Bakıdan Afrikaya doğru: Azərbaycan qitədə əlaqələrini niyə genişləndirir?
Azərbaycanın Afrika istiqamətində fəallaşan xarici siyasəti son illərdə həm diplomatik təmasların, həm də beynəlxalq platformalarda əməkdaşlığın genişlənməsi ilə müşayiət olunur. Qarşılıqlı yüksək səviyyəli səfərlərin artması Azərbaycanın Afrika ilə münasibətlərində iqtisadi, diplomatik və parlament kanallarının paralel şəkildə inkişaf etdirilməsinə marağını nümayiş etdirir. Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiqin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini də bu xüsusda dəyərləndirmək olar.
Hurriyyet.media xəbər verir ki, sentyabrın 16-da Pan-Afrika Parlamenti ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Milli Məclisin və QHPŞ-nin sədri Sahibə Qafarova və Pan-Afrika Parlamentinin Prezidenti Fatih Butbiq imzalayıblar. Spiker Sahibə Qafarova bu sənədin iki parlament platforması arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm addım olduğunu diqqətə çatdırıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələrin son illərdə dinamik şəkildə inkişaf etdiyini qeyd edib. Azərbaycanın Afrika qitəsi ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyi bildirilib.
COVID-19 pandemiyası dövründə Azərbaycanın beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan pandemiya ilə mübarizə çərçivəsində 80-dən çox ölkəyə, onların əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, maliyyə və humanitar yardım göstərib, həmçinin post-pandemiya dövründə Afrikada və Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlərində bərpa proseslərinin dəstəklənməsi üçün vəsait ayırıb. Bununla yanaşı, vaksinlərin bərabər paylanması ilə bağlı qətnamənin qəbul olunduğu xatırlanıb.
Qeyd edək ki, Pan-Afrika Parlamenti Afrika İttifaqının əsas institutlarından biri olmaqla, qitə dövlətlərinin parlamentləri arasında dialoqun gücləndirilməsini, ümumi problemlərin müzakirəsini, regional inteqrasiyanı və əməkdaşlığı təşviq edir. Bu baxımdan qurumla təmasların genişləndirilməsi Azərbaycan üçün Afrika ölkələri ilə siyasi dialoqun yeni kanallarından birinin formalaşması baxımından əhəmiyyətlidir. Xüsusilə, Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dövründə Afrika dövlətləri ilə siyasi əlaqələrin intensivləşməsi bu münasibətlərin çoxtərəfli əsasda inkişafına imkan yaradıb. Pandemiya zamanı Afrika ölkələrinə göstərilən maliyyə və humanitar yardım, təhsil və səhiyyə layihələri, həmçinin müxtəlif beynəlxalq təşəbbüslər çərçivəsində əməkdaşlıq Bakının qitəyə münasibətdə yalnız siyasi deyil, humanitar və inkişaf gündəliyini də önə çıxardığını göstərir.
Milli Məclisin deputatı Zaur Şükürov Musavat.com-a şərhində bildirib ki, son illər Azərbaycanla Afrika qitəsi dövlətləri arasında istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvilərdə, xüsusilə də Qoşulmama Hərəkatının müxtəlif platformalarında-Parlament Platforması və Gənclər Platformasında səmərəli əməkdaşlıq davam etdirilməkdədir. Deputat xatırladıb ki, Prezident cənab İlham Əliyev keçən ilin aprel ayında ADA universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Cənubi Afrika Respublikasını təmsil edən nümayəndənin sualını cavablandırarkən ölkəmizin bu regionla münasibətlərinə dair mühüm məqamlara toxundu:
“Dövlət başçısı qeyd etdi ki, ölkəmizin Afrikada çox səfirliyi olmasa da, onların sayı artmaqdadır. Azərbaycan köməyinə ehtiyacı olan Afrikadakı dostlarını hər zaman dəstəkləyib. COVID pandemiyası zamanı dövlətimiz əksəriyyəti Afrika qitəsində yerləşən 80-dən çox ölkəyə maddi və humanitar dəstək göstərib. Azərbaycan müxtəlif vasitələrlə - dövlət vəsaiti hesabına, QHT vasitəsilə, Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) vasitəsilə təhsil proqramlarını, tibbi proqramları dəstəkləyir, Afrikadan olan tələbələrə təqaüdlər verilir. Bununla yanaşı, Afrikada yaxın əlaqələrimizin olduğu bəzi ölkələr üçün investisiya portfelinin hazırlanması da mümkün görünür. Prezidentimizin həmin tədbirdə çıxışındakı digər mühüm məqam da diqqət çəkir. Sitat: “Biz bir çox Afrika ölkəsində səylərimizə çox müsbət reaksiya müşahidə edirik. Bizim Afrika ölkələri ilə daha güclü əlaqələr qurulması istiqamətində xarici siyasətimiz artıq mənim tərəfimdən müəyyən edilib və təsdiqlənib. Faktiki olaraq, bu təşəbbüslə mən çıxış etdim. Bu mərhələdə biz daha fəal olmalıyıq” .
Beləliklə, ölkə başçımızın uzaqgörən və milli maraqlara cavab verən uğurlu xarici siyasət kursu Afrika qitəsi istiqamətində də əlaqələrimizin inkişafında mühüm rol oynamaqdadır. Məhz bunun nəticəsidir ki, son üç il ərzində Azərbaycana həm ikitərəfli səfərlər, həm də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində gələn Afrika liderlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Bu xüsusda, Somali, Keniya, Misir, Ruanda, Anqola, Qana, Qvineya-Bisau, Mavritaniya, Zimbabve, Komor adaları, Madaqaskar, Esvatini, Mavriki və Mərkəzi Afrika Respublikasının prezidentləri, eləcə də Cənubi Afrika regionu ölkələrinin parlament sədrləri və hökumət başçılarının səfərlərini qeyd edə bilərik”.
Deputat, həmçinin, vurğulayıb ki, Afrika qitəsi istiqamətində münasibətlərimizin inkişafı üçün parlament diplomatiyasının da rolu vacibdir:
“Milli Məclisin spikeri Sahibə Qafarovanın, həmçinin, deputatların qarşılıqlı səfərləri, eyni zamanda Afrika qitəsinin parlament platforması olan Pan-Afrika Parlamenti ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bu xüsusda, Pan-Afrika Parlamentinin Prezidenti Fatih Butbiqin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işgüzar səfərini qeyd etmək istərdim.
Sentyabrın 16-da Milli Məclisin sədri Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti Fatih Butbiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı, cari ilin iyul ayında Cənubi Afrika Respublikasında Pan-Afrika Parlamentinin Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransı çərçivəsində qonaqla keçirdiyi görüşü məmnuniyyətlə xatırlayan Milli Məclisin sədri həmin tədbirin yüksək səviyyədə təşkilinə və oraya dəvətə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, Pan-Afrika Parlamenti Afrika qitəsində parlamentlərarası dialoqun təşviqində, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsində və ümumi inkişaf məqsədlərinin irəli aparılmasında mühüm rol oynayır. Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Milli Məclisi Afrika ölkələrinin parlamentləri ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Bu baxımdan parlament diplomatiyasının inkişafı, parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi, siyasi dialoqun möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bütün sadalananlar ölkəmizin xarici siyasət coğrafiyasında Afrika qitəsi istiqamətinin əhəmiyyətinin artması anlamına gəlir. Heç şübhəsiz, əməkdaşlığın inkişafında Azərbaycan Prezidenti cənab İlham Əliyevin heyrətamiz liderliyi ilə gerçəkləşdirilən, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsiplərinə, ədalətə, qarşılıqlı hörmətə əsaslanan, praqmatik xarici siyasət strategiyası dayanır və əminliklə söyləyə bilərik ki, məhz bu siyasi kursun nəticəsində beynəlxalq miqyasda orta güc olaraq dövlətimizin nüfuzu daha da artacaq, ölkəmiz davamlı uğurlara nail olacaq”.