Belarus öz təhlükəsizliyinin təminatına Rusiyanı cəlb eləməyə hazırdır
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Belarus hökuməti Rusiya Federasiyasını ölkənin təhlükəsizliyinin təmin edilməsinə cəlb eləməyə hazır olduğunu bildirib. Belarusun Müdafiə naziri Viktor Xrenin bu gün çıxışında deyib: “Belarus öz təhlükəsizliyini təmin eləməyə, o cümlədən, zərurət yarandıqda özünün baş strateji müttəfiqi olan Rusiya Federasiyası ilə birlikdə təmin eləməyə hazırdır”. Onun açıqlamasının videosu BelTa dövlət agentliyinin teleqram kanalında paylaşılıb.
Xrenin deyib: “İstənilən təhlükələrə və çağırışılara reaksiya vermək üçün yaradılmış sistem bizə həm özümüz tərəfindən, həm də zərurət yarandıqda əsas strateji müttəfiqimiz olan Rusiya Federasiyası ilə birlikdə ölkənin təhlükəsizliyinitəmin eləmək imkanı verir. Biz İttifaq dövlətlərinin sərhədlərini müdafiə eləməyə və ən qısa müddət ərzində istənilən istiqamətdə lazımi hərbi qüvvələri yaratmağa hazırıq. Bizi qorxutmaq və əsassız olaraq ittiham eləmək cəhdləri bizi bu vəziyyətə adekvat reaksiya verməyə məcbur edir. Belarusun sərhədləri yaxınlığında qonşular tərəfindən yaranmış hərbi fəallıq gücünə, vasitələrinə və miqyasına görə qətiyyən miqrant böhranı ilə əlaqədar deyil. Belarusun Qərb sərhədlərinin yaxınlığında 15 min nəfərdən çox hərbçi toplaşıb, Hava Hücumundan Müdafiə Sistemləri işə salınıb, Polşa hərbçilərinin və texnikasının yerləşdirilməsi üçün 12 çöl düşərgəsi salınıb”.
Xrenin sözünə davam edib: “Elə təəssürat yaranır ki, qonşularımız, o cümlədən, Polşa öz daxili siyasi problemlərinin həlli çərçivəsində, həmçinin Avropa İttifaqının daxilindəki münasibətlərlə bağlı problemlər fonunda Avropanı da cəlb eləmək istədikləri münaqişə ocağı yaratmağa hazırdır. Bununla bağlı olaraq, “qaynar başlara” öz imkanlarını həddindən artıq qiymətləndirməkdən uzaq durmaları üçün xəbərdarlıq edirik – ultimatum, təhdid və şantaj dili qəbuledilməzdir. Belarusun Silahlı Qüvvələri istənilən hücumlara sərt cavab verməyə hazırdır”.
Hürr Tərcüman