“Bakı Metropoliteni” 14 milyon vergi borcu ilə PREZİDENTƏ MÜRACİƏT ETDİ - ÖZƏL
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcu daha da artıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Bakı Metropoliteni” QSC-nin 01.02.2022-ci il tarixinə qədər vergi borcu 14 098 026 manatdır. 9 noyabr 2021-ci il tarixinə qədər “Bakı Metropoliteni” QSC-nin vergi borcu 12 milyon 974 min 333 manat təşkil edirdi.
Ümumiyyətlə bu iddialar həqiqəti əks etdirirmi? Əgər iddialar doğru deyilsə, Bakı Metropoliteni QSC-nin real vergi borcu nə qədərdir?
Məsələylə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə sorğu göndərdik. Qurumdan "Hurriyyet.az"ın sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ildə vergi orqanı tərəfindən “Bakı Metropoliteni” QSC-nin 2016-2018-ci illəri əhatə edən fəaliyyət dövrü üzrə aparılmış səyyar vergi yoxlaması ilə metronun balansında olan əmlak vergiyə cəlb edilmiş, nəticədə səhmdar cəmiyyətinin əmlakına hesablanmış vergiyə, həmçinin maliyyə sanksiyası da tətbiq edilmiş və üstəlik borcun ödənilməməsi ilə bağlı dəbbə pulu da hesablanmışdır. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti tətbiq edilmiş müvafiq maliyyə sanksiyası və borcun ödənilməməsi ilə bağlı hesablanmış dəbbə pulunun ləğv edilməsi üçün respublika hökuməti başçısına, özünün ali idarəetmə orqanına və vergi xidmətinə müraciət edib:
"Sorğunuza cavab olaraq bildiririk ki, fəaliyyət göstərdiyi 50 ildən artıq müddətdə Bakı Metropoliteninin bütün əmlakının mülki müdafiə obyekti olması səbəbindən nə keçmiş dövrlərdə, nə də müstəqillik dönəmində əmlak vergisi məqsədləri üçün vergitutma obyekti kimi tanınmamasına və bu səbəbdən əmlak vergisi ödəyicisi olmamasına rəğmən 2020-ci ildə vergi orqanı tərəfindən “Bakı Metropoliteni” QSC-nin 2016-2018-ci illəri əhatə edən fəaliyyət dövrü üzrə aparılmış səyyar vergi yoxlaması ilə metronun balansında olan əmlak vergiyə cəlb edilmiş, nəticədə səhmdar cəmiyyətin əmlakına hesablanmış vergiyə həmçinin maliyyə sanksiyası da tətbiq edilmiş və üstəlik borcun ödənilməməsi ilə bağlı dəbbə pulu da hesablanmışdır.
Səhmdar Cəmiyyət respublika hökuməti başçısına, özünün ali idarəetmə orqanına, vergi xidmətinə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edildiyini təsbit edən 149-cu maddəsinin imperativ tələblərini, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyət və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə şərh edilməli olduğunu tələb edən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.11-ci maddəsini və digər hüquqi-normativ aktları rəhbər tutaraq metropolitenin əmlakına hesablanmış əmlak vergisi, tətbiq edilmiş müvafiq maliyyə sanksiyası və borcun ödənilməməsi ilə bağlı hesablanmış dəbbə pulunun ləğv edilməsinə dair ədalətli qərar verilməsini xahiş etmişdir. Bu məsələnin həlli istiqamətində müvafiq işlər aparılır".
Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 1 770 950 768 AZN-dir və qanuni təmsilçisi isə Zaur Hüseynovdur.
YƏHYA