Bakıda müzakirələr: nazirlərdən MÜHÜM mesajlar
Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində “Qlobal artımın, investisiyaların və bağlantılılığın gələcəyinin formalaşdırılması” mövzusunda yüksək səviyyəli panel müzakirəsi təşkil olunub.
Hurriyyet.media xəbər verir ki, panelə “Euronews”un baş redaktoru Ceyn Vizerspun moderatorluq edir.
Müzakirədə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzoda, Pakistanın federal rabitə naziri Alem Xan, Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmişi, eləcə də Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Şaar iştirak edirlər.
Müzakirənin əsas mövzuları qlobal iqtisadi artım, investisiya imkanları və ölkələrarası bağlantılılığın inkişafıdır.
İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında bildirib ki, Azərbaycan insan kapitalına investisiya yatırılmasına xüsusi diqqət yetirməyi hədəfləyir:
“Enerji transformasiyası və süni intellekti nəzərdə tutan komponentlərə üstünlük verəcəyik. 2027–2030-cu illər bizim üçün xüsusilə önəmli olacaq. Uzunmüddətli maliyyə alətlərinə çıxışa diqqət yetirməliyik. Bu, regional rol baxımından da önəmlidir. İcrayönümlü iqtisadiyyata diqqət yetiririk. Orta Dəhliz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Azərbaycan iqtisadi və maliyyə mərkəzlərini inkişaf etdirmək istəyir. Bu, milli strategiyamızın əsas istiqamətlərindən biridir”.
Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Şaar ölkəsi üçün hazırda ən önəmli məsələnin bağlantıların yenidən qurulması olduğunu deyib:
“Bugünkü Suriya tamamilə fərqlidir. Hər kəslə azad bazar siyasəti həyata keçirmək istəyirik. Biz itirdiyimiz əlaqələri bərpa etməyə çalışırıq. Suriyanın yarısı dağılıb. Bizim hər şeyə ehtiyacımız var. Dünyanın bizə dəstək olacağlna ümid edirik. İnvestorların qanunvericiliklə bağlı çətinliklərinin olmasını istəmirik. Biz yardım axtarmırıq, tərəfdaşlıq etmək istəyirik”.
Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratov isə bildirib ki, ölkəsi sürətlə inkişaf edir:
“Biz insanlara investisiya yaratmağa üstünlük verir. Kapital bazarının yaradılması, investisiyanın 4 dəfə artırıması hədəfimiz var. Özbəkistanı dayanıqlı ölkəyə çevirmək istəyirik”.
Pakistanın federal rabitə naziri Alem Xan isə ölkəsinin coğrafi imkanlarından danışıb:
“Mərkəzi Asiya ilə Körfəz ölkələri arasında əlaqələr Pakistana öz töhfəsini verə bilər. Magistral yollarda infrastruktur qurulub, işlərin 70-80 faizi yekunlaşıb, geri qalan işlər yaxın 3 il ərzində yekunlaşacaq. İnvestisiyalar yeni imkanlar yaradacaq. Pakistan süni intellekt sahəsində də mühüm rol oynaya bilər”.
Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmişi isə bildirib ki, ölkəsinin üstünlüyü 15 texnoloji sahənin qurulmasıdır:
“Dövlətin dəstəyi ilə vergu və gömrük güzəştləri tətbiq olunur”.
Panel müzakirəsi davam edir.