Baykalda 7 min illik sirr üzə çıxdı
Rusiyanın Baykal gölü ərazisində aparılan arxeoloji qazıntılar zamanı min illər əvvəl balıq ovu üçün istifadə edildiyi ehtimal olunan qədim daş fiqur aşkarlanıb.
Hurriyyet.net xəbər verir ki, bu barədə "IRK.ru" nəşri məlumat yayıb.
Bildirilir ki, İrkutsk Milli Tədqiqat Texniki Universitetinin və İrkutsk Dövlət Universitetinin alimləri Dmitri Kiçigin və Artur Xarinski tərəfindən araşdırılan ərazidə qazıntılar 2010-cu ildən aparılır. Bu müddət ərzində burada insan qalıqları və çoxsaylı qədim artefaktlar tapılıb.
Ehtimal olunur ki, yaşı 7,5 min ildən çox olan dəfn yeri qədim ovçu və balıqçıların Xotoruk abidələr qrupuna aiddir.
Ən diqqətçəkən tapıntılardan biri uzunluğu cəmi 5 santimetr olan daş balıq fiqurudur. Usta balığın formasını detallı şəkildə təsvir edib, fiqurun ortasında isə onu asmaq üçün deşik açıb. Arxeoloqlar hesab edirlər ki, bu əşya balıq ovu zamanı yem kimi istifadə olunub.
Baykal ətrafındakı digər qədim yaşayış məskənlərində də oxşar artefaktlar aşkarlanıb. Bu tapıntılar bölgənin qədim sakinlərinin belə balıq ovu vasitələrindən əvvəllər düşünüldüyündən ən azı 150 il daha erkən istifadə etməyə başladığını göstərir.