Bayramov: “Azərbaycanda 150-dən çox Niderland şirkəti aktiv fəaliyyət göstərir”
“Azərbaycan və Niderland arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün geniş potensial mövcuddur. Hazırda iki ölkə arasında 11 saziş mövcuddur, daha 4 saziş üzrə işlər isə davam etdirilir”.
Hurriyyet.net xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə birgə mətbuat konfransında bildirib.
C.Bayramov diqqətə çatdırıb ki, 2025-ci ilin nəticələrinə əsasən, ölkələr arasında ticarət dövriyyəsi 325 milyon ABŞ dolları təşkil edib, lakin bu rəqəm hər iki ölkənin malik olduğu iqtisadi potensialı tam şəkildə əks etdirmir:
“İnvestisiya sahəsinə gəldikdə, illər ərzində Azərbaycan tərəfindən Niderland iqtisadiyyatına 1.3 milyard dollar, Niderland tərəfindən isə Azərbaycan iqtisadiyyatına 0.6 milyard dollar investisiya yatırıb ki, bu da olduqca balanslı bir yanaşmanı nümayiş etdirir. Hazırda Azərbaycanda 150-dən çox aktiv fəaliyyət göstərən Niderland şirkəti mövcuddur. Səfər çərçivəsində keçiriləcək görüşlər və müzakirələr bu iqtisadi əlaqələrin daha da genişləndirilməsi və mövcud potensialın tam reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.