"Bayden Trampın siyasətini daha açıq və kobud şəkildə davam etdirməkdədir" - FUAD ÇIRAQOV
"ABŞ üçün bu strateji rəqabətin ünvanı təkcə Çin deyil, həm də Avropadır"
"ABŞ Dövlət katibi E.Blinken Stanford Universitetinə səfəri çərçivəsində çıxış etdi və mətbuata müsahibə verdi. Ötən həftə Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik üzrə ali komissarı Josef Borellin Aİ səfirlərinin illik toplantısında çıxış etmişdi. Əvvəlki statusda həmin çıxış haqqında qısaca yazmışdım. Blinkenin və Borrellin çıxışlarını hazırkı beynəlxalq şəraitdə Qərbin iki xarici siyasət üzrə məsul şəxslərinin baş verənlərə və gələcəyə konseptual yanaşması kimi qiymətləndirmək olar". Hurriyyet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Fuad Çıraqov qeyd edib.

Politoloqun sözlərinə görə, Blinkenin çıxışında əsas məqam o idi ki, “soyuq müharibədən sonra yaranmış dünya düzəninin sona çatdığı” rəsmən elan edildi: "Yəni, heç nə, heç bir şey əvvəlki kimi olmayacaq. Bu oktyabrın 12-də qəbul edilən ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında da açıq şəkildə elan edildi. Blinkenin çıxış etdiyi yer Stanford Universiteti təsadüfən seçilməmişdi. O, çıxışının girişində ABŞ-ın texnoloji üstünlüyünün “milli gücünün əsasında duran əsas elementi” olduğunu və onun saxlanılması üçün hər şeyin ediləcəyini vurğuladı. Yeni Milli Təhlükəsizlik Strategiyasının ilk iki əsas başlıqları da ayrı-ayrılıqda rəqabətə və rəqabət qabiliyyətinin artırılması üçün atılmalı və atılacaq addımlar haqqındadır. Rəqabət qabiliyyətinin özündə saxlanılması üçün artıq ABŞ əməli addımlar atmaqdadır. Bugünlərdə Bayden administrasiyasının bir gecədə Çinin yarımkeçiricilər və süni intellekt sahəsinə qarşı tətbiq etdiyi sanksiya tətbiq etdi. Bu qərar prinsipcə azad bazar və liberal iqtisadi münasibətlər kimi dəyərlərə zidd bir qərardır. Bundan başqa, bu il ərzində elm və texnologiya sahəsində mühüm qanun layihələri qəbul edildi (CHIPS and Science Act). Görünən odur ki, əgər əvvəllər ABŞ texnologiyaların və texnoloji biliklərin dünyada azad şəkildə yayılmasına və diffuziyasına mane olmurdusa, əksinə onu təşviq edirdisə, indi bunun qarşısını almağa çalışacaq və qısqanclıqla yanaşacaq. Bu özünü son illərdə 5G texnologiyalarına münasibətdə də göstərmişdi. Və ya Türkiyənin dron texnologiyalarının ABŞ qanunvericiləri tərəfindən ötən müddətdə müzakirəsi zamanı, belə bir fikir səsləndirilirdi ki, necə və niyə Türkiyə kimi ölkə bu sahədə irəli keçə bilər, keçməlidi, oyun dəyişdirən bir dövlət ola bilməlidir".
Fuad Çıraqov hesab edir ki, ABŞ üçün bu strateji rəqabətin ünvanı təkcə Çin deyil, həm də Avropadır: "Vaxtilə Tramp ABŞ üçün rəqibin təkcə Çin deyil, həm də Almaniya olduğunu göstərirdi. İndi isə görünən odur ki, Bayden Trampın əsasını qoyduğu siyasəti və dediklərini daha açıq və kobud şəkildə icrasını davam etdirməkdədir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az