BANK KARTLARI İLƏ BAĞLI YENİ QADAĞA - ABA açıqlama yaydı (Yenilənib)
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub.
Hurriyyet.media Oxu.az-istinadla xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib.
Bəzi banklar eyni kateroqiyaya aid kartı vətəndaşlara birdən artıq satmır.
Banklardan bəziləri bu məhdudiyyəti tətbiq etsə də, bəziləri oktyabrın 1-dən satışı dayandıracaq.
Məsələn, vətəndaşın bir aktiv debet kartı varsa, bundan sonra o, eyni valyutada ikincini sifariş verə bilməyəcək.
Qeyd edək ki, fərqli valyutada bir vətəndaş ikinci debet kartı sifariş edə bilir.
***
"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşma ilə bağlı açıqlama yayıb.
"AzPolitika"nın məlumatına görə, açıqlamada deyilir ki, mövcud yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, habelə depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bank tərəfindən təqdim edilən hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada 1 ödəniş kartı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş kartı nəzərdə tutulur.
"Bu o deməkdir ki, bankın təqdim etdiyi ayrı-ayrı kart məhsullarının hər biri üzrə müştəri ayrıca ödəniş kartı əldə edə bilər. Xarici valyutada da eyni yanaşma tətbiq edilir. Elektron pula bağlı ödəniş hesabları üzrə isə baza yanaşması olaraq milli valyutada 2 ödəniş hesabı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş hesabı nəzərdə tutulur.
Qeyd olunan limitlər baza xarakterli olub, risk əsaslı yanaşma çərçivəsində tətbiq edilir və qəti xarakter daşımır. Ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş kartı və ya elektron pula bağlı ödəniş hesabının istifadə məqsədi barədə ağlabatan izahat təqdim edildiyi, həyata keçirilən əməliyyatların təşkilatda ödəniş xidməti istifadəçisi barədə mövcud məlumatlarla uyğunluq təşkil etdiyi, habelə qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda, bank və ya elektron pul təşkilatı tərəfindən konkret ödəniş xidməti istifadəçisi üzrə həmin limitlərin artırılması mümkündür.
Beləliklə, bu yanaşmanın əsas məqsədi ödəniş xidməti istifadəçilərinin ehtiyaclarını məhdudlaşdırmaq deyil, risklərin daha effektiv idarə olunmasını təmin etməklə yanaşı, təhlükəsiz, dayanıqlı, sağlam ödəniş ekosisteminin formalaşdırılmasına töhfə verməkdir", - deyə Assosiasiya bəyan edib.