə danışıb.

Hurriyyet.net  xəbər verir ki, rejissor filmin beş ölkədə – Azərbaycan, Almaniya, Kanada, İngiltərə və Türkiyədə çəkildiyini bildirib.

Atakan Kərküklünün sözlərinə görə, layihənin əsas məqsədi Azərbaycan alimlərinin beynəlxalq mütəxəssislərlə birgə apardıqları arxeoloji tədqiqatları dünyaya tanıtmaq olub. O qeyd edib ki, Qarabağ torpaqları işğaldan azad edildikdən sonra Azıx mağarasının tarixi və elmi əhəmiyyətinin araşdırılması, əldə olunan nəticələrin beynəlxalq ictimaiyyətə çatdırılması xüsusi aktuallıq qazanıb.

Rejissor bildirib ki, 1960-cı illərdə başlanmış arxeoloji tədqiqatlar 30 ildən artıq fasiləyə uğrayıb və filmin hazırlanması zamanı bu araşdırmaların nəticələrini daha geniş auditoriyaya təqdim etməyə çalışıblar.

Atakan Kərküklü çəkilişlər zamanı yaşadığı ən yaddaqalan təcrübələrdən birinin 500 min il yaşı olan qadına məxsus alt çənə sümüyünü əlinə götürmək olduğunu vurğulayıb:

“Çəkilişlər zamanı çox maraqlı faktlarla qarşılaşdıq. Həyatımda ilk dəfə 500 min il yaşı olan insan alt çənə sümüyünü əlimdə tutdum. Bu, mənim üçün inanılmaz təcrübə idi. Həmin nümunəni yaxından araşdırdıqca və çəkilişlər apardıqca nə qədər xüsusi bir məkan haqqında film çəkdiyimizi daha yaxşı anladıq”.

Rejissor qeyd edib ki, Azərbaycan ərazisində çəkilişlər həm yayda, həm də qışda aparılıb. Komanda təxminən 30 gün mağarada qalıb. Daha sonra Almaniyada, Kanadada, İngiltərədə və Türkiyədə paleolit dövrü üzrə tanınmış alimlərlə görüşlər keçirilib, müsahibələr lentə alınıb.

Kərküklü Azıx mağarasında həm yay, həm də qış şəraitində işləməyin onlar üçün fərqli və unudulmaz təcrübə olduğunu deyib.

O, Azərbaycan və Türkiyənin birgə istehsalı olan layihənin ərsəyə gəlməsində əməyi olan şəxslərə təşəkkür edib və filmin Azərbaycanın zəngin tarixinin beynəlxalq miqyasda tanıdılmasına kiçik də olsa töhfə verəcəyinə ümid etdiyini bildirib.