📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“BDU tənəzzül dövrünü yaşayırdı” - Deputat yeni təyinatı alqışladı

2026-11-19 18:54:27

“BDU tənəzzül dövrünü yaşayırdı” - Deputat yeni təyinatı alqışladı

Milli Məclisin deputatı Ceyhun Məmmədov Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunmasına münasibət bildirib.

Modern.az xəbər verir ki, deputat bunun 2026-cı ildə təhsil sahəsində baş verən mühüm dəyişikliklərdən biri olduğunu qeyd edib.

C.Məmmədov Məleykə Abbaszadəni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək ona uğurlar arzulayıb.

Deputat bildirib ki, Məleykə Abbaszadə uzun müddət Dövlət İmtahan Mərkəzinin (DİM) sədri kimi mürəkkəb və məsuliyyətli vəzifənin öhdəsindən ümumilikdə uğurla gəlib. Onun sözlərinə görə, DİM-in fəaliyyətində sistemli iş açıq şəkildə özünü göstərirdi.

Ceyhun Məmmədov BDU-nun son illərdəki fəaliyyətinə də toxunub. O, universitetin zəngin tarixinə baxmayaraq, son illərdə tənəzzül dövrü yaşadığını vurğulayıb.

“Gedənin arxasından danışmamaq prinsipinə sadiq qalaraq bu barədə çox danışmayacağam. Ancaq bu da acı reallıqdır ki, son illər zəngin tarixə malik bu ali təhsil müəssisəsi özünün tənəzzül dövrünü yaşayırdı”, - deputat bildirib.

C.Məmmədov Məleykə Abbaszadənin yeni vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə və BDU-nun yenidən inkişaf mərhələsinə qədəm qoyacağına inandığını ifadə edib. O, universitetin Azərbaycan ali təhsil müəssisələri arasında layiqli yerini tutacağına ümid etdiyini bildirib.

Deputat, həmçinin dünyada təhsil sahəsinin ciddi çağırışlarla üzləşdiyini diqqətə çatdırıb. Onun fikrincə, uğurlu gələcək qurmaq istəyən ölkələr bu çağırışlara cavab verməli, təhsilin inkişafına xüsusi önəm verməlidir.

Ceyhun Məmmədov qeyd edib ki, dünyada təhsilə lazımi diqqət ayırmadan inkişaf edə bilən ölkə yoxdur və ən güclü universitetlər məhz inkişaf etmiş dövlətlərdə yerləşir.

Deputat son günlər Prezident İlham Əliyevin Azərbaycanda keçirilən bir sıra beynəlxalq tədbirlərdə təhsilin inkişafının əhəmiyyətini vurğuladığını da xatırladıb. O, bunun dövlət başçısının təhsil sahəsinə yüksək diqqət və qayğısının göstəricisi olduğunu bildirib və artıq qarşıya qoyulan çağırışlara cavab verməyin vaxtının çatdığını qeyd edib.