📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı polisindən vətəndaşa “tapmaca” məsləhəti

2022-02-08 11:40:00

Bakı polisindən vətəndaşa “tapmaca” məsləhəti

DİN müraciətləri qəbul edir, amma baxmır...

Daxili İşlər Nazirliyinin Konstitusiyanın 57-ci maddəsi ilə doğrulanan əsas insan və vətəndaş hüquq və azadlıqlarından sayılan müraciət etmək hüququna hörmətlə yanaşmasını müraciətlərin qəbul edilməsində və nazirliyin uyğun qurumlarına yönləndirilməsində göstərilən operativlik ortaya qoyur. 102 telefon xidmətinin digər qaynar xətlərdən fərqli olaraq zəngləri anında qəbul etməsi də DİN-in hüquq mühafizə orqanı kimi önəmindən soraq verir. Düzdür, bir ara 102 də zəng edənləri növbədə gözləməyə vadar etdi, amma tezliklə əhalini “intizarda saxlamaq” metodundan əl çəkdi.

Müraciətləri qəbul etməkdə öndə gedən qurum, nə yazıq, problemləri çözməkdə, bütün ölkədə olduğu kimi, hərəkətsizlik edir. Başqa sözlə, müraciətlər qəbul edilsə də, qanunvericiliyin tələblərinə uyğun olaraq  baxılmır. Hətta 102 xidməti çox hallarda şikayəti DİN-ə aid olmadığı nədəni ilə qeydə almaqdan imtina edir. Halbuki, “Vətəndaşların müraciətləri haqqında” qanunun 7.10 maddəsində  müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxslərinin müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyatı üzrə göndərmələri və bu barədə müraciət edənə məlumat vermələri doğrulanıb. Bu tələb, təbii ki, qanunun 3.0.10 maddəsində göstərilən telefon müraciət xidmətinə - müraciət edənin şifahi müraciətinin qəbulunu, texniki vasitələrin köməyi ilə qeydiyyatını və cavablandırılmasını həyata keçirmək üçün yaradılmış rabitə xidmətinə də aiddir. Bəs niyə telefon müraciət xidmətinə edilən zənglərin qəbulundan, qeydiyyatından “aidiyyət bəhanəsi” ilə imtina edilir?

DİN-ə müraciətlərin qəbul edilməsində başlıca bəhanələrdən öndə gedəni şikayətin “mülki xarakterli” olmasıdır. Təsəvvür edin, Bakı şəhəri, Nizami rayon polis idarəsi 5 ildir Qarabağ qazilərinin etibarından sui-istifadə etməklə onların dərman-çörəkpulu köşklərini ələ keçirib 3 ay başqasına icarəyə verən şəxsin əməlini dələduzluq yox, “mülki” mübahisə sayıb və dələduzu ölkədən qaçırıb! (?)

Bir neçə gün qabaq 102-yə Nizami polisinin, 24-cü PŞ-nin on ildən çoxdur Qarabağ qazisinə verilən Bəhruz Nuriyev -10a ünvanındakı otaqları zəbt edənlərin barəsində şikayəti isə operator qeydə almaqdan “məsləhətlə” imtina edib ki, Ədliyyə Nazirliyinə müraciət edilməlidir. Belə bəlli olur ki, ölkədə müraciətləri ən operativ qəbul edən qurumun özünün də “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Redpublikası Qanunundan ya  xəbəri yoxdur, ya da bilərəkdən qanuna əməl etmir. İkinci ehtimal daha doğru olar, nədən yazılı müraciətlər (yəni elektron qaydada və kağız üzərində edilənlərə) də, başlıca olaraq Bakı şəhəri Baş polis idarəsinin ictimai təhlükəsizlik idarəsinə göndərilir, oradan da müraciətin mahiyyəti göstərilmədən ya aidiyyatı üzrə, ya da məhkəməyə müraciət etməyi bildirirlər.

Bu sətirlərin yazarı Bakı şəhəri, Baş polis idarəsinin ictimai təhlükəsizlik idarəsinin rəisi Sərdar Səfərovun 31.01.2022-ci il tarixli cavabından bir həftədir nə anlaşıldığını tapa bilmir. Hələ ki, DİN-in təcrübəli kriminalistləri susurlar, bəlkə oxuyanlar tapmacanın cavabını tapar deyə, iki cümləlik tapmacanı olduğu kimi təqdim edirik: “ AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ ÜNVANLANMIŞ MÜRACİƏTİNİZƏ BAXILMIŞDIR. BİLDİRİRİK Kİ, MÜRACİƏTİNİZDƏ QEYD ETDİYİNİZ XÜSUSATLARLA BAĞLI AİDİYYƏTİ ÜZRƏ MÜVAFİQ QURUMLARA MÜRACİƏT ETMƏYİNİZ TÖVSİYƏ OLUNUR” . Mən olmayım, siz olun, bu cavabdan nə anladınız? Elə bil, Məleykə xanımın test imtahanında məntiq(siz) suallar qarşısındasan.

Görəsən, bu tapmacanı, test sualını tərtib edən ictimai təhlükəsizlik idarəsi cavabı bilir?

Məğrur BƏDƏLSOY

P.S. Polisin mülki mübahisələrə qarışmaq hüququ və səlahiyyəti yoxdursa, niyə razılaşdırılmış-razılaşdırılmamış  mitinqlərdə başımızda polis zopası çatlayır?