📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Batan gəmidən daha bir cansız bədən tapıldı – Ölənlərin sayı 20-yə çatdı

2026-10-04 18:39:19

Batan gəmidən daha bir cansız bədən tapıldı – Ölənlərin sayı 20-yə çatdı

Şimali Kiprin Girnə sahillərində batan sərnişin gəmisinin qalıqları ətrafında aparılan axtarışlar zamanı daha bir şəxsin cansız bədəni aşkarlanıb.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikası Baş nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 30-da Girnə sahillərində batan gəmi ilə bağlı dənizin dibində aparılan axtarışlar zamanı bir nəfərin meyiti tapılıb. Meyitin kimliyinin müəyyənləşdirilməsi üçün DNT analizi başlanılıb. Son tapıntı ilə qəza nəticəsində ölənlərin sayı 20-yə yüksəlib. Gəmidə olan 267 nəfərdən 239-u xilas edilib, daha 8 nəfərin taleyinin müəyyənləşdirilməsi üçün axtarışlar davam etdirilir.

Hadisə ilə bağlı istintaq da davam edir. Qəza üzrə saxlanılan şəxslər arasında üç Azərbaycan vətəndaşı – Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətov da var. Onlar gəminin heyət üzvləridir. Hər üç şəxs barəsində ayrıca ittiham irəli sürülməyib.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu bildirib ki, onların gəminin idarə olunması, texniki vəziyyəti və səfərə yararlılığı ilə bağlı əsas qərarları vermək səlahiyyəti olmayıb. Onun sözlərinə görə, azərbaycanlı heyət üzvləri gəmini son mərhələdə tərk edərək sərnişinlərə yardım etməyə çalışıblar.

İstintaq çərçivəsində azərbaycanlılarla birlikdə ümumilikdə 9 nəfər saxlanılıb. Onların barəsində “ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma” istiqamətində araşdırma aparılır. Saxlanılan azərbaycanlıların təqsiri isə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı ilə müəyyən edilməyib.

Xatırladaq ki, “Filo Jet” adlı yüksək sürətli sərnişin gəmisi avqustun 30-da Girnə limanından Mersinin Taşucu limanına hərəkət edərkən qısa müddət sonra ön hissədən su almağa başlayıb. Gəmi limana geri qayıtmağa çalışarkən batıb. Qəza ilə bağlı istintaq çərçivəsində gəminin texniki vəziyyəti, qəzanın səbəbləri və hadisəyə görə mümkün məsuliyyət məsələləri araşdırılır.