📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Baş nazirin qərarından sonra benzin ucuzlaşmayacaq" - NATİQ CƏFƏRLİ

2024-03-01 14:04:02

"170 illik neftçıxartma və emalı tarixi olan məmləkətimiz hələ də özünü benzinlə təmin edə bilmir"

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib. Bununla bağlı baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bu gündən ölkəyə idxal olunan benzin gömrük rüsumundan azad edilib. Bundan başqa, Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş ölkə ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində dəyişiklik edib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı fikirlərini bölüşən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu qərar aviakerasinə və Aİ-95 və Aİ-98 markalı benzinə aid deyil: "Qərar ancaq Aİ-92 və dizel yanacağına aiddir. Qərar Rusiyanın yanacaq ixracına qoyduğu qadağa ilə bağlıdır. Ölkədə istehlak üçün çatışmayan Aİ-92 və dizel yanacağının böyük hissəsini məhz Rusiyadan alırdıq. İndi başqa ölkələrdən almalı olacağıq, bu daxildə qiymətləri artıra bilərdi. İndi güzəşt tədbiq edilir ki, bahalaşma olmasın".

Natiq Cəfərli əlavə edib ki, baş nazirin qərarından sonra benzin ucuzlaşmayacaq, sadəcə bahalaşmasin deyə belə bir qərar alınıb: "170 illik neftçıxartma və emalı tarixi olan məmləkətimiz hələ də özünü benzinlə təmin edə bilmir. Aİ-95 və Aİ-98 markalı benzin ümumiyyətlə, istehsal edə bilmirik, Aİ-92 istehsalı isə yetərli deyil. Hətta iş o yerə çatıb ki, Aİ-95-in bir hissəsini Gürcüstandan idxal edirik, təsəvvür edirsinizmi?!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az