📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baydenlə Sinin danışıq masasında hansı kartlar var: Tayvan=dolların ömrünün uzadılması, yoxsa Tayvan=Rusiya, Ukrayna?

2022-03-18 12:30:00

Baydenlə Sinin danışıq masasında hansı kartlar var: Tayvan=dolların ömrünün uzadılması, yoxsa Tayvan=Rusiya, Ukrayna?

ABŞ prezidenti Co Bayden və onun çinli həmkarı Si Szinpin 2021-ci ilin noyabr ayından bəri ilk "tet-a-tet" danışıqları Pekinin Rusiya ilə münasibətləri və Ukraynada müharibə ilə getdikcə qəlizləşən duruma münasibəti ilə bağlı artan narahatlıq fonunda keçməlidir. Hər halda ekspertlər bu fikirdədir. Belə ki, Bayden ilə Sinin cümə günü-martın 18-də saat 13:00-da telefonla danışığı baş tutmalıdır. Ağ Evin açıqlamasına görə, danışıq səbəbi Vaşinqtonun Çinin Rusiyaya hərbi dəstək verməyi nəzərdən keçirə biləcəyi barədə xəbərdarlıqdır.
Məlum olduğu kimi, ABŞ dövlət katibi Blinken daha əvvəl keçirdiyi brifinqdə Baydenin bu çağırışla “Çinin Rusiyanın təcavüzünü dəstəkləmək üçün görəcəyi hər hansı hərəkətə görə məsuliyyət daşıyacağını” və bu addıma görə “cavab verəcəyini, bunun Pekinə baha başa gələcəyinin” açıq mesajını vermək istədiyini söylədi.
"Çin xüsusilə də prezident Putinə təsirini işə salmaq və özünün də dəstəklədiyini dediyi beynəlxalq qayda və prinsipləri müdafiə etmək üçün məsuliyyət daşıyır”, deyə Bayden açıqlamışdı.
Qərb ölkələri və müttəfiqləri işğala görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edərək, onun təcavüzünü pisləsə də, Moskva ilə yanaşı Kiyevlə də yaxın münasibətdə olan Çin bunu etməyib.
Çin diplomatik tərzdə Ukraynanın suverenliyini vurğuladı, eyni zamanda Rusiyanı hər hansı açıq tənqiddən çəkindi və sülh danışıqlarına çağırdı. O, həmçinin Rusiya üçün önəmli olan əsaslı təhlükəsizlik narahatlıqlarının olduğunu və ABŞ-ın Ukraynada gizli şəkildə bioloji silahlar üzərində işlədiyi barədə Rusiyanın iddialarını təkrarladı. İddialar ABŞ və Birləşmiş Millətlər Təşkilatı tərəfindən rədd edildi. Yaranan mənzərədə görünür ki, Çin rus işğalının əvvəlindən "neytral rol" oynamağa çalışdı. Həm Kiyev, həm də Moskva ilə yaxşı münasibətləri olduğunu söyləyərək, tərəf tutmaqdan imtina etdi. O, neytral oyunçu olduğunu və sadəcə dialoqu təşviq etmək istədiyini söyləyir. Lakin eyni zamanda Pekin açıq şəkildə bildirdi ki, Rusiya ilə dostluğunu qoruyub saxlamaq niyyətindədir və onu "sərhədsiz” və “qaya kimi möhkəm” adlandırdı.
Martın 17-də isə Çin XİN sözçüsü Çjao Litzyan təkidlə bəyan etdi ki, Çinin mövqeyi onda uyğunsuzluq olduğunu deyənlərə qarşı ardıcıl və qarşılıqlıdir.
“Əslində Soyuq Müharibədə qələbədən sonra dünya üzərində hökmranlıq edə biləcəklərini düşünərək özlərini aldadanlar, NATO-nun şərqə doğru genişlənməsini digər ölkələrin təhlükəsizlik narahatlıqlarına məhəl qoymadan beş qat davam etdirənlər və digər ölkələri davakar olmaqda ittiham edərkən özləri müharibəni qızışdıranlar əsl “narahatlıq” hiss etməlidirlər”, deyə sözçü jurnalistlərə bildirib.
Pekin Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımla bağlı iddiasını heç vaxt tanımasa da, Çin və Rusiya son illərdə getdikcə daha da yaxınlaşıb. Pekin 4 fevralda NATO-nun genişlənməsinə qarşı çıxış edərək bloku Soyuq Müharibənin yadigarı adlandırdı. Si ilə yaxın münasibət qurmuş kimi görünən Putin, Qış Olimpiya oyunlarının açılışı üçün işğaldan az əvvəl Pekində idi. Bu ikilik 2013-cü ildən bəri 30 dəfədən çox görüşüb.
Beynəlxalq ekspertlər Baydenlə Sinin gözlənilən son danışığında Ağ Ev rəhbəri ilə Pekin liderini Rusiya ilə bağlı mövqeyini açıq biruzə vermədiyinə və Putini işğalçı adlandırmadığına görə "danlayacağını" düşünürlər. Amma bununla belə, vurğulayırlar ki, Çinin Rusiya ilə onsuz da dərin olan iqtisadi əlaqələrini gücləndirmək kimi iddialı məqsədindən uzaqlaşacağı ehtimalı çox azdır.
Çünki Çin Rusiya ilə açıq ticarət etdiyinə görə – o, öz xam neftini, qazını Rusiyadan alır – dolayı yolla Rusiyaya dəstək verir və Çinin Rusiya ilə iqtisadi əlaqələrindən üzdə geri çəkilsə belə, ona arxa çevirəcəyini düşünmək fantaziyadır. Doğrudur, Çin ABŞ-la planlanan danışıqların “səmimi, dərin və konstruktiv” olduğunu və Tayvanla bağlı müzakirənin də nəzərdə tutulduğunu etiraf edib. Elə ABŞ-ın Çini yumşaldacaq və onun "zəif damarını tutaraq", başqa sözlə "sarı simə" toxunaraq ürəyindən xəbər verən məqamı da müzakirə masasına yatırmaqla Pekinlə ortaq məxrəc əldə edəcəyi nüans budur-Tayvan. Çünki Rusiya nəinki Ukraynaya, elə post-sovet məkanına necə özünün qayıtmaq perspektivinin olduğu areal kimi yanaşırsa, Çin də eyni münasibəti Tayvana qarşı bəsləyir. Baydenlə Sinin bu günki söhbətinə də Çinin xarici siyasət üzrə mərkəzi komissiyasının rəhbəri Yan Jieçi ilə ABŞ rəsmisi Ceyk Sallivanla Romada görüşdən sonra qərar verilmişdi. Yan deyir ki, Çinin özünə məxsus olduğunu iddia etdiyi özünü idarə edən adanın da Bayden-Si söhbətinin gündəmində olması ehtimalı var. Xatırladaq ki, Keçmiş dövlət katibi Mayk Pompeonun bu ayın əvvəlində Tayvana səfərindən və ABŞ-ın onu “azad və suveren” bir millət kimi tanıması lazım olduğunu deməsindən Pekin qəzəblənmişdi. Əlbəttə ki, Vaşqinton "Tayvan kartı"nı Çinlə bazarlıq obyekti kimi əlində saxlayır və Rusiyaya münasibətdə bu kartı sözdələşmə mövzusu kimi masaya qoyması gözlənilə bilər. Amma başqa tərəfdən baxdıqda ABŞ-ın "dollar səltənətinin" hələ bir müddət də yıxılmaması üçün Tayvan kartını istifadə etməsi daha məntqlidir, nəinki Rusiyanı bazarlıq masasına qoymaq üçün. Sadəcə ABŞ açıqca dəyişən qlobal maliyyə şərtlərinin dollara təhdid təşkil etdiyini, onun maliyyə hökmranlığına meydan oxuduğunu etiraf etmək istəmir, dünyanın diqqətini buna çəkmək istəmir. Çünki bu etiraf gələrsə ilk addımda dolların etibarlılığının psixoloji imici sarsılacaq. Bu isə dolların hörmətdən düşməsi ucbatından Vaşqintonun qlobal hakimiyyətinin sonu demək olacaq. Odur ki, böyük ehtimalla hazırkı Bayden-Si danışığının bazarlığı Tayvan-dollar üzərindən yürüyəcək. Pekin dəfələrlə ondan qoparılmış Tayvanın zamanı gələndə "ana qucağına", yəni Çinə qayıdacağını səsləndirmişdi. Amma əlbəttə ki, dinc yolla. Könüllü. Görünür zaman gəldi.

Ülviyyə, Hurriyyet.az