“BƏƏ-nin bu təşəbbüsünü alqışlayırıq” - Rəsmi Bakı
“Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Lana Zəki Nusseibehin Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayırıq”.
Hurriyyet.net xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BƏƏ-nin sözügedən məsələ ilə bağlı təşəbbüsünə münasibət bildirərkən deyib.
“Azərbaycan namizədlərin peşəkar keyfiyyətlərinə, diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini vurğulayır.
Ümid edirik ki, bu proses daha güclü, səmərəli və müasir çağırışlara çevik reaksiya verən Birləşmiş Millətlər Təşkilatının formalaşmasına töhfə verəcək nəticə ilə yekunlaşacaq”, - deyə A.Hacızadə bildirib.
Qeyd edək ki, BMT-nin növbəti Baş katibinin seçilməsi ilə bağlı konsensusun formalaşdırılması məqsədilə məsləhətləşmələr davam edir. Bu yaxınlarda BƏƏ dövlət naziri Lana Zəki Nusseibehin namizədliyini irəli sürüb.