📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda bulvar ərazisində qayıq batdı: Xəstəxanaya aparılanların son durumu açıqlandı - YENİLƏNİB - FOTO + VİDEO

2023-12-22 13:15:02

Bakıda bulvar ərazisində qayıq batdı: Xəstəxanaya aparılanların son durumu açıqlandı - YENİLƏNİB - FOTO + VİDEO

Bu gün səhər saatlarında Xəzər dənizində baş verən hadisə nəticəsində xəsarət almış şəxslər (3 nəfər qadın olmaqla) Kliniki Tibbi Mərkəzə (KTM) hospitalizasiya olunub. 

Hurriyyet.az xəbər verir ki, bununla bağlı KTM məlumat yayıb.

Bildirilib ki, Mərkəzdə onlara zəruri tibbi xidmət göstərilib:

“Hazırda vəziyyətləri stabildir. Gün ərzində ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub”.

***

22.12.2023-cü il tarixində saat 11:16 radələrində “Dəniz Mall”ın yaxınlığında qayıq aşması ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, dərhal hadisə yerinə iki təcili tibbi yardım briqadası göndərilib.

Hadisə nəticəsində dörd nəfər (cinsi qadın) zərər çəkib. Bir nəfərə yerində ilk tibbi yardım olunub. Üç nəfər isə hipotermiya diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və gəmidəki şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində üçü ekipaj üzvü, üçü sərnişin olmaqla altı nəfər vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub.

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.

***

Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı məlumat daxil olan məlumat üzrə DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər.

 

***

Bakıda Bulvar ərazisində gəzinti qayığı batıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı “112” qaynar xətinə gəzinti qayığının batması ilə bağlı məlumat daxil olub.

Dalğıc axtarış xilasetmə əməkdaşları hadisə yerinə cəlb ediliblər.

İlkin məlumata görə, batma təhlükəsində olan vətəndaşlar xilas olunublar.

oxu.az