📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Balımız çatmasa, gedək müəllimliyə...” – Pedaqoqluq niyə qeyri-populyar olub?

2026-10-08 10:05:09

“Balımız çatmasa, gedək müəllimliyə...” – Pedaqoqluq niyə qeyri-populyar olub?

“Digər ixtisaslara qəbul üçün kifayət qədər bal toplaya bilməyən abituriyentlər müəllimliyə daxil olurlar. Bu, uzunmüddətli perspektivdə təhsilin keyfiyyəti üçün ciddi problemlər yarada bilər”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib və müəllimlik peşəsinin şüurlu şəkildə seçilməsinin vacibliyini vurğulayıb.

"Müəllimləri məzunların ən yaxşı 20%-dən, 30%-dən, yoxsa 50%-dən seçirik? Yoxsa bir neçə ixtisas üzrə yazıb, onlara daxil ola bilməyən və nəticədə yalnız keçid balı əsasında müəllimlik ixtisasına daxil ola bilənlərdən seçirik?”, - nazir sual edib.

Onun sözlərinə görə, uzunmüddətli perspektivdə bu, təhsil sistemi üçün ciddi problemlər yarada bilər.
Nazir haqlımı? Müəllimlik doğrudanmı Azərbaycanda bunca qeyri-populyar peşəyə çevrilib?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Musavat.com-a deyib ki, Azərbaycanda təhsil sisteminin gələcəyi və sinif otaqlarına daxil olan müəllimlərin hazırlıq səviyyəsi cəmiyyətdə ən çox müzakirə edilən struktur problemlərdəndir:"Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlik ixtisasına qəbul olan abituriyentlərin bilik səviyyəsi və bu sahəni seçmə səbəbləri ilə bağlı fikirləri əslində təhsilimizin fundamental bir məsələsinə toxunur. Beynəlxalq təhsil sosiologiyasında qəbul olunmuş fundamental bir qayda var ondan ibarətdir ki, heç bir təhsil sisteminin keyfiyyəti orada çalışan müəllimlərin səviyyəsindən yüksək ola bilməz. Əgər müəllimlik ixtisası gənclər üçün ilkin hədəf deyil, digər sahələrdən kəsildikdə sığındıqları məcburi ehtiyat plan rolunu oynayırsa, bu, təhsilin gələcəyi üçün ciddi təhlükədir. Belə bir yanaşma uzunmüddətli perspektivdə məktəblərdə keyfiyyətsiz tədrisə və zəif nəticələrə yol açır. Lakin ölkədəki vəziyyətə yalnız bir prizmadan baxmaq mənzərəni tam əks etdirmir. Son illərdə imtahanlarda 500-600-dən çox yüksək bal toplayaraq şüurlu şəkildə müəllimliyi seçən savadlı bir tələbə qrupu formalaşıb. Digər tərəfdən isə xüsusilə regional universitetlərdə keçid ballarının hələ də kritik dərəcədə aşağı qalması zəif abituriyentlərin də bu peşəyə sızmasına şərait yaradır. Mövcud vəziyyət müəllimlik ixisaslarına qəbul olunmaq istəyənlərə münasibətdə qəbul modelinin mütləq dəyişməli olduğunu göstərir".

Fəlsəfə doktoru qeyd edib ki, müəllimlik peşəsinin statusu ölkəmizdə mənəvi hörmət ilə sosial-iqtisadi reallıqlar arasında sıxışıb qalıb:"Tarixən müəllimə böyük dəyər verilsə də, bazar iqtisadiyyatının şərtləri bu peşənin maddi cəlbediciliyini uzun müddət kölgədə qoymuşdu. Bu gün müəllimliyi birmənalı olaraq populyar olmayan sahə saymaq düzgün deyil. İşə qəbul imtahanlarının şəffaflaşdırılması və sertifikasiya əsaslı maaş artımları peşəyə marağı müəyyən dərəcədə canlandırıb. Lakin məktəblərdə müəllimlərin mütləq əksəriyyətinin hələ də qadınlar olması bu sahənin iqtisadi gəlirliliyinin kişilər üçün hələ də yetərli olmadığının bariz göstəricisidir. İstedadlı və yüksək potensiallı gənclər daha sürətli karyera və yüksək qazanc vəd edən İT, maliyyə və mühəndislik kimi sahələrə maraq göstərirlər. Bu uyğunsuzluğun ən böyük səbəbi universitetlərə qəbul zamanı tətbiq edilən mexaniki seçim sistemidir. Abituriyent yalnız test imtahanında topladığı bala uyğun olaraq pedaqoji ixtisasları seçə bilir. Mövcud sistem gəncin uşaqlarla işləmək potensialını, onun nitq mədəniyyətini, səbrini və ünsiyyət bacarıqlarını yoxlamır və yalnız test üsulu ilə biliklərini əsas götürür".

İlqar Orucova görə, dünya miqyasında təhsildə lider olan ölkələrin təcrübəsi isə tam fərqli və ciddi yanaşma tələb edir:"Məsələn, Finlandiyada müəllim hazırlığı proqramlarına qəbul yalnız məktəbi ən əla qiymətlərlə bitirən ilk 10%-lik elitar qrup üçün əlçatandır. Orada tələbələr təkcə akademik testlə deyil, çətin müsahibələr və psixoloji yoxlamalar vasitəsilə seçilirlər. Sinqapurda müəllim olmaq istəyənlər ən savadlı 30%-lik gənclərin arasından seçilir. Dövlət gələcək müəllimlərə təhsil müddətində yüksək təqaüd verir və onların liderlik keyfiyyətlərini ciddi şəkildə sınaqdan keçirir. Cənubi Koreyada isə ibtidai sinif müəllimliyinə qəbul milli reytinqdə ən yüksək 5%-də olan şəxslər üçün mümkündür. Orada müəllimlər ən prestijli dövlət məmuru statusuna və ömürlük iş təminatına malikdirlər".

Müsahibimiz qeyd edir ki, Azərbaycanda təhsil sisteminin dayanıqlı inkişafını təmin etmək üçün müəllimlik ixtisaslarını seçənlər üçün mövcud qəbul mexanizmi köklü şəkildə dəyişdirilməlidir:"Burada ən vacib addım müəllimlik ixtisasına qəbulda yalnız standart test balları ilə kifayətlənməməkdir. Müəyyən edilmiş akademik baryeri aşan namizədlər üçün məcburi qaydada müsahibə və situasiya imtahanları əsasında pedaqoji-psixoloji seçim mərhələsi tətbiq edilməlidir. Bu seçim vasitəsilə gəncin subyektiv bilik səviyyəsini deyil, onun sinif idarəetməsinə və müəllimlik etikasına psixoloji yararlılığını yoxlamalıdır. Eyni zamanda universitetlərdə pedaqoji fakültələrin statusu real imtiyazlarla gücləndirilməlidir. Yüksək balla bu peşəni seçən tələbələrə xüsusi təqaüd proqramları təyin edilməlidir. Gənc müəllimlər üçün güzəştli mənzil təminatı, korporativ tibbi sığorta və regional güzəştləri nəzərdə tutan genişlənmiş sosial paket qanunvericilik səviyyəsində təsbit olunmalıdır. Səsləndirilən narahatlıqlar sistemdəki boşluqları aradan qaldırmaq üçün vacib addımların atılmasını zəruri edir. Hesab edirəm ki, müəllimliyin təsadüfi bir seçim olmaqdan çıxıb, cəmiyyətin ən savadlı insanlarının şüurlu istəyinə çevrilməsi üçün mexaniki qəbul modelindən keyfiyyət və qabiliyyət əsaslı çoxmərhələli seçim modelinə keçid faydalı ola bilər".