Bakı ilə İrəvan arasında SÜLH SAZİŞİ...
"Bu sazişin imzalanması Brüsselin vasitəçiliyi ilə reallaşacaq"
Məhəmməd Əsədullazadə: "Mövcud vəziyyətdə Ermənistanın manipulyasiya imkanları zəifləyib, Kremlin isə İrəvana ciddi təzyiqlər etməsi onun imkanları xaricindədir"
Şahin Cəfərli: "Yaxın günlərdə Ermənistanda revanşist millətçilərin Paşinyana qarşı etiraz aksiyalarının bərpasını istisna etmək olmaz"
Mübariz Göyüşlü: "Gələcəkdə Praqa bəyanatının daha ciddi sənədlərlə təsdiq olunması və işlək mexanizmə çevrilməsi lazımdır"
Xəbər verdiyimiz kimi, oktyabrın 6-da Praqada Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan görüş çərçivəsində Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər. Təbii ki, bu da öz növbəsində, rəsmi İrəvanın Dağlıq Qarabağa dair əsassız iddialarından geri çəkildiyi anlamına gəlməklə yanaşı, tərəflər arasında sülhün əldə olunmasını sürətləndirəcək amil kimi xarakterizə oluna bilər. Bu, yəni Praqada qəbul olunan bəyannamə Kremlin maraqlarına cavab vermədiyindən, böyük ehtimalla Rusiya oktyabrın 7-də MDB dövlət başçılarının Sankt-Peterburq qeyri-rəsmi zirvə görüşündə Nikol Paşinyana qulaqburması verməyə çalışıb.
Heç kimə sirr deyil ki, Rusiya ilə yanaşı, erməni diasporu da Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında maraqlı deyil. Bununla bağlı axar.az-da yer alan məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Strasburqda Türkiyə vətəndaşları ilə görüşündə məhz bu mövzuya toxunub və Fransadakı erməni diasporunun Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması prosesinə qarşı olduğunu bildirib. Çavuşoğlunun sözlərinə görə, erməni diasporunun üzvləri yaxşı münasibətlərin qurulmasına qarşıdırlar və düşmənçiliyi dəstəkləyirlər.
"Ermənistan 12-14 sentyabr döyüşlərindən nəticə çıxarıb və buna görə də Paşinyan Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıyıb"
Maraqlıdır, belə olan halda Kreml və erməni diasporu sülhün əldə olunmasına hansı formada mane ola bilər? Bu və digər suallarla müraciət etdiyimiz Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, Ermənistan 12-14 sentyabr döyüşlərindən nəticə çıxarıb və buna görə də Nikol Paşinyan Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıyıb: "Bildiyiniz kimi, Avropa İttifaqının vasitəçiliyilə yekun Bəyannamədə Azərbaycanın beş təməl prinsipi, ölkəmizin ərazi bütövlüyü Ermənistan tərəfindən rəsmən tanındı. Demək, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Qarabağ daxil olmaqla bu bəyannaməyə imza atıb. Yeri gəlmişkən, Nikol Paşinyan bir neçə gün bundan əvvəl Qarabağla bağlı verdiyi açıqlamada onun beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanıdığını vurğulamışdı. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan 12-14 sentyabr döyüşlərindən nəticə çıxarıb".
Fransanın Ermənistanın təminatçısı olduğunu vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri əlavə edib ki, dövlət sərhədində Avropa İttifaqının missiyası müşahidə aparacaq: "Azərbaycan bu bəyannaməyə imza atıbsa, demək Nikol Paşinyan Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıyıb. Çünki bundan əvvəl Ermənistanın baş naziri Qarabağ məsələsini ərazi bütövlüyü çərçivəsindən çıxarırdı. O da məlumdur ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında iki bəyannamə imzalanıb. Amma Ermənistan bu bəyannamələrə əməl etmir. Lakin mövcud vəziyyətdə Ermənistan tərəfinin manipulyasiya imkanları zəifləyib".
İrəvanın Kremldən uzaqlaşmaq kursu götürdüyünü deyən Məhəmməd Əsədullazadənin fikrincə, hazırda Rusiyanın Ermənistana ciddi təzyiqlər etməsi onun imkanları xaricindədir: "Bir məqamı da qeyd etmək lazımdır ki, Nikol Paşinyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyində isə rəsmi dəyişiklik olmayıb. Ermənistanın baş naziri Zəngəzur dəhlizində Rusiya hərbçilərinin yerləşdirilməsinə də qarşıdır. Düşünürəm ki, Praqada imzalanan bəyannamədən sonra rəsmi Bakının Ermənistanın Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıdığını rəsmən elan etməsi lazımdır. Ermənistan tərəfi də bu barədə ictimaiyyətinə açıqlama verməlidir. Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Brüsselin vasitəçiliyi ilə reallaşacaq".
"Praqa bəyanatı hüquqi öhdəlik yaratmasa da, orada əksini tapan şifahi razılaşmalar sülhə gedən yolda irəliyə doğru addımdır və sülh müqaviləsinin mətninin hazırlanması üçün müsbət fon formalaşdırır"
Praqa bəyanatının pozitiv hava yaratması baxımından önəmli olduğunu qeyd edən siyasi şərhçi Şahin Cəfərli isə bu qənaətdədir ki, sözügedən sənədin hüquqi bağlayıcılığı yoxdur: "Yəni, altında nə Azərbaycan prezidentinin, nə də Ermənistan baş nazirinin imzası var. Ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınmasının deklarativ də olsa, elanı təbii ki, müsbət qiymətləndirilməlidir. Bu tanımanın BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsi ilə əlaqələndirilməsi Nikol Paşinyanı daxili siyasətdə rahatlatmağa yönəlib. Çünki o, davamlı olaraq "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü məndən əvvəl tanıyıb" deyirdi. BMT Nizamnaməsi isə zatən bütün dövlətlərin üzv olarkən öz imzası ilə təsdiqlədiyi və onu bir növ, "beynəlxalq Konstitusiya" kimi tanıdığı bir sənəddir. Yəni Ermənistanın BMT Nizamnaməsində əksini tapmış müddəaları, prinsipləri qəbul etdiyini söyləməsi yeni bir durum yaratmır".
Şahin Cəfərli hesab edir ki, sərhəddə Avropa Birliyinin mülki müşahidə missiyasının yerləşdirilməsi hər iki tərəf üçün gərəksiz olan hərbi toqquşma riskini azaltmaq baxımından əhəmiyyətlidir: "Belə bir missiyanın bölgəyə gəlişi Ermənistan tərəfinin istəyi idi və Avropa Birliyinin buna razılıq verməsi bir daha ondan xəbər verir ki, Qərb Paşinyanın Ermənistan daxilində öz mövqelərini qoruyub saxlamasında maraqlıdır. Hüquqi öhdəlik yaratmasa da, Bəyanatda əksini tapan şifahi razılaşmalar sülhə gedən yolda irəliyə doğru addımdır və sülh müqaviləsinin mətninin hazırlanması üçün müsbət fon formalaşdırır. Lakin aydındır ki, Rusiya bu prosesdəki liderliyini Qərbə güzəştə getmək istəməyəcək. Bu səbəbdən yaxın günlərdə sərhəddə və ya Qarabağda növbəti provokasiyaların baş verməsini, eləcə də Ermənistanda revanşist millətçilərin Paşinyana qarşı etiraz aksiyalarının bərpasını istisna etmək olmaz".
"Ermənistanın baş naziri üçün durum daha da çətindir, çünki ona daxildən də, xaricdən də çox böyük təzyiqlər edilməkdədir"
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü isə bildirib ki, gələcəkdə Praqa bəyanatının daha ciddi sənədlərlə təsdiq olunması və işlək mexanizmə çevrilməsi lazımdır: "Çünki biz Ermənistanın öz üzərinə düşən öhdəliklərdən yayınmaq cəhdlərinin şahidi olmuşuq. Bundan sonra atılacaq addımlarda, razılaşdırılacaq proseslərdə və sənəd mətnlərində bu fikrin əsas götürləcəyini nəzərə alsaq, çox mühüm bir mərhələnin başlandığını söyləyə bilərik. Prosesdə öndə Avropa İttifaqı, arxada Fransa görünməkdədir. Bölgədəki digər oyunçuların, xüsusən də Rusiyanın buna necə münasibət göstərəcəyi, tərəflərə hansı üsullarla təzyiq etmək istəyəcəyi qarşıdakı günlərdə bəlli olacaq. Ermənistanın baş naziri üçün durum daha da çətindir, çünki ona daxildən də, xaricdən də çox böyük təzyiqlər edilməkdədir". Siyasi şərhçinin fikrincə, bütün bunlara baxmayaraq, problemin həlli istiqamətində daha bir ciddi addımın atıldığını söyləmək mümkündür: "Bundan sonrakı proseslərdə bu məqamın nəzərə alınması bölgədə sülhün, sabitliyin əldə olunmasına mühüm təsir edəcək".
Vazeh BƏHRAMOĞLU