📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BAKIDAKI CƏRİMƏ VƏ TIXAC XƏTLƏRİ... - Şəhəri "bəzəyən” AYNA-nın məqsədi nədir? + FOTOLAR

2026-10-21 19:51:07

BAKIDAKI CƏRİMƏ VƏ TIXAC XƏTLƏRİ... - Şəhəri

Son zamanlar tez-tez AYNA-nın yolların xətlənməsinə on milyonlarla manat pul xərclədiyi barədə məlumatlar yayılır. 5 gün əvvəl bu qurumun həmin məqsədlər üçün daha 21 milyon manat vəsait ayırdığı məlum oldu.

İlk baxışdan yollarda abadlığa, səliqəyə, hərəkətin səmərəli və təhlükəsiz təşkilinə xidmət etməli olan bu iş, təəssüf ki, bir çox hallarda əks effekt verir. Çünki bunun üçün ayrılan pul çoxaldıqca, yollardakı tıxaclar və yeni cərimə mənbələrinə çevrilən əcaib xətləmələr də artır.

Artıq paytaxt Bakıda elə yolayrıcları, elə dairəvi hərəkət nöqtələri və s. var ki, ən savadlı, intizamlı sürücü belə az qalır maşını saxlasın, əlinə xətkeş, kağız, qələm, kalkulyator götürüb hesablasın ki, “cərimə yeməmək” üçün necə, hansı tərəfə hərəkət etməlidir. Beləliklə də, bəzi hallarda AYNA-nın “xətləmə fanatizmi” sürücülərin yolunu, həyatını asanlaşdırmaq, tıxacların qarşısını almaq, hərəkətin təhlükəsizliyini və axarlılığını təmin etmək əvəzinə bütün bunlarıln tam əksini edir...

Ümumiyyətlə, yaxşı olar ki, statistika aparılsın, görək AYNA-nın yeni “xətləmə kampaniyası”ndan sonra Bakıda hərəkətin təşkili yaxşılaşıb, tıxaclar azalıbmı, yoxsa əksinə, daha da artıb?

Üstəlik, cərimə statistikasına da baxmaq olar. Böyük ehtimalla bu statistika göstərəcək ki, tıxaclarda azalma yoxdur, əksinə, artım var. Sürücülərə yazılan cərimələr isə bu xətləmə labirintlərinə görə şübhəsiz ki, daha da artıb. 

Belə olan halda, sual yaranır: AYNA-nın məqsədi nədir?

İndi də bu qurum paytaxtdakı ayrı-ayrı qəsəbələrin daxili yollarında, məhəllələr arasında xətləmələr aparmağa başlayıb. Təəssüf ki, bu cür xətləmələrin də bir qismi onsuz da ideal olmayan hərəkətin daha da məhdudlaşdırılmasına səbəb olur.

Məsələn, Qaraçuxur qəsəbəsində Şərq massivi, əhali arasında isə “dərə” kimi tanınan ərazidə bərbad vəziyyətdə olan yolabütöv xətt - rəsmi adı “1.1 üfüqi nişanlanma xətti” olan xətt çəkilb. 81 saylı marşrut avtobusunun son dayanacağı istiqamətindəki həmin yol bütöv xətlə ikiyə bölünüb. Lakin bu kələ-kötür yolun hər iki tərəfində böyük çalalar var, asfalt örtüyü bir çox hissələrdə bərbad vəziyyətdədir, yolun əsaslı təmirə ehtiyacı var. Bunun üçün avtomobillər sağ zolaqla hərəkət etməkdə çətinlik çəkir və sol zolağa çıxmaq məcburiyyətində qalır.

 

 

Üstəlik, 81 saylı marşrutun son dayanacağı yolun sağ zolağını tamamilə zəbt edir. Burada dayanan avtobuslar qrafikə uyğun olaraq dəqiqələrlə sərnişin gözləyirlər. Bu zaman həmin yolla hərəkət edən avtomobillər avtobusların yanından keçmək üçün bütöv xətti tapdalayaraq sol zolağa çıxmaq məcburiyyətində qalırlar. 

Bir sözlə, bu yoldakı 1.1 üfüqi nişanlanma xəttinin tələblərinə riayət etmək praktikada mümkünsüzdür. Əgər riayət edilsə, böyük tıxac yaranacaq, edilməsə, cərimələr gələcək. Belə yollar paytaxtda kifayət qədər çoxdur, lakin görünür, bu eybəcər durum AYNA-nı qətiyyən maraqlandırmır...

Ümumiyyətlə, əsaslı təmirə ehtiyacı olan bərbad vəziyyətdəki yollara müxtəlif nişanlanma xətləri çəkib hərəkəti daha da çətinləşdirmək hansı marağa, məntiqə uyğundur? Yalnız xətlənmə adı ilə 10 milyonlarla vəsait xərcləməyəmi? Bu gedişlə yaxın zamanda kəndlərdəki torpaq yollara da nişanlama xətləri çəkilsə, buna təəccüblənməyəcəyik. Çünki AYNA-ya belə lazımdır...

Elxan Qüdrətoğlu

“AzPolitika.info”