📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bağırmağı siyasət hesab etsəniz, o zaman vətəndaşların borcu günbəgün artacaq" - XAQANİ CƏFƏRLİ

2023-08-09 13:08:00

"Xirosima və Naqasakiyə atom bombasının atılması Yaponiyanın orta və ali məktəb üçün tarix dərsliklərində ətraflı qeyd və şərh olunub, ancaq yapon siyasətçilər bu məsələni siyasi demoqoqiyaya çevirmirlər"

"Avqustun 6-da Yaponiyada Xirosimaya atom bombası atılmasının 78-ci ildönümü münasibətilə mərasim keçirilib. Mərasimdə Yaponiyanın baş naziri Fumio Kişida və Xirosimanın meri Kazumi Matsuinın etdikləri çıxışlar çox ibratimizdir. Belə ki, baş nazir Fumio Kişida və mer Kazumi Matsui çıxışlarında atom bombası atan ölkənin, yəni ABŞ-ın adını çəkməyiblər. Bu vəziyyət yapon siyasəti üçün ənənəyə çevrilməkdədir. Yapon rəsmiləri ictimai çıxışlarında adətən Yaponiya şəhərlərinə atom bombası atanın ABŞ olduğunu vurğulamırlar. Ənənəvi olaraq Yaponiyanın baş nazirləri və iki şəhərin (Xirosima və Naqasaki) merləri atom bombası qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimlərindəki çıxışlarında birbaşa ABŞ-ın adını çəkmirlər". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloq bildirib ki, Xirosima və Naqasakiyə atom bombasının atılması Yaponiyanın orta və ali məktəb üçün tarix dərsliklərində ətraflı qeyd və şərh olunub: "Ancaq yapon siyasətçilər bu məsələni siyasi demoqoqiyaya çevirmirlər. Yaponlar Ağ Evin xoşuna gəlmək üçün deyil, ABŞ sərmayəsini hürkütməmək üçün belə davranırlar. Bağırmağı siyasət hesab edənlərdən fərqli olaraq yaponlar bilirlər ki, sərmayə çox hürkəkdir. Siz onu hürkütsəniz bir daha yaxalamağınız mümkün olmaya bilər. ABŞ səramayəsi olmadan isə heç bir ölkə qüdrətli dövlətə çevrilə bilməz. Cənubi Koreya rəsmiləri də yapon siyasətçiləri kimi davranırlar. Cənubi Koreya rəsmiləri ABŞ sərmayəsini hürkütməmək üçün əllərindən gələni edirlər. Bu hadisə dünya siyasətinin mahiyyətini anlamaq üçün hər kəs üçün dərs ola bilər. Yaponiya dünyanın üçüncü böyük iqtisadiyyaına, Cənubi Koreya isə 14-cü böyük iqtisadiyyata malikdir. Həyat səviyyəsinin yüksəkliyinə görə hər iki ölkə dünyada ən öncül yerlərdədir. Çünki onların siyasətçiləri yaxşı bilirlər ki, bağırmaq siyasət deyil".

Xaqani Cəfərlinin sözlərinə görə, bağırmağı siyasət hesab etsəniz, o zaman vətəndaşlarınızın borcu günbəgün artacaq: "Bunun da nəticəsində vətəndaşlarınızın ömrü xarici bank və fondlara borc faizləri ödəməklə keçəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az