📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Banklar sahibkarları necə qarət edir?

2024-10-28 23:21:09

Banklar sahibkarları necə qarət edir?

“Bütün kəşflər zərurətdən yaranır”

Fridrix Engels

Cəmiyyətdə ilk bankların yaranması bir çox insanların, ilk növbədə isə sahibkarlıqla məşğul olanların və sahibkarlıqla məşğul olmaq istəyib, lakin bunun üçün maliyyə vəsaitinin olmaması və ya bu iş prosesinin başa çatması üçün yetərli olmaması zərurətindən meydana gəlib. Borc adlanan iqtisadi kateqoriya bəşər övladının insan olaraq şüurlu həyat sürməsinin hələ ilkin mərhələlərindən belə, mövcud olmuşdur. Bu borclar ilkin mərhələlərdə əmək alətləri, ərzaq, paltar və s. kimi natural formada, həm də borcun alındığı miqdar, dəyər və digər ölçülərdə qaytarılması şərti ilə verilib.

Pul meydana çıxıb, əmək bölgüsü genişlənərək manufaktura sexləri kimi kollektiv istehsal vahidləri yaranıb, artdıqca bu istehsal sahələri sahiblərinin vaxtaşırı müxtəlif səbəblərdən və müxtəlif istehsal məqsədləri, tələbatları üçün müvəqqəti əlavə pula ehtiyacları yaranmışdır. Eyni zamanda sahibkarlıq və ticarətlə məşğul olan bir sıra sahibkarlarda da qısa və ya nisbətən uzun müddətə dövriyyədən artıq qalıb, müvəqqəti istifadə edilməyən pul kütləsi yaranmışdır. Belə bir şərait sələmçilərin və sələm kapitalının yaranmasını labüd etmişdir. Hər bir sələm kapitalının sahibi verdiyi borcun qarşılığında borcludan verdiyi pulu, girov olaraq qiymətli əşya, yaxud nəsə almaqla onu sığortalamaqdan başqa, verdiyi pula görə əlavə pul məbləği, yəni sələm faizi də təyin etmişdir.

Fərdi qeyri-leqal sələmçilər bu gün də mövcuddur. Lakin, eyni zamanda, bank olmayan kredit təşkilatları, lombardlar hüquqi şəxs olaraq mövcud olub leqal və qanuni fəaliyyət göstərən, fərdi və kollektiv kapitala sahib olmaqla sələmçilik fəaliyyəti ilə məşğul olanlar da var. Təbii ki, onların fəliyyəti respublika qanunverciliyi ilə tənzimlənir.

Kapitalizm quruluşunun yaranması ilə, xüsusilə ticarətin sürətlə genişlənərək dövriyyələrində çox iri pul kütləsinə yaranan tələbatı həm miqdar, həm də təşkilati baxımdan ayrı-ayrı sələmçilərin ödəyə bilməməsi bankların yaranmasını zəruri etmişdir. Ayrı-ayrı fərdlərdən fərqli olaraq, banklar fiziki şəxs deyil, maliyyə təşkilatı olaraq bir və ya bir neçə kapital sahibini özündə birləşdirən hüquqi şəxs olaraq meydana gəlmişdir.

Banklar yarandıqdan sonra ilk dövrlərdə ancaq faizlə kredit (sələmlə borc – Ş.Q.) verməklə məşğul olsalar da, tədricən inkişaf edərək öz fəaliyyət sahələrini də çoxaltmışdır. Bu gün banklar əhalinin əmanətlərinin faizsiz, faizi ödəməklə, müddətli, müddətsiz qorunmasını, pul köçürmələrini, valyuta mübadiləsini həyata keçirir, fond birjalarının alqı-satqısında fəal iştirak edirlər.

Mən bankların yaranması və bu prosesin ibtidai inkişafı haqqında qısa məlumat verdim ki, bu sahədə bilgisi olmayan oxucuda bəhs edəcəyim məsələnin mahiyyəti barədə obyektiv fikir formalaşa bilsin. Bəhs edəcəyim məsələnin ümumilikdə mənim subyektiv təxəyyüllümün məhsulu olmayıb, faktiki sənədlərə əsaslanan reallıq olması üçün mən Azərbaycanın rayonlarının bir kəndində fermerə verilən bank kreditinin sənədləri əsasında fikrimi izah edəcəyəm.

Heyvandarlıq, daha dəqiq desək, iribuynuzlu mal-qara saxlamaqla məşğul olan fərdi sahibkara bank 2,5 il müddətinə, aylıq 1,8 faiz kredit sələmi ilə 20.000 (iyirmi min) AZN (manat) borc vermişir. 01.01.2024-cü il tarixdə sahibkara verilən borc üçün 31.01.2024-cü il tarixi də daxil olmaqla, 30.06.2024-cü il ərzində hər ay ondan 360 AZN sələm faizi olaraq bank tərəfindən pul alınır. Bu, altı ay ərzində 2160 AZN təşkil edir. Buna əvvəlcədən rəsmən “komissiya haqqı” olaraq 200 AZN də alındığını əlavə etsək, bu məbləğ 2360 AZN təşkil edir. Bu azmış kimi, sahibkara heç bir sənəd təqdim etmədən, ondan əvvəlcədən 1000 (min) manat də bankda hesab açmaq və sığorta adı ilə pul alınır. Yəni vətəndaşa 20 000 AZN kredit verilməsi üçün ondan 1200 AZN pul elə ilk gündən ondan alınaraq, ona faktiki olaraq 18 800 AZN pul verilir. Bundan sonra altı ay müddətində ondan kredit faizi alındığını da buna əlavə etsək, sahibkardan altı ay geriyə alınan pulun ümumi məbləği 3360 AZN təşkil edir.

Dişi dana təxminən 2 yaş civarında buğaya gəlir. Belə dananın da bazarda satış qiyməti 1100-1200 AZN arasında dəyişir. Bankdan 20 000 (iyirmi min) kredit götürən sahibkar 15-16 dana alır ki, bir il yemləyib, qulluq etdikdən sonra onlardan bala alacaq. Onlar balalayandan sonra südünü sataraq kredit faizlərini verəcək, yeni doğulan danalar iki yaşına çatdıqda da onları sataraq kreditini tam bağlayacaq. Sonra ilk sıra aldığı 15-16 dana təsərrüfatını böyütmək üçün kapital olaraq qalacaq. Yəni kənd təsərrüfatı sahəsində hər hansısa mənbədən ona kapital qalmayan kənd sakininin, xüsusilə kəndli gənclərin orta məktəbi və ya hansısa orta ixtisas, ali təhsil müəssisəsini bitirdikdən sonra doğma kəndində qalıb yaşamaq, özünə kənd təsərrüfatının hansısa sahəsi üzrə şəxsi təsərrüfatını quraraq müstəqil yaşamağında bank kreditlərinin ən böyük əhəmiyyəti məhz bundadır. Həm də bu bütün ölkənin kənd təsərrüfatının sürətli inkişafı, ölkəyə xaricdən geni dəyişdirilmiş, insan orqanizmi üçün təhlükəli, zərərli kənd təsərrüfatı mallarının məcburən idxal zərurətini aradan qaldırmaqla bərabər, beynəlxalq xarici valyutanın ixracının əhəmiyyətli dərəcədə azaldılması deməkdir. Üstəlik, kənd təsərrüfatının yüksək səviyyədə inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyini, bu sahədə müstəqilliyinin təminatı deməkdir.

Kənd təsərrüfatının yüksək səviyyədə inkişafının ölkəmiz üçün strateji əhəmiyyəti olan məziyyətləri çoxdur. Təkcə onun millətimizin, ölkəmizin düşmənlərinin bizi çörək ilə imtahana çəkməsinin qarşısını ala biləcək yeganə sahə olduğunu dilə gətirmək, məncə, yetərlidir. Qısa sözlə, banklar həyatımızın təminatının ən əsas sahələrindən biri olan kənd təsərrüfatının sürətli inkişafını təmin edə biləcək və etməli olan “maliyyə aləti”dir. Kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olan sahibkarların bağladıqları kredit müqavilələrinin məzmununa hətta ötəri baxdıqda isə qarşımızda canlanan mənzərə heç də ürəkaçan olmur. Yəni verilən kreditlərin şərtləri sahibkarların öz təsərrüfatını möhkəmləndirib, inkişaf etdirməsinə münbit şərait yaratmaq, onu bankdan aldığı pulla istehsalın heç olmasa bir dövrünü başa vuraraq krediti və onun faizini ödəmək əvəzinə, bank verdiyi pulun bir hissəsini hələ ona pul verərkən alır. Bir hissəsinə müəyyən etdiyi faizi, həm də borc alan üçün o qədər də əhəmiyyətsiz olmayan hissəsini, sahibkarın artıq əmtəə istehsal etdiyi vaxtdan deyil, əmtəə istehsalına hazırlığın zəruri texnoloji olan dövründə alır. Bu da fermeri çox zaman əmtəə istehsalı prosesini başa çatdıra bilmədən aldığı heyvanları sataraq bankın kreditini ödəməyə məcbur edir. Bu halı türk aqillərinin, – “Aldım qoz, satdım qoz, mənə qaldı şaxşaxı” (yəni qozların bir-birinə dəyərək çıxardığı səs – Ş.Q.), deyərək, istehza ilə insanların bu durumunu ifadə etdiyi deyimlə, bir ilə yaxın səmərəsiz zəhmət çəkməyə məcbur qaldıqlarını ifadə edirlər.

Cəmiyyətin şüur səviyyəsinin bu günkündən müqayisə edilməyəcək, ictimai münasibətlərin səviyyəsinin bu günkündən yüzlərlə dəfə primitiv, sadə olduğu bir dövrdə insanaların çıxılmaz, çətin durumlardan çıxarılması zərurətindən yaranaraq, hər iki tərəf - borcverən və borc alana ancaq xeyir gətirən sələm kapitalının sələmlə borc verilməsi şərtləri, XXI əsrin bu günkü yüksək inkişaf səviyyəsi şəraitində vətəndaşlarımızın iqtisadi cəhətdən ayağa duraraq öz zəhməti hesabına normal insan həyatı yaşamaq imkanından əlavə, öz təsərrüfatlarını genişləndirməklə bərabər, ölkənin iqtisadiyyatının ən mühüm sahələrinin də güclənməsini təmin etməyə yönəli məzmun və mahiyyətdə olmalıdır.

(Ardı var)

Şapur QASİMİ