Bakı BUNU da etdi: İrəvana son XƏBƏRDARLIQ – Cəmi BİRCƏ addım və...
Azərbaycan və Ermənistan arasında sülh quruculuğu bəzi süni əngəllərə rəğmən, davam edir. Xüsusən də keçən ilki Vaşinqton anlaşmasından sonra bölgədə etimad mühiti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Sərhəddə atışma kəsilib, ölüm-itim yoxdur, iki ölkə arasında hətta iqtisadi-ticari əlaqələr başlayıb.
Fəqət, bu, dayanıqlı sülh deyil təbii ki. Çünki sülh müqaviləsi ABŞ-nin qarantorluğu ilə 14 aydır paraflansa da, imzalanmamış qalır. Təbii ki, Azərbaycandan asılı olmayan səbəbdən. Məsələ ondadır ki, Ermənistanda “bəlkə də qaytardılar” xülyası ilə yaşayanlara gizli-açıq dəstək güclü olaraq qalır. Əfsus ki, həm də Nikol Paşinyan hökumətinin öz daxilindən...
“Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz. Halbuki əvvəlki Ermənistan rəhbərləri, onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər”.
Bu sözləri Prezident İlham Əliyev bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı söyləyib.
“Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi. Azərbaycan xalqını təhqir etməyə çalışırdı, yersiz və mədəniyyətsiz açıqlamalarla Azərbaycan xalqının heysiyyətinə toxunurdu”, - deyən dövlət başçısı bildirib ki, biz bütün bunları heç vaxt unutmamalıyıq.
Unutmağa haqqımız yox. Üstəgəl, qonşumuzun kim olduğunu, onun gerçək xislətini gələcək nəsillərə olduğu kimi çatdırmağı bacarmalıyıq. Sülh sazişi imzalansa da, imzalanmasa da. Hələliksə...
“Azərbaycan yalnız son bir addımı – Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dəyişikliklərin edilməsini gözləyir və bundan sonra yekun sülh sazişi reallığa çevriləcək”.
Bunu isə Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda deyib və İrəvanı öz cəmiyyətinin sülhə hazırlanması istiqamətində fəal şəkildə işləməyə səsləyib. Sitat: "Daha bir narahatlıq doğuran amil erməni gənclər arasında revanşist əhval-ruhiyyənin davam etməsidir. Bu, mühüm məqamdır. Ona görə də biz Ermənistan hökumətini öz cəmiyyətini sülhə hazırlamaq üçün fəal şəkildə işləməyə çağırırıq”.
Prezident köməkçisi, həmçinin, vurğulayıb ki, Azərbaycan sülhü təkcə Ermənistan hökuməti və ölkənin baş naziri ilə yox, erməni xalqı ilə bağlamaq istəyir. “Bu səbəbdən biz Ermənistan konstitusiyasının dəyişdirilməsini gözləyirik. Şübhəsiz, bu, daxili məsələdir və biz bu prosesə müdaxilə etməkdən tamamilə çəkinirik”, - o əlavə edib...
Cəmi bir addım. Bəs Paşinyan hökuməti onu atmağa hazırdırmı, atacaqmı və NƏ VAXT? Doğrudur, hakim partiya referendum məsələsini parlamentdən keçirmək üçün 2/3 konstitusion çoxluğa malik deyil. 6 deputat səsi çatmır. Ancaq bu əngəli aşmaq mümkünsüz sayılmaz. Nə barədə ki, zamanında yazmışıq.
Variantlardan biri müxalif fraksiyadan qismən loyal 3-4 deputat tapmaqdır. Digər variant indiki konstitusiyanın 202-ci maddəsində göstərildiyi kimi, 50 + 300 min vətəndaşın (təşəbbüs qrupunun) imzasını toplamaqla parlamentin razılığı ilə bağlı maneəni aşmaqdır. Hər iki variant, əlbəttə ki, siyasi iradə və qətiyyət tələb edir...
Zaman isə əslində revanşistlərə işləyir. Nədən ki, hazırkı “müharibə konstitusiyası” qaldıqca ölkədə radikal-revanşist çevrənin arxayınlığı artır, ayağı daha möhkəm yer tutur, dili bir az da uzanır və cəmiyyətdə hakimiyyətin onunla hesablaşdığı qənaəti güclənir. Paralel surətdə gənclərin beyni zəhərlənməkdə davam edir.
Paşinyana sülh müqaviləsinin imzalanması üçün ayrılmış vaxt limiti isə faktiki bitmək üzrədir. Prosesin məntiqi sonluğunu xarakterizə edəcək həmin yekun addımı indi ondan Azərbaycanla yanaşı, ABŞ prezidenti Donald Tramp da gözləyir. Hər halda, TRIPP layihəsinin uğuru xeyli dərəcədə iki qonşu ölkə arasında sülh müqaviləsinin imzalanmasına bağlıdır...
Düzdür, konstitusiyaya dəyişiklik və ya yenisinin qəbulu Ermənistanın daxili işidir. Amma həm də DEYİL! Birinci ona görə ki, söhbət beynəlxalq hüququn tələbindən və BMT Nizamnaməsindən gedir. İkinci yandan isə ötən ilin 8 avqustunda Ağ Evdə imzalanmış Üçtərəfli Bəyannamə ilə rəsmi İrəvan, Baş nazir bu yöndə konkret öhdəlik götürüb.
Odur ki, Paşinyan buyursun, onu yerinə yetirsin. “Nala-mıxa” vurmasın. Əks təqdirdə, onun cani sələflərinin – Köçəryan-Sərkisyan tandeminin 30 illik sülh oyunu nə ilə bitibsə, yenə eyni nəticə hasil olacaq: növbəti “Dəmir yumruq” qaçılmaza çevriləcək. Azərbaycanın əsas HƏDƏFİ isə bu deyil. Erməni xalqı ilə sülh bağlayıb düşmənçilik səhifəsini qapatmaqdır. Top çoxdan qarşı tərəfdə...