Bakıda qadın keysəriyyə əməliyyatından iki gün sonra öldü
Bakı sakini İrina Əsədullayeva keysəriyyə əməliyyatından iki gün sonra evdə vəfat edib. Onun həyat yoldaşı Rafael Əsədullayev xanımının ölümündə həkim Nəzrin Məmmədovanı günahkar hesab edir.
Musavat.com xəbər verir ki, Rafael Əsədullayevin sözlərinə görə, 22 oktyabrda Yeni Klinikada əkiz övladlarını dünyaya gətirən İrina əməliyyatdan təxminən iki gün sonra evə buraxılıb.
Həkimlər onun vəziyyətinin yaxşı olduğunu bildiriblər. Lakin evə gəldikdən təxminən dörd saat sonra qadının halı qəfil pisləşib və o, həyatını itirib.
Rafael Əsədullayev bildirib ki, həyat yoldaşı evdə olarkən təzyiqi yüksəlib, nəfəs almaqda çətinlik çəkib və qıcolma keçirib. Təcili yardım gələnədək qadının həyatını xilas etmək mümkün olmayıb.
İrina Əsədullayevanın yeni doğulmuş əkiz övladları xəstəxanada küvəzdə saxlanılır.
Rafael Əsədullayev hadisənin səbəblərinin araşdırılmasını, tibbi ekspertizanın nəticələrinin təqdim edilməsini, qadının ölüm səbəbinin müəyyənləşdirilməsini istəyir.
Qeyd edək ki, İrina Əsədullayeva 32 həftəlik hamiləlik zamanı keysəriyyə əməliyyatı ilə doğuş edib. Onun ölümünün dəqiq səbəbi ekspertizanın nəticəsindən sonra məlum olacaq.
Musavat.com qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.