Bakının qərarını heçə sayan Naxçıvanın nazir əvəzi kimin tapşırığını icra edir?
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, naziri əvəzi Elxan Nəcəfov Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qərarını heçə sayaraq Babək rayon Hacıvar kənd tam orta məktəbinin tikintisi üçün “Construction Business Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Bu barədə TNS-ə özəl mənbələrdən məlumat daxil olub.
Halbuki Babək rayon Hacıvar kənd tam orta məktəbi binasının tikilməsi ilə bağlı keçirilən tender müsabiqəsinin nəticəsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ləğv edilib.
Dövlət Xidmətindən TNS-in sorğusuna cavab olaraq bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikası Babək rayonu Hacıvar kənd 456 şagird yerlik tam orta məktəbin tikintisi işləri”nin satın alınması məqsədilə elektron satınalma vasitəsilə keçirilmiş açıq tender prosedurunun nəticəsinə dair Dövlət Xidmətinə təqdim olunmuş yekun protokol 2024-cü il 1 yanvar tarixinədək qüvvədə olmuş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2001-ci il 27 dekabr tarixli 245-IIQ nömrəli Qanununa əsasən təhlil edilərkən prosedur pozuntuları aşkar edildiyindən sözü gedən müsabiqənin nəticəsinin ləğv olunması məqsədə müvafiq hesab edilib.
Məlumata görə, bu işin yerinə yetirilməsi üçün daha aşağı qiymət təklifi verən şirkətlərin olmasına baxmayaraq, Təhsil Nazirliyi ən yüksək qiymət təklifi verən şirkəti - “Construction Business Group” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib. Bu məktəb bunasının tikintisini 3 milyon 100 min, 3 milyon 300 min, 3 milyon 700 min manata həyata keçirməyi öhdəsinə götürən şirkətlər tender müsabiqəsində iştirak ediblər. Ancaq Təhsil Nazirliyi 4 milyon 472 min manat qiymət təklifi verən şirkəti seçib. Halbuki tenderin keçirilməsində məqsəd daha keyfiyyətli iş görən, daha aşağı qiymət təklifi verən şirkətlərin müəyyənləşdirilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə olunmasıdır.
Müsabiqənin nəticəsinin ləğv edilməsinə baxmayaraq, Təhsil Nazirliyi qalib elan etdiyi şirkətlə işləmək qərarına gəlib. Bu isə qanun pozuntusudur. “Dövlət satınalmaları haqqında” Qanunun 14-cü maddəsində Azərbaycan Respublikasında satınalma sahəsində dövlət nəzarətini həyata keçirən nəzarət orqanının səlahiyyətləri öz əksini tapıb. Bu səlahiyyətlər Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə verilib. Dövlət Xidmətinin Əsasnaməsində qeyd olunub ki, qurum maliyyə vəsaiti hesabına satınalma predmetinin satın alınması sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsində iştirak edir, bu sahədə dövlət nəzarətinin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikasının qüvvədə olan qanunları bu sahədə yekun söz demək səlahiyyətini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə verir. Naxçıvanın Təhsil Nazirliyinin Dövlət Xidmətinin qərarını heçə saymasının, özünün qalib elan etdiyi şirkətlə müqavilə bağlamasının bir adı var – özbaşınalıq.
Təhsil Nazirliyinə bir neçə sualla müraciət etmişik.
Qalib elan olunmuş şirkətin tikinti təcrübəsi varmı? Daha aşağı qiymət təklif edən şirkətlərə baxmayaraq, niyə ən yüksək qiyməti təklif edən şirkət qalib elan olunub? Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müsabiqənin nəticəsinin ləğv edildiyi halda nazirlik tender keçirilmədən binanın tikintisi ilə bağlı niyə və necə müqavilə bağlayıb?
Görəsən, nazirlik Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanının qərarını, qanunları heçə saymasının səbəbini nə ilə izah edəcək?
Nazir əvəzi Elxan Nəcəfov necə desin ki, mənə filankəs tapşırdı ki, qanunları poz və müqaviləni imzala. Bu gün təhsil naziri əvəzinə belə qanunsuz tapşırıqlar verən filankəslər çox vəzifəli şəxsi çətin vəziyyətdə qoyub. Nazir əvəzi əmin olsun ki, bu qanunsuzluğun, saymamazlığın səbəbi soruşulanda, tapşırığı verənlər “bizim xəbərimiz yoxdur” deyəcəklər.
Əldə etdiyimiz məlumata görə, binanı tenderdə qalib olan şirkət yox, Naxçıvanda son bir ildə at oynadan, heç bir rəsmi vəzifə daşımayan xüsusi səlahiyyətli şəxsin şirkəti tikəcək. Deməli, inşası 3 milyon 500 min manata başa gələn məktəb binasının tikintisi üçün dövlət büdcəsindən 4 milyon 472 min manat vəsait ayrılacaq. Subpodratçı şirkət isə binanı 3 milyon 500 min manata tikəcək. Bir milyon manatın aqibəti isə necə olacaq, bəllidir.
Naxçıvanın təhsil naziri əvəzi bu işini içindədirsə, sonda ən böyük zərbə ona dəyəcək.
Mövzunu davam etdirəcəyik.