“Bayraktar” istehsalçısı Ukraynada zavod tikəcək
Hurriyyet.az “Yevropeyskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin “Bayraktar” dronlarını istehsal edən “Baykar” şirkəti artıq Ukraynada qeydiyyatdan keçib, layihəsini sənədləşdirib və zavod tikintisi üçün torpaq sahəsi alıb.
Bu barədə məlumatı Ukraynanın Türkiyədəki səfiri Vasili Bondar “RBK-Ukraina”ya müsahibəsində verib. Səfir dron istehsalının Ukraynada reallaşacağına inandığını bildirib.
Səfir deyib: “Bu layihə təkcə siyasi yox, həm də praktiki əhəmiyyətə malikdir. Çünki bu zavodda istehsal ediləcək modellərin böyük bir qisminin tərkib hissələri Ukrayna istehsalı olacaqdır. Bunlar mühərriklər, digər ehtiyat hissələri, təkərlər və bir çox müxtəlif hissələr ola bilər. Həmin hissələr bizdə də yüksək texnologiya ilə istehsal olunur və bu uçan aparatlarda istehsal edilə bilər”.
Qeyd edək ki, bir həftə bundan əvvəl Ukrayna hökuməti zavodun tikintisi barəsində ikitərəfli razılaşmanı təsdiqləyərək ratifikasiya olunması üçün parlamentə göndərib.
Hürr Tərcüman