📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BAYDENİ XATIRLADAN NAMİZƏDLƏR – Dəfələrlə seçilmiş yaşlı deputatlar nədən yerlərini gənclərə vermirlər?

2024-07-17 17:25:45

BAYDENİ XATIRLADAN NAMİZƏDLƏR – Dəfələrlə seçilmiş yaşlı deputatlar nədən yerlərini gənclərə vermirlər?

Hakim YAP-ın irəli sürdüyü deputatlığa namizədlər sırasında indiyə qədər bir neçə dəfə seçilmiş yaşlı və “stajlı” millət vəkilləri də var. Bu sıraya Eldar İbrahimov, Siyavuş Novruzov, Əli Əhmədov və digərləri aiddir. Musa Quliyev deyib ki, siyahıda partiyanın veteran üzvləri var.

Heç kimə sirr deyil ki, YAP-ın namizədlər siyahısında olanların ən azı yarısı, əsas da hazırkı deputatlar “ya zəlzələdən, ya vəlvələdən” yenidən parlamentə düşəcəklər. Bu isə o deməkdir ki, 20-25 ildir parlamentdə gördüyümüz bir çox simalar yenə olduqları yerdə qalacaqlar. Bu adamların bəziləri öz “kreslo məhəbbəti” ilə heç cür vəifəsindən qopmaq istəməyən ABŞ Prezidenti Co Baydeni xatırladırlar. Bəzən hətta Bayden də bizim məlum deputatlardan daha fəal, çevik, enerjili, ən əsası isə faydalı görünür…

Kimsə deyə bilər ki, YAP-ın yenidən sözügedən şəxsləri irəli sürməsi partiyanın yekdil qərarı və seçimidir. Həmin şəxslər isə bu qərara tabe olmaq məcburiyyətindədirlər. Lakin xalq bu adamları yaxşı tanıyır və bu şəxslərin indiyə qədərki davranışları, fəaliyyətləri, vəzifə, kreslo həvəsi onu güman etməyə əsas verir ki, adlarının yenidən siyahıya salınmasında onların şəxsi təşəbbüsləri, maraqları, hətta israrları əhəmiyyətli rol oynayıb. Yəni, bu adamların heç biri könüllü olaraq mandatdan, kreslodan imtina edərək, yerlərini gənclərə vermək istəməyiblər və bəlkə də məhz onların təkid və istəkləri, xahişləri səbəbindən adları yenidən siyahıya salınıb. Yoxsa, heç cür inandırıcı deyil ki, rəsmi üzvlərinin sayı milyonu keçən hakim partiyanın irəli sürəcək gənc, enerjili, savadlı namizədləri yoxdur. Xeyr. Sadəcə, ola bilər ki, köhnə deputatlar keçmiş “xidmətlərini”, “sədaqətlərini”, hakimiyyətdəki əlaqələrini və s. önə çəkməklə, yenidən siyahıya düşə biliblər. Hansı ki, normalda, hakim partiya onların namizədliklərində israr etdiyi halda belə, öz siyasi mədəniyyətlərinə, belə demək mümkünsə, öz abırlarına sığınaraq, heç olmasa bu millətin onları görməkdən “mazol olan” gözlərinə hörmət əlaməti olaraq, növbəti dəfə deputat olmaq şansından vaz keçə, yerlərini gənclərə verərdilər.

Yeri gəlmişkən, bu, təkcə YAP namizədlərinə deyil, özlərini guya müxalifət partiyası sədri adlandıran bəzi digər stajlı, ahıl, yaşlı namizədlərə də aiddir….

Azpolitika.info